Qərbi Azərbaycan İcmasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı dəyirmi masa keçirilib
Siyasət

Qərbi Azərbaycan İcmasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı dəyirmi masa keçirilib

Qərbi Azərbaycan İcmasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı dəyirmi masa keçirilib.

"Respublika" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, soyqırımı qurbanlarının və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Dəyirmi masanı giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qeyd edib ki, bütün azərbaycanlılar kimi Qərbi Azərbaycanda yaşayan azərbaycanlı əhali də törədilmiş soyqırımının ağır nəticələrini öz üzərlərində hiss edib. 1918-ci ilin martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, İrəvan, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetiriblər. Rəsmi mənbələrə əsasən bu soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülüb, on minlərlə insan itkin düşüb. Dinc əhaliyə, ahıllara, qadınlara, hətta körpə uşaqlara belə rəhm edilməyib.

İcmanın İdarə Heyətinin sədri bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli soyqırımı uzun müddət öz gerçək tarixi, siyasi və hüquqi qiymətini almamışdı. Yalnız Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olaraq 26 mart 1998-ci il tarixdə martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalayıb. Ulu Öndər Heydər Əliyevin müdirik siyasətini davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizə uğurlu rəhbərliyi dövründə də soyqırımı cinayətləri elmi cəhətdən daha geniş araşdırılır, alimlər tərəfindən yeni faktlar ortaya qoyulur.

Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru, dosent Vasif Qafarov əsas məruzə ilə “1918-ci il ermənilərin soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatlar” mövzusunda, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov “Qərbi Azərbaycanda soyqırımın nəticələri” mövzusunda, Bakı Dövlət Universiteti Beynəlxalq Ümumi Hüquq fakültəsinin professoru, hüquq üzrə elmləri doktoru Əfsər Sadıqov “İnsanlıq əleyhinə ən ağır cinayət kimi “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya istinadən azərbaycanlıların soyqırımı” mövzusunda çıxış ediblər.

Çıxışlardan sonra Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı keçirilən dəyirmi masanın əhəmiyyətini vurğulayaraq, alimlərə Qərbi Azərbaycanda törədilmiş soyqırımının təfərrüatı barədə suallar verib. Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, tarixçi Səbuhi Hüseynov aparılan müzakirələr zamanı azərbaycanlıların kütləvi şəkildə, xüsusi amansızlıqla qətlə yetirildiklərinə dair tarixi faktlara, arxiv materiallarına əsaslanan bilgiləri dəyirmi masa iştirakçıları ilə bölüşüblər.