Qanlı bayram
Sosial həyat

Qanlı bayram

Şəhidlər xiyabanı qərənfillər içində -

kimlərin ad günüdü, bu kimin bayramıdı?

Matəm heyrətə gəlir izdihamlar keçəndə -

adı "Qara" olsa da, millətin bayramıdı!

 

Dumanlı ümman kimi, insanlar dalğalanır,

öldüyünü unudub şəhidlər də şadlanır,

qələbənin marşını qəhrəmanlar yaradır,

milləti birləşdirən matəmin bayramıdı!

 

Cəfakeş Vətənimin "İyirmi Yanvarı" gerçək

kirpiklərdə damlalar düzülür sırsıratək,

şəhidlik zirvəsində qızıyla fəxr edərək

oğluyla qürur duyan

nənənin bayramıdı,

babanın bayramıdı,

dədənin bayramıdı!

 

Şəhərlə kənd qarışıb, izdihamda hamı var,

bu Yurdda hər bir kəsin bir "Qara bayramı" var,

qatillər unutmasın - ruhun da qiyamı var,

"İyirmi Yanvar" dözümü bitənin bayramıdı.

 

Xalq yaşayar, Vətəni həyat kimi

sevilsə,

qüdrətiylə əsarət, cəhalət devrilirsə,

dünənki dəcəl uşaq igidə çevrilirsə -

hicran deyil, sevilib-sevənin bayramıdı.

 

Qərənfil çöldən qaçıb mərmərdə solmaq üçün,

mərdliyin, igidliyin ətrini almaq üçün,

"Qanlı Yanvar" dünyada əbədi qalmaq üçün,

ölümə güc gələrək gedənin bayramıdı,

başına uca tutsun - Vətənin bayramıdı...

Vahid ƏZİZ,

Xalq şairi.