Qəbələ: Uşaq hüquqlarını birlikdə qoruyaq!
Region

Qəbələ: Uşaq hüquqlarını birlikdə qoruyaq!

20 Noyabr Beynəlxalq Uşaq Hüquqları Günüdür

BMT-nin Baş Assambleyası tərəfindən 1956-cı ildən bütün dövlətlərə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bu bayram dünya uşaqlarının əmin-amanlığının təmin olunmasına istiqamətlənib. Baş Assambleya öz qətnaməsində bəyan edib  ki, Uşaqların Ümumdünya Gününün ümumi bayram kimi qeyd edilməsi millətlər arasında həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək.

BMT 1959-cu ilin 20 noyabrında "Uşaq Hüquqları Bəyannaməsi", 1989-cu ildə isə "Uşaq Hüquqları Konvensiyası"nı qəbul etmişdir.

1989-cu ildən 193 ölkə tərəfindən ratifikasiya edilmiş UHK demək olar ki, bütün dünyada qəbul edilib.

Ölkəmizdə uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzində olmaqla

onların problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Uşaqlara qayğının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının da diqqətinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu il Azərbaycan Respublikasında "Uşaq ili" elan edilmişdir. Uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikası bir sıra beynəlxalq müqavilələrə qoşulmuş və milli qanunvericilik bu sahədə təkmilləşdirilmişdir. Əvvəlki illərdə olduğu kimi, bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr - 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində ölkəmizdə "Uşaq hüquqları aylığı" elan edilmişdir.

Bu münasibətlə Qəbələ Rayon İcra Hakimiyyətinin və rayon  uşaq və ailələrə dəstək mərkəzinin təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqlarını birlikdə qoruyaq” adlı tədbir keçirilmişdir. Rayon icra hakimiyyətinin, rayon uşaq və ailələrə dəstək mərkəzinin, təhsil sektorunun, polis şöbəsinin və qeydiyyat şöbəsinin nümayəndələrinin qatıldığı tədbirdə şəhər 5 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir. Tədbirin keçirilməsində əsas məqsəd BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş Uşaq Hüquqları haqqında Konvensiyanın ildönümü, 20 May -Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir. Tədbirdə çıxış edənlər Respublika  Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında “insan hüquq və azadlıqlarının müdafiəsini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəaların uğurla həyata keçirildiyini şagirdlərin diqqətinə çatdırmışlar.

Mikayıl NƏRİMANOĞLU,

“Respublika”.