Faciə qurbanlarının xatirəsi yad edildi
Region

Faciə qurbanlarının xatirəsi yad edildi

Xocalı soyqırımı. Əsrin faciəsi, tariximizin ən qanlı səhifəsi. Onun xalqımıza vurduğu yaralar əsrlər keçsə də, sağalmayacaq, yada düşdükcə qövr edəcək. Onu unutmağa isə sadəcə haqqımız yoxdur. Hər il keçirilən anım tədbirləri də bunu təlqin edir: Xocalı sağalmayan yaramızdır...

 

Mingəçevir 

Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdən öncə iştirakçılar Mingəçevir Şəhidlər Xiyabanında Soyqırım abidəsi önünə tər gül dəstələri qoyaraq böyük ehtiramla anıblar.  Sonra tədbir şəhər icra hakimiyyətinin müşavirə zalında davam edib. Mərasimdə Mingəçevirdə məskunlaşmış xocalılıların bir qrupu ilə yanaşı, şəhər icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak ediblər. Tədbiri şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov açaraq qeyd edib ki, xalqımızın qan yaddaşına ən ağır faciə kimi yazılan Xocalı soyqırımından artıq 31 il keçir.

Tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin Mingəçevirdəki səlahiyyətli nümayəndəsi Zahir Usubov, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, "Mingəçevir" qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov,  Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri İB Mingəçevir filialının sədri Əlağa Bəndəliyev çıxış ediblər.  Çıxışlarda Xocalı hadisələrinə dair fikirlər səsləndirilib.

 

Ağstafa

Ağstafa RİH başçısı aparatının konfrans zalında keçirilən tədbirdə Seymur Orucov, müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə RİH başçısı qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri və onların havadarları tərəfindən törədilmiş Xocalı qətliamı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş dəhşətli cinayət idi. Tədbirdə digər natiqlər, erməni faşizminin qanlı əməli kimi XX əsrin ən böyük bəşəri cinayətlərindən olan Xocalı soyqırımı haqqında geniş məruzələrlə çıxış ediblər.

Ağstafa şəhərinin mərkəzində Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa olunmuş Memorial Abidə Kompleksi ziyarət olunub.

Memorial Kompleksin səkkizguşəli ulduzunda alovlanan məşəl önünə əklil qoyulub, aypara abidəsi üstünə qızılgül və qərənfillər düzülüb. Şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri dərin ehtiramla yad edilib.

 

Tovuz

Tovuz rayon Nizami adına Mədəniyyət evində Tovuz Rayon İcra Hakimiyyətinin və Ağstafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsinə həsr olunmuş rəsm və kitab sərgisi ilə tanış olublar.

Xocalı soyqırımı zamanı həlak olan vətəndaşlarımızın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Tovuz rayon xalq teatrının və incəsənət ustalarının hazırladığı "Xocalı - Sağalmaz yaram" adlı ədəbi-bədii kompozisiya tamaşaçılara təqdim edilib.

Tədbirin sonunda "Xocalı - bir millətin kədəri" adlı film nümayiş olunub.

Bərdə

Xalqımızın nümayəndələrinin yaşadığı digər məkanlarda olduğu kimi, Bərdə rayonunda da Xocalı qurbanlarının əziz xatirəsi anılıb. Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Bərdə şəhərinin  "Qəhrəmanlar parkı"nda rəmzi məşəl kompleksi önündə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev, aparatın məsul işçiləri, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, rayonun digər idarə, müəssisə və təşkilatlarının rəhbərləri və fəalları, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.

Tədbirdə Xocalı faciəsi qurbanlarının və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, Xocalı qurbanlarının xatirəsinə rəmzi məşəl önünə tər gül dəstələri düzülmüşdür.

 

Şabran

Son 200 ildə Azərbaycan xalqı dəfələrlə erməni-daşnak millətçilərinin təcavüzünə - etnik təmizləmə, deportasiya, terror və soyqırımı aktlarına məruz qalmışdır. Xalqımıza qarşı qaniçən ermənilər tərəfindən dəfələrlə kütləvi qırğınlar törədilmişdir. Azərbaycanlılar öz doğma, tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmişdir. Bu kütləvi qırğınların ən dəhşətlisi Xocalı soyqırımıdır. Xocalıda törədilən qanlı terror tariximizin ən acı səhifələrindəndir. Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixində ən qorxulu kütləvi terror aktlarından biridir. Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi.

Bu fikirlər Şabran Tarix-diyarşünaslıq muzeyində keçirilən Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş "20-ci əsrin dəhşətli faciəsi - Xocalı soyqırımı" adlı tədbirdə səslənmişdir.

Tədbirin sonunda Şabran şəhər S.Zülfüqarov adına 3 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.

 

Astara

XX əsrin dəhşətli qanlı faciəsi olan Xocalı soyqırımının ildönümü ilə  əlaqədar Astara şəhərində anım mərasimi keçirilib.

Tədbirdə qeyd olunub ki, Xocalı faciəsi  bəşər tarixində analoqu olmayan qanlı soyqırımı, yaddaşlara həkk olunmuş acı kədər, dərin bir üzüntüdür. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə keçmiş SSRİ-yə məxsus, tərkibi erməni zabitlərindən və əsgərlərindən ibarət olan 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərinə silahlı hücum edilib. Qaniçən düşmən tərəfindən qədim Xocalı yer üzündən silinib, əhalisi dəhşətli soyqırımına məruz qalıb.

Anım mərasimində Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri, müharibə iştirakçıları, qazilər və şəhid ailələrinin üzvləri  iştirak edib.

 

Laçın

Laçın Rayon İcra Hakimiyyətində "Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə tanıdılmasında rolu" mövzusunda dəyirmi masa keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, adları ehtiramla anılıb.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev çıxış edərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovetin bədnam 366-cı alayın hərbi texnikaları və canlı qüvvəsi ilə Xocalıda dinc azərbaycanlılara qarşı qəddarlıqla qətliam törədiblər.

Dəyirmi masada çıxış edənlər Xocalı faciəsi ilə bağlı acı xatirələrini danışaraq qeyd ediblər ki, ulu öndər Heydər Əliyev tərəfindən Xocalı soyqırımının dünya ictimaiyyətinə və dünya dövlətlərinə tanıdılması istiqamətində çox mühüm işlər görülüb, bu faciəyə hüquqi-siyasi qiymət verilib, soyqırımla bağlı hüquqi baza yaradılıb. Ölkə başçısı İlham Əliyevin Xocalı faciəsinin əsl mahiyyəti və erməni terrorizminin acı nəticələri ilə bağlı beynəlxalq aləmdə apardığı siyasət öz bəhrəsini verir. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" kampaniyası çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 2008-ci ildən başlayaraq "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində bütün dünyada yüzlərlə aksiya keçirilib. Bu kampaniya sayəsində bir sıra dövlətlər Xocalı soyqırımını tanıyıb.

"Respublika".