Qədim yaşayış məskənimiz Xocavəndin yeni növrağı
Siyasət

Qədim yaşayış məskənimiz Xocavəndin yeni növrağı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Cənab İlham Əliyevin prezident seçilməsinin 20 illiyinin tamam olduğu tarixi gündə Azərbaycan xalqına növbəti müjdəsi oldu. Xocavənd şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib. Bizə qürurlu anlar yaşadan bu tarixi hadisələr İkinci Qarabağ savaşında əldə etdiyimiz Zəfərimizin davamı olaraq yüksək dəyərləndirilir.

2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başladı. Sonradan "Dəmir yumruq" adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər edirdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbənin müqəddiməsinə çevrildi. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində həyata keçirilən sürətli döyüş əməliyyatları ilə Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Noyabrın 10-da hərbi əməliyyatlar dayandırıldıqdan sonra Qarabağ ərazisindəki digər şəhər, qəsəbə və kəndlər üzərində də Azərbaycanın suveren hüquqları tanındı, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu.

"Yenə də azad edilmiş torpaqlarda olarkən, bu dağıntıları görərkən bir daha görürük ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmişdir, bizim tarixi irsimizi silmək istəmişdir. Amma buna nail ola bilmədi. Biz bu torpaqlara qayıtmışıq. Qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıtmışıq. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq". Bu fikirləri 2021-ci il martın 16-da Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev deyib.

Özünəməxsus təbii sərvətləri, abidələri ilə qədim yaşayış məskənlərindən sayılan Xocavənd əsrarəngiz gözəlliyə malik diyardır. Rayonun relyefi əsasən dağlıqdır. Qafqaz dağ silsiləsinə aid edilən Kirs, Ziyarət, Ərgünəş, Güllücə, Tuğ və Qaraçuğ dağları ilə əhatələnir.

Qarabağ dağ silsiləsinin cənub-şərq qolları rayonun ərazisində dağətəyi düzənliyə çevrilir. Bu dağların çox hissəsi palıd, cökə, fıstıq, vələs meşəsi ilə örtülüb. Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində qədim Şərq çinarı təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində respublikanın "Qırmızı kitab"ına daxil olmuş III dövrün relikt növünə aid, orta diametri 24 santimetr, hündürlüyü 12 metr, yaşı 100 ildən artıq olan azat ağacları da mühafizə edilirdi. Özünəməxsus təbii sərvətləri olan Xocavənddə ehtiyatları 2 milyon 34 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Ediş, ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı, yeraltı şirin su yataqları, Köndələnçay, Xonaşen və Quruçay çayları var. Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə, Kuropatkin adlanan ərazisində 6 min hektara qədər ərazidə olan ağaclar qırılaraq məhv edilib.

Azərbaycan xalqı yeniliyə, müasirliyə açıq olduğu qədər öz tarixinə, adət-ənənələrinə, milli və dini dəyərlərinə də son dərəcə bağlılığı ilə seçilir. Bu gün Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində olduğu kimi, Xocavənd rayonunda da möhtəşəm bərpa-quruculuq işləri həyata keçirilməkdədir. Erməni işğalı dövründə tamamilə dağıdılmış, yerlə-yeksan edilmiş qəsəbə və kəndlərimiz yenidən qurulur, bu torpaqlara həyat qayıdır.

Yurd-yuvasından didərgin düşmüş xocavəndlilər respublikanın 36 şəhər və rayonunda məskunlaşıblar. Xocavəndlilərin ən böyük arzusu doğma yurdlarına qayıtmaqdır. Onlar 27 ildir ki, yurd həsrəti ilə yaşayır, doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı Xocavəndin yeni növrağı başlayır.

Mustafa KAMAL,

"Respublika".