QAYIDIŞ REALLIĞA ÇEVRİLƏCƏK
Digər xəbərlər

QAYIDIŞ REALLIĞA ÇEVRİLƏCƏK

Hər il 24 dekabrda yeni, xoş, gözəl bir hadisənin şahidi oluruq. Bu dəfə də cənab Prezident Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə yaxından tanış oldu və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü. Dövlətimizin başçısının geniş, dərin məzmunlu nitqində səslənən fikirlər xalqımızın tarixində yeni bir eranın başlandığından soraq verdi. Tarixi və əzəli torpaqlarımıza - Qərbi Azərbaycana qayıtmaq arzusu qəlblərdə xoş, müqəddəs duyğular oyatdı.

Otuz il ərzində işğal etdikləri torpaqlarımızı viran qoyub daşı daş üstə qoymayan ermənilər həmin vandalizmi Qərbi Azərbaycanda ata-baba yurdlarımızda da törədiblər. Onlar əcdadlarımızın əsrlər boyu yaratdığı mədəni və mənəvi sərvətləri dağıdaraq məhv ediblər.

Həqiqət odur ki, 1920-ci ildə erməni millətçilərinin təkidi ilə sovet hökuməti tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bədnam qüvvələr çalışırdılar ki, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırsınlar. Onların bu addımı xalqımıza çox böyük ziyan vurdu.

Hələ bu azmış kimi, xalqımız növbəti dəfə 1948-1953-cü illərdə deportasiyaya məruz qaldı. Bu da keçmiş sovet dövlətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törətdiyi növbəti haqsızlıq, ədalətsizlik, görünməmiş cinayət idi.

Bu, son hədd deyildi. Mənfur düşmən havadarlarına arxalanmaqla 1980-ci illərin sonlarında ümummilli lider Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edib Qarabağda və Ermənistanda yaşayan soydaşlarımızı ata-baba yurdlarından didərgin saldı. O vaxt Ermənistanda, 300-dən çox şəhər və kənddə yaşayan həmyerlilərimiz zorla, işgəncə ilə ata-baba ocaqlarından qovuldu. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı.

İndi o tarixi torpaqlarımızda bir nəfər belə azərbaycanlı qalmayıb. Dünyanın gözü qarşısında baş verən bu qanunsuz, amansız deportasiyaya beynəlxalq ictimaiyyət susdu. İkili standartlar üzündən dünyanın məşhur gücləri özlərini görməzliyə vurdular.

Qərbi Azərbaycan tarixi torpağımızdır. Bunu ulu tariximiz, arxiv sənədləri, xəritələr təsdiqləyir. Əsrlər boyu indiki Ermənistan ərazisində azərbaycanlılar yaşayıb. XX əsrin əvvəllərinə aid xəritə sübut edir ki, Qərbi Azərbaycan Azərbaycan torpağıdır, şəhər və kənd adları da bizə məxsusdur.

Bütün bu həqiqətləri beynəlxalq aləmə, dünya ictimaiyyətinə çatdırmalıyıq. Ən önəmli məsələlərdən biri dediyimiz tarixi faktları, sübutları, həqiqətləri hər bir xarici dövlətdə onların öz dilində yaymalıyıq. Bu məsələ daha səmərəli, effektiv qaydada həllini tapmalıdır.

Möhtərəm Prezidentimiz görüşdə bu mühüm, vacib problemə toxunaraq məsləhətlərini, tövsiyələrini verdi. Qeyd etdi ki, Qərbi Azərbaycan icması bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparmalıdır. Həmçinin, icmanın xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirməlidir. Xarici ölkələrin siyasi dairələri, qanunvericilik orqanları və kütləvi informasiya vasitələri ilə təmaslar qurulmalıdır.

Hüquqi müstəvidə bütün lazımi tədbirlər görülməlidir. Bu işə beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Xalqımızın qayıdış istəyi, haqlı, qanuni tələbi və hüquqları beynəlxalq müstəvidə həllini tapmalıdır.

Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış çağırışı qarşıda duran əsas məqsədlərdən biridir. Dövlətimizin başçısının görüşdə dediyi kimi, "biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır. Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur. Biz bunu bilirik. Biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar. Azərbaycanlıların yaşadıqları yerlərin əksəriyyətində heç kim yaşamır. Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür. İnsanlar oradan gedir. Həm təbii artım yoxdur, eyni zamanda, dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik. Ona görə biz Qayıdış Konsepsiyası üzərində işləməliyik. Bu, çox sanballı sənəd olmalıdır".

Prezident İlham Əliyev çıxışlarında mütəmadi olaraq qeyd edib ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Bu tarixi biz yaxşı bilirik. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı - bütün bunlar bizim tarixi torpaqlarımızdır.

Möhtərəm Prezidentimizin görüşdəki dərin məzmunlu nitqi ümidlərimizi, əminliyimizi daha da artırır. Gün gələcək, biz Qərbi Azərbaycan torpaqlarına - doğma yurdumuza qayıdacağıq. O gün isə uzaq deyil. Çünki biz Prezidentimizə inanır və onu dəstəkləyirik. Cənab Prezidentimiz isə nəyi, necə və nə vaxt edəcəyini hamıdan gözəl bilir.

Azad ABDULLAYEV,

Astara Pedaqoji Kollecinin müəllimi,

qabaqcıl təhsil işçisi.