Qarabağ və Şərqi Zəngəzurda aqrar sahənin inkişafı vüsət alır
Region

Qarabağ və Şərqi Zəngəzurda aqrar sahənin inkişafı vüsət alır

"İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət almışdır. Oraya qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda ən müasir texnologiyaların tətbiqi nəticəsində orada həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik". Bu fikirləri Prezident İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxışı zamanı bildirib.

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərimizdən sonra Qarabağ və Şərqi Zəngəzurda başlanan genişmiqyaslı bərpa-quruculuq işləri bu ərazilərin gələcək inkişafı üçün zəmin yaradıb. Qeyd etmək lazımdır ki, bu ərazilərdə kənd təsərrüfatının inkişafı üçün böyük potensial mövcuddur. Qarabağ və Şərqi Zəngəzurun ölkənin kənd təsərrüfatına reinteqrasiyası aqrar sahənin inkişafında mühüm rol oynayacaq. Bölgənin inkişafının təmin olunması və zəruri infrastrukturun yaradılması isə əhalinin doğma torpaqlarına, isti ocaqlarına qayıdışını günbəgün yaxınlaşdırır.

İşğaldan azad olunmuş torpaqların ölkə iqtisadiyyatına inteqrasiyası, əhalinin qayıdışı, onların məşğulluğu, bir sözlə, bu torpaqların yenidən, ən qısa zamanda dilbər guşəyə çevrilməsi kimi hədəflərə çatmaq üçün hər bir rayonun özünəməxsus iqtisadi potensialı müəyyənləşdirilir. Azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafında yeni trend kimi intensiv meyvəçilik sahələrinin, xüsusilə nar, fındıq, çəyirdəkli meyvəçiliyin inkişafı üçün perspektivlər var. Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında pambıqçılığın, tərəvəzçiliyin, milli üzüm sortları əsasında üzümçülük-şərabçılıq sahələrinin inkişafı baxımından əlverişli imkanlar mövcuddur. Kəlbəcər və Laçın rayonlarının zəngin otlaq və yaylaqları heyvandarlığın və arıçılığın inkişafında mühüm əhəmiyyət kəsb edir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərindəki rayonlar ötən əsrin 80-ci illərində respublika üzrə kənd təsərrüfatı məhsulları istehsalında əhəmiyyətli paya malik idi. Taxıl məhsullarının təqribən 14, kartof, tərəvəz və bostan məhsullarının təqribən 6, tütünün 8, üzümün təqribən 25, ət və süd məhsullarının hər biri üzrə istehsalın təqribən 15 faizi bu bölgənin payına düşürdü. Bu rəqəmlər azad olunmuş ərazilərin kənd təsərrüfatı potensialının nə qədər yüksək olduğunu göstərir.

Dövlət başçısının azad olunmuş ərazilərlə bağlı ilk tapşırığı bu torpaqların əkilib-becərilməsi olub. Həmin tapşırığa əsasən müharibənin başa çatdığı ilk günlərdən etibarən Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən işğaldan azad edilmiş ərazilərdə aqrar sektorun gələcək inkişafının planlaşdırılmasına başlanılıb və bu sahənin bərpası istiqamətində tədbirlər görülür. Məhz həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2022/2023-cü illər mövsümündə 70 min hektardan çox sahə əkinə cəlb olunub. Qısa müddət ərzində bu regionlar üzrə əkin dövriyyəsinə cəlb edilməsi proqnozlaşdırılan sahələrin yarısından çoxunda təsərrüfat işlərinin aparılması, tələb olunan texnika və digər istehsal vasitələri ilə təminatın yüksək səviyyədə həyata keçirilməsi təcrübəsi yaranıb. Eyni zamanda azad olunmuş ərazilərdə taxıl əkininin müasir texnologiyalardan istifadə olunmaqla həyata keçirilməsi üçün minlərlə hektar sahəni əhatə edəcək pilot suvarma infrastrukturu qurulur.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, ilkin qiymətləndirilmələrə görə, Qarabağ və Şərqi Zəngəzurun vaxtilə işğala məruz qalmış ərazilərində məskunlaşma, bərpa və inteqrasiya prosesi başa çatdıqdan sonra təxminən 150 min hektar əkin sahəsi dövriyyəyə cəlb olunacaq. Mövcud əkin strukturu nəzərə alınmaqla sahələrin təqribən 100 min hektarı taxıl məhsullarının istehsalına yönəldiləcək ki, bu, həm ərzaq təminatı, həm də heyvandarlığın yem bazasının yaxşılaşdırılması baxımından çox əhəmiyyətlidir. Eyni zamanda regionda mövcud olan üzüm bağlarının bərpası ilə yanaşı, yeni trend kimi intensiv meyvə bağları salınacaq. Salınacaq intensiv bağlar xüsusilə ixrac əhəmiyyətli gilas, ərik, şaftalı kimi çəyirdəkli meyvələr, həmçinin nar və fındıq bağlarından ibarət olacaq. Regionda ərzaqlıq bitkilərin istehsalının təşkili ölkə üzrə müvafiq istehsal göstəricilərini xeyli yüksəldəcək.

Müşfiq CƏFƏROV,

"Respublika".