Qələbəmizin təcəssümü
Digər xəbərlər

Qələbəmizin təcəssümü

"Bu gün Şuşaya gələn hər bir insan, hər bir azərbaycanlı görür ki, Şuşa Azərbaycan şəhəridir. Əgər belə olmasaydı, Şuşa belə ağır vəziyyətdə olmazdı". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı deyib.

Dünya Azərbaycanlılarının Qurultayı - xarici ölkələrdə yaşayan azərbaycanlıların müstəqil dövlətimizlə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyi ən yüksək səviyyəli tədbirdir. Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II Qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III Qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilmişdir. Ötən il 22-23 aprel tarixlərində Dünya Azərbaycanlılarının V Qurultayı baş tutub. 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirak etdiyi Qurultay Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilib. Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Şuşa şəhərinə yola düşüblər. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilib, "Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr", "Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri" mövzuları müzakirə olunub. Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan Diasporla İş üzrə Dövlət Komitəsinin Qarabağın azad olunmasından sonra ilk böyük görüşü idi və bu görüşün Şuşada keçirilməsi yüksək əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında geniş nitq söyləyərək bildirib ki, biz şəhidlərimizin qanını döyüş meydanında aldıq, qisasımızı düşməndən döyüş meydanında aldıq. Onların qanı yerdə qalmadı, bu, onların yaxınları üçün, qohumları üçün, bütün Azərbaycan xalqı üçün təsəlli verir.

Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı aprelin 22-də işini "Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi" və "Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri" mövzularında panel iclaslarla davam etdirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun moderatorluğu ilə keçirilən panel iclasda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Almaniya Azərbaycanlıları Alyansının sədri, tibb elmləri doktoru Nuran Abdullayev, Gürcüstanın İş Adamları Birliyinin sədri Nəriman Qurbanov, "Sara Xatun" Qadınlar Cəmiyyətinin rəhbəri Simuzər Baloğlanova və Türkiyənin "Star" qəzetinin xarici siyasət yazarı, tədqiqatçı-jurnalist Sevil Nuriyeva çıxış ediblər. Çıxışlar zamanı vurğulanıb ki, bu gün Azərbaycan diasporunun qarşısında böyük vəzifələr dayanır. Diaspor nümayəndələri azərbaycançılıq məfkurəsi əsasında daha sıx birləşməli, sosial şəbəkələrdə fəallığı artırmalı, dünya ictimaiyyətinin diqqətini Qarabağdakı real vəziyyətə, mina probleminə və Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə yönəltməlidir. Daha sonra Qurultay konsert proqramı ilə davam edib. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən konsertdə folklor və rəqs qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri və xanəndələr çıxış ediblər. Zəfər Qurultayının bağlanış mərasimində əvvəlcə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə təltif edilən diaspor nümayəndələrinə "Əməkdar elm xadimi" fəxri adı, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", "Dostluq" ordeni və "Tərəqqi" medallarını təqdim edib.

Zəfərimizin simvolu olan Şuşada keçirilən Zəfər Qurultayı həm də bütün dünyaya bir mesaj oldu. Bununla Şuşanın Azərbaycan yurdu, bütün dünya azərbaycanlılarının mədəni qibləgahı olduğu hər kəsə bəyan edildi.

Nəzrin CAVADZADƏ,

"Respublika".