Qarabağda möhtəşəm layihələr icra olunur
Region

Qarabağda möhtəşəm layihələr icra olunur

Tarixi və şanlı qələbə ilə başa çatan İkinci Qarabağ müharibəsində ən ağır, ən şiddətli döyüşlər Füzuli istiqamətində gedib. Mənfur düşmən otuz ilə yaxın müddətdə bu yerlərin demək olar ki, hər metrində müdafiə xətləri, istehkamlar, yeraltı sığınacaqlar, dərin xəndəklər və digər maneələr quraraq ərazini başdan-başa minalamışdı. Buna baxmayaraq, ermənilərin və havadarlarının güvəndiyi bu istehkamları, müdafiə xətlərini yarıb keçmək ordumuzun qəhrəmanlığı və fədakarlığı sayəsində mümkün oldu. Bu torpaqlara şəhid qanı tökülüb, onun hər qarışı bizim üçün müqəddəsdir.

Düşmənin dağıdaraq xarabalığa çevirdiyi Füzuli şəhəri bünövrədən qurulur, çox əhəmiyyətli və nəhəng infrastruktur layihələr icra olunur. Bölgədə və dünyada analoqu olmayan Füzuli hava limanı səkkiz aya ən müasir səviyyədə inşa edilərək istifadəyə verilib. 2021-ci il oktyabrın 17-də xalqımız Füzuli rayonunun işğaldan azad edilməsinin birinci ildönümünü qeyd etdi. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər etdilər. Səfər çərçivəsində rayonda bir sıra önəmli layihələrin təməli qoyuldu, ictimaiyyətin nümayəndələri ilə görüş keçirildi. Həmin görüşdə dövlətimizin başçısı İlham Əliyev bildirib ki, həm işğal dövründə, həm müharibə dövründə bütün təzyiqlərə, bütün bəyanatlara baxmayaraq, bizim qabağımızda heç bir qüvvə dayana bilmədi. Biz Ermənistan ordusunu darmadağın etdik, erməni mifologiyasına son qoyduq. Bütün dünyaya sübut etdik ki, "yenilməz Ermənistan ordusu" nəyə qadirdir və bütün dünyaya xalqımızın böyüklüyünü nümayiş etdirdik. Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır.

Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli şəhərinin təsdiq edilmiş Baş Planına uyğun olaraq düşmənin yaratdığı xarabalıqların yerində infrastruktur qurulur, yaşayış binaları inşa edilir. Hazırda Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Füzuli şəhərində ilk yaşayış məhəlləsi inşa olunur. Binalar 3-4, 5-6, 7-8 mərtəbəli olacaq, eləcə də, fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulur. Hazırda tikilən binalar isə dörd-beş, bəzi hissələrdə altımərtəbəlidir. Memarların qənaətinə görə, yaşayış binaları həm ənənəvi, həm də bir qədər sərbəst üslubda tikiləcək. Binaların planında, görünüşündə, onların ərazidə yerləşdirilməsində də bir fərqlilik və sərbəstlik var.

Baş Planda nəzərdə tutulan proqnozlara görə, Füzuli şəhərində inşa ediləcək yaşayış binalarına təqribən 23-24 min nəfər keçmiş məcburi köçkün köçürüləcək. Ümumilikdə, Füzuli şəhərində inşa edilməsi nəzərdə tutulan mənzil fondu isə adambaşına 25 kvadratmetr olmaqla hesablanıb. Bu, o deməkdir ki, 50 min nəfər əhali üçün 1,5 milyon kvadratmetr mənzil fondu olacaq. Fərdi evlər üçün ayrılan torpaq sahəsi isə ilkin olaraq ailə üzrə 12 sotdan hesablanıb. Qeyd edək ki, Füzuliyə qayıdış və məskunlaşdırmaya hazırlıq prosesi 4 mərhələdə həyata keçiriləcək. Birinci mərhələ 2026-cı ilə qədər, ikinci mərhələ 2026-2030-cu illər, üçüncü mərhələ 2030-2035-ci illər və nəhayət, dördüncü mərhələ 2035-2040-cı illəri əhatə edir.

Füzulinin Baş Plana əsasən 3 böyük kənd - Şəkərcik, Yuxarı Aybasanlı və Şıxlı kəndləri rayon mərkəzinə birləşdiriləcək. Bundan başqa, bəzi kəndlər də yerli mərkəzlər kimi bərpa olunacaq. Məsələn, Horadiz, Böyük Bəhmənli, Qaraxanbəyli, Dövlətyarlı, Qarğabazar və başqa iri kəndləri daha üstün mövqedə planlaşdırmaq nəzərdə tutulur. Bu nə deməkdir, yəni burada adi kəndlərdən fərqli olaraq əlavə funksiyalar işə salınacaq. Bəzi kəndlərdə çoxmərtəbəli yaşayış binaları tikiləcək. Adi kəndlərdə əsasən bələdiyyə binaları, fərdi yaşayış evləri, polis, uşaq bağçası və orta məktəblər, tibb məntəqələri olacaq. Daha iri kəndlərdə isə peşə məktəbi və poliklinikalar, yanğınsöndürmə məntəqələri, məhkəmə, yaşayış məskənləri, kinoteatrlar, muzeylər olacaq. Füzulinin yeni coğrafiyası modern, ağıllı kənd konsepsiyası əsasında cızılır və uğurla tikilir. Qeyd edək ki, Baş Plana əsasən Füzuli şəhərində 10-dan artıq məktəb, 150 yerlik mərkəzi rayon xəstəxanası və poliklinikalar tikiləcək.

Füzuli rayonunda bir vaxtlar həyat qaynayıb, bu kəndlərdə insanlar firavan və sülh içində yaşayıblar. Ancaq ermənilər tərəfindən torpaqlarımızın işğala məruz qalmasından sonra azərbaycanlılar öz dədə-baba torpaqlarından qovulublar, erməni vandalları tərəfindən evlər yerlə-yeksan edilib. Onlar daşı daş üstündə qoymayıblar, azərbaycanlıların tikdiyi evləri vəhşicəsinə dağıdıblar. 2020-ci il noyabrın 16-da Füzuli şəhərində Azərbaycan bayrağını qaldıran dövlətimizin başçısı, Qalib Ali Baş Komandan İlham Əliyev tarixi qələbə haqqında danışarkən bildirib ki, otuz il ərzində həm Ermənistan rəhbərliyi, həm onların havadarları, ermənipərəst, azərbaycanofob qüvvələr tərəfindən ortalığa müxtəlif uydurmalar atılırdı ki, guya, Ermənistanın güclü ordusu var, erməni xalqı döyüşkən xalqdır, Azərbaycan xalqı döyüşə bilmir. Məhv etmişik bu uydurmanı, göstərmişik ki, kim döyüşkən xalqdır, göstərmişik ki, kim müzəffər xalqdır.

Bəli, bu, aydın bir həqiqətdir, Prezidentin işğaldan azad edilən ərazilərə hər səfəri gələcəyə atılan uğurlu addımlardır. Yeri gəlmişkən qeyd edək ki, son üç ilə yaxın dövrdə Prezidentin Füzuli rayonuna səkkiz dəfə səfəri olub. Hər səfər çərçivəsində yeni-yeni layihələrin əsası qoyulub, tikintisi başa çatdırılmış sosial obyektlərin açılış mərasimləri həyata keçirilib. Həmin səfərlərin qısa xronologiyasına nəzər salaq. 2020-ci il noyabrın 16-da başlanan ilk səfərində dövlətimizin başçısı Füzuli şəhərində Azərbaycan bayrağını ucaldıb, Füzuli-Şuşa avtomobil yolunun - Zəfər yolunun təməli qoyulub. Sonrakı səfərlərində isə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli şəhəri yaxınlığında hava limanının təməlləri qoyulub, Füzuli şəhərinin Baş Planı təsdiqlənib, 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi keçirilib. Dövlətimizin başçısı Horadiz-Ağbənd, Ağdam-Füzuli yollarının inşası ilə tanış olub, Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib. Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi və Əhmədbəyli-Füzuli-Şuşa, Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində "Ağıllı kənd"in, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin və çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimini həyata keçirib. Müharibədən cəmi 8 ay sonra inşa olunan və "Qarabağın hava qapısı" adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışını edib və həmin gün Füzuli şəhərində inşa ediləcək Peşə Liseyinin təməlini qoyub.

Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayonun Qaraxanbəyli kəndində 27 Sentyabr - Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər. 2023-cü il mayın 5-də dövlətimizin başçısı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin, "Hadrut" qovşaq yarımstansiyasının və Rəqəmsal İdarəetmə mərkəzinin açılışlarını edib. Sonra birinci xanım Mehriban Əliyeva ilə birlikdə Füzuli rayonunun Pirəhmədli kəndinin təməlqoyma mərasimində iştirak ediblər. Füzuli-Hadrut avtomobil yolunun 12,3 kilometrlik hissəsinin açılışını edib, Dədəli kəndinin təməli qoyulub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli yaşayış kompleksində aparılan inşaat işləri ilə tanış olub, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlqoyma mərasimində iştirak ediblər.

Füzuli şəhəri sürətlə, keyfiyyətlə, modern üslubda, bənzəri olmayan plan əsasında inşa edilir, həyat əhəmiyyətli infrastruktur layihələr icra olunur. Düşmən tərəfindən yandırılmış, susuzluqdan qovrulmuş torpaqlar cana gəlir, füzulililər əzəli və doğma torpaqlarını əsl cənnətə döndərirlər.

Salman ALIOĞLU,

"Respublika".