Qarabağ Azərbaycanın daxili məsələsidir
Digər xəbərlər

Qarabağ Azərbaycanın daxili məsələsidir

Milli yaddaşımıza və tarixin səhifələrinə əbədi həkk olunan Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi, əzəli və əbədi yurd yerimizdir. Bu aydın həqiqəti dərk etməyən və vaxtilə bu torpaqlara köçürülmüş bir ovuc ermənini öz kirli məqsədlərinə alət edən separatçılar xarici havadarlarına arxalansalar da, rəsmi Bakının qəti və birmənalı mövqeyi nəticəsində artıq onların oyunbazlığına son qoyulur.

Qəhrəman Silahlı Qüvvələrimizin döyüş peşəkarlığı, igidliyi və şücaəti sayəsində düşmən diz çökdürüldü, ordusu fərariyə çevrildi, hərbi texnikaları məhv edildi, çoxu da qənimət kimi götürüldü, mənəvi-psixoloji uğursuzluğa düçar oldu. Qəribədir ki, müharibədən sonra Ermənistan üçün ağlaşma quran bəzi dövlətlərin sırasına ABŞ da qoşulub. Görünən odur ki, məğlub Ermənistan dörd bir tərəfini gicirtkən kimi dalayır, onlara kömək etməyən tərəfdaşlarını qınayır, başı əziləndən sonra hətta onları söyür və lənətləyir. Əslində Ermənistan öz mövqeyi, proseslərə münasibəti, qərarı olmayan bir ölkədir və həmişə ağalarının sözü ilə hərəkət edir. Forpost ölkə müstəqil siyasət yürüdə bilməyən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən yalançıdır.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ABŞ-ın, Fransanın, ermənidən çox ermənilik edən İranın görməzdən gəldiyi, 30 ildən artıq Ermənistanın işğalı altında qalan torpaqlarını azad edərək, ərazi bütövlüyünü qan tökərək bərpa edib. Ən əsası isə erməni işğalına son qoyulub, "miatsum" çağırışları məhv edilib, erməniliyin bütün dayaqları sarsıdılıb. Rəsmi Bakı bəyan edir ki, Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır.

Süni şəkildə vaxt uzatmamalı, möcüzə gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq. Heç kim gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da, qarşısında yenə də Azərbaycan Ordusunu görəcək.

Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Ermənistan isə bu aydın və qəti mövqeni qəbul etməmək üçün min bir hoqqadan çıxır, erməni cəmiyyəti durmadan çalxalanır, bəzi ermənipərəst ölkələrin Azərbaycana qarşı haqsız və ədalətsiz münasibəti isə riyakarlıqdan başqa bir şey deyil. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin TASS-a müsahibəsində bu barədə konkret fikirlər səsləndirilib. Bildirilir ki, Bakı İrəvanla mövcud məsələlərin sülh yolu ilə həllinə köklənib. Azərbaycan beynəlxalq birliyin məsuliyyətli üzvüdür, həmişə öz Konstitusiyasının və beynəlxalq hüququn müddəalarına uyğun fəaliyyət göstərir. Biz bütün mövcud problemlərin sülh yolu ilə həllinə yönəlmişik. Müsahibədə qeyd olunur ki, Azərbaycan nə Ermənistanla, nə də heç bir üçüncü ölkə ilə ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri müzakirə edəcək. Dövlətimizin daxili işlərinə qarışmaq cəhdləri, o cümlədən Azərbaycanın mərkəzi hökuməti ilə Qarabağdakı etnik erməni azlığı arasında dialoq üçün hansısa beynəlxalq mexanizmlərin yaradılması mövzusunu gündəmə gətirmək cəhdləri iflasa məhkumdur. Qarabağ Azərbaycanın daxili məsələsidir və buna etiraz etmək cəhdi regionda davamlı sülhə nail olmaq baxımından əks effekt verir.

Ermənistanda isə tərəfdaşlarını günahlandırmaq üçün genişmiqyaslı informasiya kampaniyası başlanılıb. Erməni sosial şəbəkə istifadəçiləri Rusiya Federasiyasını və Rusiya siyasi rəhbərliyini gözdən salmaq üçün istifadə etdikləri tezislər Ermənistanın baş naziri Nikol Paşinyan və onun "sağ əli", parlamentin spikeri Alen Simonyanın bu yaxınlarda açıqladığı anti-Rusiya bəyanatları ilə uyğunluq təşkil edir. Bu barədə rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib ki, bu gün paşinyanpərəst bloqçular Rusiyaya, dövlət strukturlarına təhqiramiz ifadələr işlədirlər. Rəsmi İrəvanın bütün bu "iyrənc və rüsvayçı informasiya kampaniyası" "Qartal tərəfdaşı 2023" adlı erməni-amerikan hərbi təlimləri və Avropa İttifaqının kəşfiyyat və müşahidə missiyasının fəal anti-Rusiya təxribat işi fonunda baş verməsi olduqca diqqət çəkir. Ekspert bildirir ki, eyni zamanda erməni hərbi qulluqçuları və Qarabağdakı erməni qeyri-qanuni silahlı birləşmələrinin silahlıları vəziyyəti gərginləşdirmək üçün demək olar ki, hər gün təxribatlar təşkil edirlər. Qarabağdakı Rusiya sülhməramlılarına, onların zirehli texnikasına və dislokasiya məntəqələrinə qarşı birbaşa təxribat xarakterli hərəkətlərə yol verilir. Moskva və İrəvan arasında dərinləşən siyasi böhran fonunda separatçılar tərəfindən sülhməramlılara qarşı genişmiqyaslı silahlı təxribat Rusiya və Azərbaycan hərbçiləri arasında toqquşma törətmək məqsədi daşıyır. Bununla AB-nin "mavi dəbilqəlilər"inin (silahlı kontingentinin) regiona daxil edilməsi tələb edilə bilər. Xüsusilə vurğulanmalıdır ki, Kremlin bütün səyləri xüsusi hərbi əməliyyat problemlərinin həllinə və Şimal-Cənub nəqliyyat dəhlizini işə salmaqla Qərbin genişmiqyaslı sanksiyalarını aradan qaldırmağa yönəldiyi bir vaxtda Paşinyan başda olmaqla Ermənistan Rusiyanın kürəyindən zərbə endirib. Bax belə, bu əsl erməni dönüklüyü, erməni xəyanətidir, yeri gələndə qardaşına əl qaldırar, xəncəri kürəyə saplayar.

Qədim Azərbaycan torpağı olan İrəvanda məskunlaşan ermənilərin böyük əksəriyyəti hesab edir ki, əslində biz suveren dövlət deyilik, dövlət olduğunu imitasiya edirik. Ermənistan iqtidarı üçtərəfli Bəyanatın şərtlərini və üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmək üçün bölgədə gərginliyin artmasına, atəşkəsin pozulmasına cəhdlər edir, yalan və böhtan, həmçinin əsassız iddialar səsləndirirlər. Əslində, bu hazırkı Ermənistan iqtidarının fəaliyyət tərzinə və mahiyyətinə daha çox xas olan hərəkətdir. Görünən odur ki, Ermənistanın indiki rəhbərlərinin ən güclü sifəti onların utanmamasıdır. Əlbəttə, utanc hissi olmadan başqasının gözünün içinə baxıb yalan danışan Ermənistan rəhbərlərinin məkrli niyyətləri heç də onlara yaxşı sonluq vəd etmir. Vaxtilə ATƏT-in həmsədr ölkəsi olan ABŞ-ın səmimiliyi sabun köpüyü kimi dağılır, erməni lobbisinin əli ilə birtərəfli mövqe nümayiş etdirilir. Nəticə göz qabağındadır. Şərhçilərin qənaətinə görə adıçəkilən strukturlarda nə rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində qalan ərazilərdə 10 min silahlı erməni dəstələrindən, nə Ermənistanın şərti dövlət sərhədində vəziyyəti gərginləşdirərək qarşıdurmanı pik həddə çatdırmasından, nə "humanitar fəlakət" iddialarının yalan olmasından, nə ermənilərin mina terrorunun davam etməsindən, nə də Ermənistanın hərbi hissələrinin mövqelərimizi sürəkli atəşə tutmalarından bəhs olunmur. Habelə, Ermənistanın 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əməl etməməsindən, Zəngəzur dəhlizi layihəsinin reallaşmasının qarşısını almasından, ən nəhayət, azərbaycanlıların Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə, doğma yurdlarına dönmələrini əngəlləmək üçün Rusiya sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərdən sürəkli diversiya və təxribat məqsədilə yararlandığından danışılmır. Əksinə, saxta və yalançı terminlərdən istifadə edilir. Ona görə də, Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, sülh müqaviləsində "Dağlıq Qarabağ erməni xalqının" hüquq və təhlükəsizliyinin Qarabağ bölgəsində yaşayan ermənilərə münasibətdə qeyd edilməsi Ermənistanın ərazilərimizdə separatizmi təşviq etmək üçün məqsədyönlü şəkildə istifadə etdiyi terminologiyanı əks etdirir, bu ərazi bütövlüyümüzə və suverenliyimizə ziddir. Birləşmiş Ştatlar qərəzli, subyektiv və məntiqdən kənar tələblərlə Azərbaycana təzyiq göstərərək nəticə əldə edə biləcəyini düşünürsə, dərindən yanılır.

Qeyd edək ki, Ermənistan müstəqil dövlət olmadığı üçün qərarları da onun yerinə başqaları verir, erməniləri siyasətin şahmat taxtasında "peşkaya" çeviriblər, istənilən anda onu qurban verir, fəlakətə sürükləyirlər. Bu barədə Ermənistanın bəzi vətəndaşları artıq açıq şəkildə danışırlar. Ermənistan da, havadarları da yaxşı bilirlər ki, Azərbaycan kimsənin ölkəmizin daxili işlərinə qarışmasına imkan verməyəcək və tezliklə Xankəndidəki binaların üzərində üçrəngli bayrağımız qürurla dalğalanacaq.

Salman ALIOĞLU,

"Respublika".