Qarabağ və Şərqi Zəngəzuru cənnətə çeviririk
Gündəm

Qarabağ və Şərqi Zəngəzuru cənnətə çeviririk

Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə "Şəhərsalma Həftəsi 2023" tədbirləri çərçivəsində Zəngilanda "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib.

Mərasimdə iştirak edən Prezident İlham Əliyev çıxışında bildirib: "Bu gün Şərqi Zəngəzur sıfırdan yenidən inşa edilir, bütün Qarabağ kimi... Bu, bizim dostluğumuzun təzahürüdür, bizim birgə marağımızın təzahürüdür ki, işğal dövründə tamamilə dağıdılmış əraziləri yenidən inşa edək". Daha bir sevindirici xəbəri zəngilanlılar başda olmaqla bütün Azərbaycan xalqına çatdıran ölkə başçımız Zəngilana ilk köçün vaxtını açıqladı. Zəngilanın Baş planının artıq təsdiq edildiyini bildirən dövlətimizin başçısı qeyd edib ki, burada infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra olunmaqdadır: "2025-ci ildə, ola bilər bir az da tez Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar". Bununla yanaşı, Böyük Qayıdış Proqramının uğurlu icra prosesindən də bəhs edən dövlətimizin başçısı yurd-yuvalarından ayrı düşmüş soydaşlarımızın artıq öz yerlərinə qayıtmağa başladığını da qeyd edib. Qarşıdan gələn illərdə xüsusilə Şuşa və digər şəhərlərdə çox böyük, irihəcmli yaşayış layihələrinin həyata keçiriləcəyini xatırladan dövlətimizin başçısı deyib ki, bu, bizim Proqramın tərkib hissəsidir.

Tədbirin məhz Zəngilanda keçirilməsi olduqca əlamətdar hadisədir. Zəngilanın mühüm nəqliyyat qovşağı olması ona olan diqqəti artırır. Prezident İlham Əliyev də öz nitqində bildirib: "Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir, ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası bu bölgənin inkişafı baxımından mühüm amil olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcək. Gələcəkdə isə əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaq. Çünki bu bölgə Azərbaycanın ən gözəl diyarlarındandır - meşələri, çayları, gölləri. Misilsiz ekosistemə malik olan Zəngilan bizim ən böyük sərvətlərimizdən biridir".

Ötən il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasiminin keçirilməsi bir daha işğaldan azad edilmiş ərazilərimizdəki potensialın üzə çıxarılması üçün görülən tədbirlərin səmərəliliyini bariz şəkildə göstərmiş oldu. Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə reallaşdırılan bu layihə region üçün olduqca əhəmiyyətlidir. Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edəcək. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir, həmçinin Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Xatırladaq ki, ilk dəfə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının birgə əməkdaşlığı ilə Ağdam və Bakı şəhərlərində "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda ötən ilin oktyabr ayında Azərbaycan Milli Şəhərsalma Forumu keçirilmişdir. Ölkəmiz üçün yenilik olan bu layihə beynəlxalq səviyyədə şəhərsalmanın Azərbaycan üçün perspektivlərini müəyyənləşdirir. Ötən il foruma 45 ölkədən yerli və xarici hökumət rəsmiləri, müvafiq beynəlxalq təşkilatların nümayəndələri, sahə mütəxəssisləri, elm adamları, habelə Azərbaycanın müvafiq şəhər və rayonları ilə qardaşlaşma əlaqələri olan xarici tərəfdaşlar və digər maraqlı tərəflər daxil olmaqla, ümumilikdə 400-dən çox iştirakçı qatılmışdır. Milli Şəhərsalma Forumu BMT-nin Məskunlaşma Proqramı tərəfindən hazırlanan tədbirlər planı çərçivəsində keçirilir. Forumun dayanıqlı şəhərsalma sahəsində təcrübə mübadiləsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından unikal və uğurlu platforma olaraq seçilməsi olduqca əlamətdardır. Xüsusilə qeyd etmək lazımdır ki, ekoloji cəhətdən davamlı və dayanıqlı inkişafı, mədəni və tarixi irsin postmünaqişə dövründə bərpası, daha ağıllı, daha yaşıl insan məskənləri, dairəvi yaşıl iqtisadiyyatın bu yerlərə inteqrasiyası əhalimizin burada məskunlaşmasını daha da asanlaşdıracaq.

İşğaldan azad edilmiş ərazilərdə görülən yenidənqurma işləri birbaşa dövlət qayğısının bariz təcəssümüdür. İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin həyatında yeni mərhələ başlanmışdır. Birinci olaraq işğaldan azad edilmiş torpaqlarımızın bərpası, quruculuq, inkişaf. Digər tərəfdən, Qarabağdan məcburi köçkün düşmüş əhalinin orada məskunlaşdırılmasının təmin olunması növbəti əsas hədəflər sırasındadır. Bu hədəflərə çatmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə çoxşaxəli, böyük əmək, vəsait və zaman tələb edən işlər həyata keçirilir. Yenidənqurma prosesi çərçivəsində "ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl enerji" konsepsiyalarından istifadə olunur.

Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işlərinə ayrılan dövlət vəsaiti bunu deməyə əsas verir ki, doğma Vətən öz gümrah zamanlarına sürətlə geri qayıdacaq. İşğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın milli prioritetidir. Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bu barədə konkret şəkildə bildirmişdir: "Dürüstləşmə zamanı bizim əsas iki istiqamətimiz də çox açıq-aydın qoyulmuşdur. Bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə. Yəni, ayrılmış məbləğin mütləq əksəriyyəti bu iki istiqamətə yönəldilmişdir və bu da təbiidir. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir". Bununla yanaşı, ölkə başçımız qeyd etmişdir ki, azad edilmiş ərazilərin yenidən qurulması üçün bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzurun bərpasına 12 milyard manata (7 milyard dollar) yaxın vəsait yönəldiləcək və ilk mərhələdə 8 şəhər və 100 kənd bərpa ediləcək. Növbəti il üçün planlaşdırılan minimum büdcə isə 2,4 milyard ABŞ dolları olacaqdır.

30 il boyunca erməni işğalından əziyyət çəkən insanların Vətən həsrəti ilə yaşamaları dözülməz idi. Ölkə başçımız Zəngilanda keçirilən tədbirdə bir daha vurğuladı ki, onlar bu imkanı, bu fürsəti 30 il idi gözləyirdilər ki, buraya qayıda bilsinlər. Böyük Qayıdış Proqramının icrası da məhz buna xidmət edir ki, soydaşlarımız öz yurd yerlərində yenidən məskunlaşa bilsinlər. Artıq 2000-dən çox keçmiş məcburi köçkün evlərinə qayıdıb və ilin sonuna qədər onların sayı 5500-ə çatdırılacaq.

Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Qüdrətli Azərbaycan dövləti öz xalqının Vətən həsrətini 44 gün ərzində sonlandırdı. Artıq bu yurdun əzəli sahibləri suveren ərazilərimizdə qurub yaratmaqdadır. Günü-gündən gözəlləşən diyarlarımıza baxdıqca bir daha əmin oluruq ki, Azərbaycan bayrağı burada daim dalğalanacaq.

Nurlan ABDALOV,

"Respublika".