Qarabağ və Şərqi Zəngəzur: yollar firavan gələcəyə aparır
Digər xəbərlər

Qarabağ və Şərqi Zəngəzur: yollar firavan gələcəyə aparır

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısı İlham Əliyevin müəyyən etdiyi strategiya, tövsiyə və tapşırıqlar ilə icra olunan yol infrastruktur layihələri işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında, insanların həyat şəraitinin yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.

Yaxşı deyiblər ki, yol həyat, mədəniyyət, inkişaf, rifah, yaxşı güzəran deməkdir. Şərqi Zəngəzurda həyata keçirilən quruculuq və bərpa işləri, ilk növbədə, işğal illərində yararsız vəziyyətə düşən yolların yenidən tikilməsi, yol qovşaqlarının qurulması, körpülərin salınması, Zəfər yolunun çəkilməsi ilə başlanıldı. Azad edilən bölgələrin qurulmasında mühüm əhəmiyyət kəsb edən yollar Qarabağa və Şərqi Zəngəzura yeni həyatın qayıtmasından, xoşbəxt gələcəkdən, keçmiş məcburi köçkünlərin arzularından xəbər verir.

Qarabağda və Şərqi Zəngəzurda erməni faşizminin törətdiyi vəhşiliyin həddi-hüdudu bilinmir, mənfur düşmən işğal altında saxladığı bütün yaşayış məntəqələrimizi yerlə-yeksan edib, tarixi irsimizi silməyə cəhd edib. Erməniliyin iç üzü belədir, dağıtmaq, yandırmaq, uçurmaq, azərbaycanlılara qarşı etnik nifrət, deportasiya və soyqırımı törətmək. İki əsrə yaxındır ki, haylar Azərbaycan torpaqlarını erməniləşdirmyə çalışırlar, düşmənin bu xain və kirli niyyəti iflasa uğrayıb, haylar buna nail ola bilməyiblər. Otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən bir daşı daş üstündə qoymayıb. Qarabağda və Şərqi Zəngəzurda şəhərləri sökərək dağıdıblar, evləri uçurublar, yollar sıradan çıxarılıb. Ermənistanın və bütün ermənilərin təbliğatı yalan üzərində qurulub, onların bütün tarixi saxtadır, torpaqlarımızı otuz il işğalda saxlayan, bir milyona yaxın azərbaycanlının haqqını və hüququnu tapdalayan, soyqırımı törədən ermənilik indi Xankəndidəki hayların "hüququnun pozulmasından" dəm vurur. Sadəcə bunun üçün həyasız və idbar olmalısan.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu ərazisində Horadiz-Zəngilan avtomobil yolunun əsaslı təmiri işlərinə başlanılıb. Təmir-tikinti işləri Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 61.4 kilometrlik hissəsində həyata keçirilir. III texniki dərəcəyə uyğun olaraq əsaslı şəkildə yenidən qurulan yolun torpaq yatağının eni 12 metr təşkil edir. Layihə üzrə əsaslı təmir işləri 4 hissədə aparılır. Hazırda yolboyu mövcud asfalt-beton örtüyün kənarlaşdırılması, qazma, tökmə işləri, yol yatağının və yol əsasının tikintisi, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların inşası, körpülərin təmiri, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır. İnşaat norma və qaydalarına uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında həyata keçirilən layihənin icrası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.

Qeyd edək ki, Horadiz-Zəngilan avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biridir. Eyni zamanda "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasına dair Tədbirlər Planına uyğun olaraq respublika əhəmiyyətli Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunun yenidən qurulmasına da başlanılıb.

45 kilometr uzunluğunda olan bu yol Ağdam və Ağcabədi rayonlarını birləşdirir. II texniki dərəcəyə uyğun yenidən qurulan yolun torpaq yatağının eni 15 metr, hərəkət hissəsinin eni 2 zolaqdan ibarətdir. Avtomobil yolunun bəzi hissəsində torpaq işləri artıq yekunlaşıb. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılıb, suötürücü boruların quraşdırılması həyata keçirilib. Hazırda yolun həmin hissəsində hamarlayıcı layın tikinti işləri görülür. Yeni inşa edilən yolda layihəyə uyğun olaraq suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin və alt keçidlərin, həmçinin 3 avtomobil körpüsünün inşası aparılacaq. Tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yolun minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də yerinə yetirilir. Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.

Artıq üç ilə yaxındır ki, Qarabağda və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri təsdiq edilmiş plan əsasında aparılır. Heç yerdən və heç kimdən kömək gözləmədən öz gücümüzlə, öz iradəmizlə misli görünməyən infrastruktur layihələr icra olunur. Kifayət qədər böyük maliyyə vəsaiti hesabına, həm də yolçəkənlərin, körpüsalanların zəhməti sayəsində yeni, müasir və rahat yollar bizi gələcəyə, daha xoş günlərə aparır. Fərəhli haldır ki, keçmiş məcburi köçkünlərin Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı yeni inşa edilən yollardan başlayıb. Qələbə və Zəfər yolları Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş 300-dən çox kənd və şəhərinə yenidən həyat gətirəcək, firavanlıq, tərəqqi, əmin-amanlıq qarabağlıların və zəngəzurluların taleyində yeni səhifə açacaq.

Salman ALIOĞLU,

"Respublika".