Prokurorluq əməkdaşları Ankarada ongünlük təcrübə mübadiləsində olublar
Digər xəbərlər

Prokurorluq əməkdaşları Ankarada ongünlük təcrübə mübadiləsində olublar

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin ölkəmizə rəsmi səfəri zamanı imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində təcrübə mübadiləsi aparmaq üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun, Hərbi Prokurorluğun, Bakı şəhər və Naxçıvan Muxtar Respublikası prokurorluqlarının əməkdaşlarından ibarət 11 nəfərlik heyət qardaş ölkənin paytaxtı Ankaraya səfər ediblər.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti Ankarada xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib, Ulu Öndərin abidəsi önünə tər gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.

Prokurorluq əməkdaşları, həmçinin Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün Mavzoleyini - Anıtqəbri ziyarət ediblər.

Səfər zamanı Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin və Türkiyə Respublikasının Ali Məhkəməsinin sədri Mehmet Akarca Azərbaycan nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan və Türkiyə prokurorluqları arasında münasibətlərin daha da intensivləşməsi və faydalı olması üçün kifayət qədər əsasların olduğunu qeyd edən Bəkir Şahin əməkdaşlığın həm dövlətlərimiz, həm xalqlarımız, həm də hər iki dövlətin prokurorluqlarının mənafeyinə xidmət etdiyini vurğulayıb.

Prokurorluq orqanlarının müxtəlif struktur qurumlarını təmsil edən heyət üzvləri səfər çərçivəsində qardaş ölkənin Ali Məhkəməsinin və Baş Prokurorluğunun yeni inzibati bina kompleksi ilə tanış olub, eləcə də Ankara Ədliyyəsi, Ankara Bölgə Ədliyyə Məhkəməsi, Türkiyə Ədalət Akademiyasında təşkil olunmuş seminarlarda iştirak ediblər.

Heyət üzvləri, həmçinin Sincan Qapalı Cəza İcra Qurumuna səfər edib, Türkiyə hüquq sistemində cəzaların icrası zamanı prokurorluq əməkdaşlarının fəaliyyəti ilə yaxından tanış olublar.

Azərbaycan Prokurorluğunun əməkdaşları ilə türkiyəli həmkarları arasında hüquqi sahədə fikir mübadilələri və müzakirələr aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Ongünlük təcrübə mübadiləsindən sonra ölkəmizə geri qayıdan nümayəndə heyətinin üzvləri Baş prokuror Kamran Əliyev ilə görüşüblər.

Heyət üzvləri səfər zamanı əldə etdikləri səmərəli təcrübə ilə bağlı Baş prokurora məlumat verib, mübadilə zamanı göstərilmiş səmimi və doğma münasibətdən məmnunluqlarını bildiriblər.

Qardaş ölkələrimiz arasındakı qarşılıqlı hüquqi əməkdaşlığın genişləndirilməsinin və təcrübə mübadilələrinin aparılmasının hər iki ölkənin prokurorluq orqanlarının fəaliyyətinə müsbət töhfə verəcəyindən əminliyini ifadə edən Kamran Əliyev hüquqi sahədə beynəlxalq təcrübə mübadiləsinin hər zaman diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

AZƏRTAC