Qərbi Azərbaycan İcmasının rəhbər heyəti
Gündəm

Qərbi Azərbaycan İcmasının rəhbər heyəti "Türk şəhidliyi" abidəsini ziyarət edib

Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 105-ci ildönümü münasibətilə ölkəmizdə silsilə tədbirlər keçirilir.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Qərbi Azərbaycan İcmasının rəhbər heyəti sentyabrın 15-də Şəhidlər xiyabanına gələrək, 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk şəhidliyi" abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri qoyub.

Tarixi hadisə ilə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib: "Sentyabrın 15-i Azərbaycan tarixinin şərəfli günlərindən biridir. Çünki bu tarixdə Bakı şəhəri erməni-bolşevik işğalından azad edilib. Bakının işğaldan azad edilməsi zamanı Osmanlı ordusu 1130 şəhid verib. Bu, Azərbaycan-Türkiyə qardaşlığının tarixi nümunəsidir".

Əziz Ələkbərli əlavə edib ki, Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq əlaqələrini 44 günlük Vətən müharibəsində də gördük.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad olunmasında danılmaz əməyi olan Osmanlı ordusunun qardaşlıq yarımdan bəhs edib.

Türkiyə ilə Azərbaycanın bütün sahələrdə əməkdaşlıq etdiyini vurğulayan Komitə sədri deyib: "Son günlər Ermənistanın şərti dövlət sərhədində və Qarabağ iqtisadi rayonunda təxribatlarına cavab olaraq Türkiyə hər zaman ölkəmizin yanında olduğunu bəyan edib. Bu da o deməkdir ki, Azərbaycana qarşı hər hansı təhlükə olarsa, Türkiyə yanımızdadır".

Qərbi Azərbaycan İcması sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu da 15 sentyabrın Azərbaycanın dövlətçilik tarixində əhəmiyyətli yer tutduğunu bildirib. Deyib ki, qədirbilən Azərbaycan xalqı Qafqaz İslam Ordusunun Bakının işğaldan azad olunması uğrunda verdiyi şəhidləri heç vaxt unutmayıb və bundan sonra da unutmayacaq.

"1918-ci ilin 15 sentyabr tarixi Şuşa Bəyannaməsinə gələn yolun başlanğıcıdır. Əsrlər boyu davam edən Türkiyə-Azərbaycan qardaşlığının XX əsrdə yenidən möhkəmlənməsi XXI əsrin əvvəllərində sıxlaşan münasibətlərə zəmin yaratdı", - deyə deputat əlavə edib.

Xatırladaq ki, 1918-ci ilin bu günü Qafqaz İslam Ordusunun həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Bakı daşnak-bolşevik işğalından azad edilib. Buna görə də 15 sentyabr tarixi Azərbaycan və Türkiyə dövlətləri üçün mühüm hadisə olaraq xatırlanır, hər iki ölkənin tarixində önəmli yerlərdən birini tutur.