MASALLIDA MƏTBUAT İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI MÜNASİBƏTİLƏ TƏDBİRLƏR
Digər xəbərlər

MASALLIDA MƏTBUAT İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI MÜNASİBƏTİLƏ TƏDBİRLƏR

Masallı şəhərinin Heydər Əliyev Mərkəzində Milli Mətbuat Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə rayonda fəaliyyət göstərən media nümayəndələri və respublikanın aparıcı kütləvi informasiya vasitələrinin cənub bölgəsi üzrə müxbirləri iştirak edib.

Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov mətbuat işçilərini peşə bayramı münasibətilə təbrik edib milli mətbuatımızın şanlı və şərəfli inkişaf yolundan ətraflı söhbət açıb.

Masallı İctimai Şurasının sədri, «Tərəqqi» medalına layiq görülmüş veteran jurnalist Əyyub Mehdiyev uzun illər çalışdığı «Yeni həyat» (Masallı) qəzetinin fəaliyyətindən, jurnalistlərin çətin və şərəfli əməyindən danışıb. «Masallı ziyalıları» İctimai Birliyinin sədri Qardaş Fətullayev, Az.TV-nin xüsusi müxbiri Pərvanə Əliyeva, AZƏRTAC-ın bölgə müxbiri, Əməkdar jurnalist Bağır Əliyev, «Azərbaycan» qəzetinin bölgə müxbiri Seyran Cavadov, «Xalq qəzeti»nin bölgə müxbiri Əli Nəcəfxanlı, "Respublika" qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, AZƏRTAC-ın xüsusi müxbiri İsmayıl Cəfərli, «Yeni həyat» (Masallı) qəzetinin baş redaktoru Əlihüseyn Şükürov, «Asiya.az» xəbər portalının rəhbəri Cəfər Cəfərov, «Cənubun səsi» xəbər portalının rəhbəri Mərhəmət Lələyev, «Yeni həyat» qəzetinin məsul katibi Həsənağa Əliyev və qəzetin xüsusi müxbiri Akif Ağayev bölgədə fəaliyyət göstərən media işçilərinin müstəqilliyə, dövlətçiliyə və xalqa sədaqətlə xidmət etdiklərini, çətin, şərəfli və  məsul vəzifələrin öhdəsindən layiqincə gəldiklərini bildiriblər.

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova möhtərəm Prezidentimizin sərəncamları ilə mətbuatın yubileylərinin qeyd olunduğunu, KİV-lərə birdəfəlik yardımların göstərildiyini, milli mətbuatımızın inkişafında xidmətlərinə görə jurnalistlərin fəxri adlar və medallarla təltif edildiyini bildirib. Masallı rayonunda da hər il mətbuat işçilərinin peşə bayramının yüksək səviyyədə qeyd olunduğunu, media nümayəndələrinin problemlərinin həllinə qayğı göstərildiyini vurğulayan Aybəniz Qafarova  peşə bayramı ərəfəsində 20-dən çox jurnalistin Masallı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə mükafatlandırıldığını bildirib.

 

***   ***   ***

Masallı şəhərinin Heydər Əliyev Mərkəzi və Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan mətbuatının inkişaf tarixi" mövzusunda tədbir keçirilib.

Əvvəl ölkəmizin azadlığı, müstəqilliyi, suverenliyi və torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçən şəhidlərin və şəhid jurnalistlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva qeyd edib ki, ölkəmizdə yüzlərlə qəzet və jurnal fəaliyyət göstərir. "Əkinçi" qəzetinin nəşrə başladığı gün --22 iyul ölkəmizdə  Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Dövlət qayğısı sayəsində mətbuat ölkəmizdə qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü kimi fəaliyyət göstərir.

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva milli mətbuatımızın tarixindən söz açıb. O, qeyd edib ki, 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş «Əkinçi» qəzetinin 1877-ci ilin sentyabr ayınadək cəmi 56 nömrəsi işıq üzü görsə də, milli mətbuatımızın təşəkkülündə onun əvəzsiz rolu olmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizdə azad, müstəqil, demokratik mətbuatın inkişafına misilsiz qayğı göstərdiyini vurğulayan Ə. Tağıyeva mətbuat işçilərinə peşə bayramları münasibətilə səmimi təbriklərini söyləyib.

Sonra Tarix-Diyarşünaslıq Muzeyində Mətbuat Gününə həsr olunmuş sərgiyə baxış keçirilib.

                                                                                                       “Respublika”.