Qaçılmaz fürsət
Siyasət

Qaçılmaz fürsət

Qarabağdakı separatçılara amnistiyanın mümkünlüyü məsələsini ABŞ da dəstəkləyir

"Mənim nümayəndəm gedib onlarla birinci görüş keçirib ondan sonra onları dəvət etmişik Bakıya ki, gəlin danışaq. Onlar bundan imtina etdilər. Bundan sonra ikinci dəfə biz onları dəvət etmişik Bakıya. Yəni Qarabağda yaşayan erməni azlığının nümayəndələrini. Ondan da imtina etdilər. Daha üçüncü dəvət olmayacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki indi hadisələr başqa cür inkişaf edəcək". Bu fikirləri mayın 28- Laçında sakinlərlə görüşdə bildirən Prezident İlham Əliyev deyib: "Sadəcə olaraq, bizə gələn son mesajlar belədir ki, bəs orada dırnaqarası rəhbərliyin aqibəti necə olacaq? Onlara amnistiya düşürmü, düşmürmü? Mən isə deyirəm ki, buna baxmaq lazımdır. Birincisi, biz oraya heyət göndərmişdik. Onlara ancaq o halda amnistiya düşə bilər, özləri könüllü olaraq bütün saxta vəzifələrini kənara qoyub Azərbaycan vətəndaşlığı üçün müraciət etsinlər".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı erməni separatçıların təslim olacaqları təqdirdə amnistiya tətbiq oluna biləcəyini demişdir. Azərbaycanın səbir kasası hədsiz deyil. Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə məskunlaşmış ermənilərin seçim zamanı sürətlə yaxınlaşır. Onlar ya Azərbaycan Konstitusiyası çərçivəsində cəmiyyətimizə reinteqrasiya olmalı, ölkənin digər vətəndaşlarından heç ilə fərqlənməyən hüquq təhlükəsizlik təminatı reallığını qəbul etməli, ya da ölkəni tərk etməlidirlər.

Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşü zamanı Qarabağda fəaliyyət göstərən qondarma rejimin üzvlərinə edilə biləcək güzəştdən, amnistiyadan bunun şərtlərindən danışıb. Ölkə başçısı vurğulayıb ki, ona da biz hələ baxacağıq: "Mənim sözüm qətidir, bunu hər kəs bilir, həm Azərbaycanda, həm dünyada, o cümlədən Ermənistanda. Nəyi deyiriksə, onu da edirik".

Bakı hələ ki, Qarabağın erməni əhalisinin illüziyalardan əl çəkərək, reallıqları əxz, formalaşmış vəziyyəti dərk etmələrini gözləyir. Ermənistanın hakimiyyət dairələri ermənilər isə tam əksinə, hələ kimlərəsə güvənir, nələrəsə bel bağlayır, hansısa dövlətin ya dövlətlərin Azərbaycana qarşı müharibə edərək "qarabağlı erməniləri xilas edəcəkləri"ni düşünür. Bununla bağlı Azərbaycanın dövlət başçısı Laçın rayonunda olarkən söylədikləri ermənilərə son xəbərdarlıq sayıla bilər: "Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı". Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağın de-fakto hakimiyyətini "saxta dövlət atributlarını" zibil qutusuna atmağa çağırıb. Dövlət başçımız separatizmə son qoyulduğunu bəyan edib.

Qarabağdakı separatçılara amnistiyanın mümkünlüyü məsələsini ABŞ da dəstəkləyir. ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin "Ermənistan Azərbaycan arasında sülh danışıqları davam edir" sərlövhəli mətbuat bəyanatında qeyd olunur ki, Ermənistanla Azərbaycan arasında danışıqların davam etdiyini görməkdən məmnunuq. M.Miller dövlət katibi Antoni Blinkenin sözlərini xatırladıb bildirib ki, Cənubi Qafqazda sülhə nail olmaq mümkündür: "Biz bu yaxınlarda baş nazir Paşinyanın sülhə sadiqliyinə görə minnətdarlığımızı bildirdik Prezident İlham Əliyevin amnistiya ilə bağlı son açıqlamalarını alqışlayırıq. Ermənistan Azərbaycan liderləri bu həftənin sonunda Kişineuda avropalı tərəfdaşlarımızla görüşəcək ümid edirik ki, bu, zorakılıq yolu ilə deyil, danışıqlar masası arxasında mövcud məsələlərin həlli üçün məhsuldar addım olacaq. Aqressiv ritorika yalnız keçmişin zorakılığını davam etdirə bilər; Konstruktiv dialoq - həm ictimai, həm özəl - sülh, imkan ümid yarada bilər.

Birləşmiş Ştatlar davamlı layiqli sülh sazişi bağlamaq üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır". Millerin açıqlaması deməyə əsas verir ki, Qarabağda erməni əhalisinin Bakı ilə reinteqrasiya müzakirələrini dəstəkləyən Vaşinqton separatçıların da bağışlanmasını istəyir. Prezident bunun yalnız onların təslim olacaqları təqdirdə müzakirəsinin mümkün olduğunu bəyan etdi. Bu, separatçıların son şansıdır. ABŞ-ın amnistiya məsələsini rəsmi səviyyədə dəstəkləməsi o deməkdir ki, separatçılar bunu qəbul etməyəcəyi təqdirdə, rəsmi Bakının onların zərərsizləşdirilməsi istiqamətində atacağı praktiki addımlar beynəlxalq səviyyədə legitim olaraq qəbul olunacaq. Politoloqlar bildirirlər ki, bu şərtlər daxilində həmin adamlara, hətta separatçı qurumun "başçısı"na da amnistiya tətbiq edilməsi düşüncəsi yarana bilər. Yəni ilk addımı onlar atmalı, Azərbaycan cəmiyyətinə inteqrasiya barəsində mesajlar verməlidirlər ki, biz onların məsuliyyətdən azad edilməsi istiqamətində addımlar atmağa başlayaq. Bu, normal humanist bir çağırışdır. Lakin hələ ki, separatçılardan buna müsbət bir cavab gəlməyib. Ermənistanın bəzi mətbuat orqanları isə qızışdırıcı yazılar yazmaqla, bu kontekstdə Azərbaycanı təhdid edirlər.

Postmüharibə dövründə Azərbaycanın sülhə doğru bütün təşəbbüslərinə rəğmən Ermənistan ancaq aqressiya, pozuculuq nümayiş etdirib. Hər dəfə sülh danışıqları ərəfəsində ya ondan dərhal sonra sərhəddə, Qarabağda təxribatlar törədirlər. Prezident İlham Əliyev Laçında səfərdə olarkən Ermənistana, Qarabağ ermənilərinə sülhdən, dinc yaşamaq qərarı verməkdən başqa çıxış yollarının olmadığını konkret şəkildə dedi. Lakin görünən budur ki, ermənilər ya xəstə təfəkkürdən qurtula bilmir, ya da xarici dairələrin təsiri nəticəsində təxribatçılıq ənənələrindən, pozuculuqdan əl çəkmək istəmirlər. Bir neçə gündür sosial şəbəkələrin erməni seqmentində bu yanaşma müşahidə edilir. Erməni istifadəçilər Azərbaycan Prezidentinin bu çıxışını açıq şəkildə Azərbaycanın növbəti addımlarının anonsu kimi qiymətləndirirlər. Bildirirlər ki, həm Ermənistan, həm Qarabağdakı separatçı qüvvələr İlham Əliyevin bu təklifindən, bu şansdan istifadə etməyəcəklərsə, Azərbaycanın beynəlxalq hüququn, eyni zamanda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq daha sərt davranışlar həyata keçirməsini görəcəklər. Beynəlxalq hüquq da sülhə məcburetmə prosesini dövlətlər üçün tanıyır.

Mustafa KAMAL,

"Respublika".