Qərbi Azərbaycanın etnomədəni irsinə səyahət
Sosial həyat

Qərbi Azərbaycanın etnomədəni irsinə səyahət

Mədəniyyət Nazirliyi tərəfindən sentyabrın 3-də Heydər Əliyev Mərkəzinin park ərazisində Qərbi Azərbaycanın etnomədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş olunması məqsədilə "Qərbi Azərbaycanın etnomədəni mühitinə səyahət" adlı tədbir keçirildi. Tədbir çərçivəsində Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendi, gündəlik həyatda istifadə olunmuş məişət əşyalarının, seçilmiş tarixi abidələrin 3D maketləri nümayiş etdirildi. Qərbi Azərbaycan torpaqlarından gətirilmiş tarixi eksponatların sərgilənməsi həm də mədəni irsimizlə əyani tanışlığı təmin etmiş oldu.

Tədbirdə xarici vətəndaşlar da iştirak edirdi. Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli bildirdi ki, bu tədbir həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində irəli atılmış növbəti addımlardan biridir:

"Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında doğma torpaqlara qayıdışın bütün detalları öz əksini tapıb. Cənab Prezident icmanın yeni inzibati binasına gəldi və orada Qərbi Azərbaycana qayıdışımızın anonsunu verdi və eyni zamanda Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını hazırlamağı tapşırdı. Qısa bir vaxtda bu konsepsiyanı hazırlayıb qayıdışımızın bütün detallarını orada əks etdirdik. Ölkə başçımızın çıxışlarında vurğuladığı kimi, soydaşlarımızın öz tarixi torpaqlarına qayıtması onların beynəlxalq hüquqa söykənən haqqıdır və bu, onların təməl hüququdur. Hər bir insan doğulub boya-başa çatdığı ata-baba yurdunda yaşamaq hüququna malikdir. O cümlədən də son 200 ildə indiki Ermənistan ərazisindən tarixi torpaqlarımızdan - Qərbi Azərbaycandan qovulmuş insanların öz yurdlarına qayıdıb orada yaşamaq hüququ var. Qərbi Azərbaycan İcması soydaşlarımız qayıdana qədər bu istiqamətdə mübarizəsini davam etdirəcək.

Qərbi Azərbaycana qayıdış məsələsi artıq beynəlxalq danışıqların predmetidir. Sonuncu Brüssel üçtərəfli görüşündə Prezident Qərbi Azərbaycandan qovulan sonuncu deportasiya zamanı soydaşlarımızın öz ata-baba yurdlarına qayıtması məsələsini gündəmə gətirdi. Artıq Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə müzakirə olunur. Bildiyiniz kimi, son altı ayda Azərbaycan icmasının beş rəsmi sənədi BMT-nin rəsmi sənədi kimi dünyanın 190 dövləti arasında BMT-nin bütün rəsmi dillərində yayılıb və artıq Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli iş gedir.

Tədbir konsert proqramı ilə davam etdirildi. Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən tədbirdə Qərbi Azərbaycandan olan soydaşlarımızın doğma torpaqlara qayıdışının mütləqliyi vurğulandı. Daha sonra Qərbi Azərbaycanın musiqi mədəniyyətinə xas bədii proqramla yekunlaşdı.

Nurlan ABDALOV,

"Respublika".