Qərbi Azərbaycana qayıdışı səbirsizliklə gözləyirik
Digər xəbərlər

Qərbi Azərbaycana qayıdışı səbirsizliklə gözləyirik

XX əsrin bəlası—Deportasiya

Qərbi Azərbaycan əlverişli coğrafi mövqeyi, zəngin yerüstü və yeraltı təbii sərvətləri ilə türk xalqlarına qarşı düşmənçilik mövqeyində dayanan erməni vandallarının daim diqqətini cəlb etmişdir. Tarixin müxtəlif dövrlərində daşnaklar İrəvan şəhərində, Göyçədə, Zəngəzurda, Amasiyada, Dərələyəzdə, Zəngibasarda və digər Qərbi azərbaycanlılar yaşayan ərazilərdə terror hadisələri törətmiş, xalqımızı ata-baba yurdlarından didərgin salmışlar.

 XVIII-XX əsrlərdə xalqımıza qarşı Rusiya və onun Qafqazdakı əlaltısı Ermənistan tərəfindən aparılmış işğalçı siyasət nəticəsində haylar tərəfindən dəhşətli talanlar edilmiş, soydaşlarımız Qərbi Azərbaycanda kütləvi şəkildə qırılmış, torpaqlarımız zəbt edilmişdir.

1877-ci ildə fransalı müxbir Kutulu yazırdı: “Ermənilər öz yurdlarında qorxaq və nadandır, vətənlərinin taleyinə laqeyddirlər”.

Alman səyyahı Alfred Karte “Anadolu eskizləri” əsərində yazırdı: “Demək olar ki, bu əyalətlərdə xalqın özəyi ilə təmasda olan hər bir adam hörmət və məhəbbət bəsləməyə, yunanlara  alçaq nəzərlərlə baxmağa, ermənilərə nifrət etməyə alışır...”.

Terror, şantaj, separatçılıq yolunu seçmiş ermənilər və onların faşist xislətli “daşnaksütyun” partiyası daim Qərbi Azərbaycan əhalisinin faciəsi hesabına öz mənfur məqsədlərinə nail olmuşlar. Son iki əsrdə Qərbi Azərbaycanda soydaşlarımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışlar. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən,  min illər boyu yaşadıqları doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

1813-1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Qərbi Azərbaycan torpaqlarının parçalanmasının, bölünməsinin əsasını qoydu. Qısa bir müddətdə bu siyasətin gerçəkləşdirilməsi nəticəsində ermənilərin kütləvi surətdə Göyçə mahalına, İrəvana, Zəngəzura və digər Qərbi Azərbaycan ərazilərinə köçürülməsi həyata keçirildi.

Birinci Dünya müharibəsindən, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən erməni daşnakları öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən ermənilər Qərbi Azərbaycanda soydaşlarımıza qarşı terror hadisələri həyata keçirdilər, azərbaycanlılar ata-baba torpaqlarından deportasiyaya məruz qaldılar, günahsız insanlar amansızlıqla qətlə yetirildi.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilərin istəyi ilə 1920-ci ildə Zəngəzur və Azərbaycanın bir sıra torpaqları Ermənistan SSR-in ərazisi elan edildi. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya  edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə  əl atdılar. 400-dən artıq azərbaycanlı kəndi ermənilər tərəfindən yandırılıb məhv edildi.

1920-ci ilin əvvəlində Azərbaycanın Qazax qəzasının cənub hissəsində Ermənistanın Dilican qəzası yaradılmışdır. Zəngəzur  qəzasının bir hissəsi Ermənistanın əlində qalmışdır. Qeyd etmək lazımdır ki, XI Qızıl Ordu Ermənistanı işğal edəndən 3 gün sonra, yəni 1920-ci il dekabrın 1-də Rusiyanın təzyiqi ilə Azərbaycan Xalq Komissarları Şurası Dilicanı, Qaraqoyunlu dərəsini və söz-sənət diyarı olan Göyçəni ermənilərə verdi.

Rus-İran müharibəsi nəticəsində İrəvan qalası alındı və xanlığın ərazisi Rusiyanın işğal  zonasına çevrildi. 1828-ci ildə Türkmənçay müqaviləsi bağlandı və İrəvan xanlığının ərazisi çar tərəfindən “erməni vilayəti” adlandırıldı.

SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki ata-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə  şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar.

18 dekabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasına hüquqi-siyasi qiymət verilmişdir.

Nəhayət, 1988-ci ildə ermənilər yenidənqurmanın qanadları altına sığınaraq Azərbaycana qarşı mənfur siyasətinin ən qəddar variantını həyata keçirdilər. 1988-ci ildə Qərbi Azərbaycandakı soydaşlarımız çox böyük amansızlıqla üzləşdi. Ermənipərəst M.Qorbaçovun rəhbərliyi ilə Ermənistandakı 300 minə yaxın soydaşımız məcburən ata-baba yurdlarını tərk etdi, son deportasiyada bir nəfər olsun azərbaycanlı öz doğma yurdunda qalmadı.

Düz 35 ildir ki, Qərbi azərbaycanlılar qaçqın kimi ölkəmizin müxtəlif şəhər, qəsəbə və kəndlərində yaşayırlar. Onlar əmindirlər ki, haqq-ədalət zəfər çalacaq, günlərin birində köç karvanları qəribsəmiş yurd  yerlərinə dönəcəkdir.

24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşü olmuşdur. Tədbirdə ölkə başçısı demişdir: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir, ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər”.

Qərbi azərbaycanlılar səbirsizliklə doğma torpaqlarına qayıdacaqları günü gözləyirlər.

Babək ORUCOV,

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Daxili Nəzarət və Audit şöbəsinin müdiri.