Postmüharibə dövrünün daha bir böyük zəfəri
Siyasət

Postmüharibə dövrünün daha bir böyük zəfəri

Azərbaycan öz əraziləri üzərində suveren hüquqlarından heç zaman vaz keçməyəcəyini bütün dünyaya nümayiş etdirdi

Erməni faşistləri tərəfindən zəbt edilmiş Azərbaycan torpaqları 30 il əsirlikdə qaldı. Bu illərdə Ermənistan rəhbərliyi ilə aparılan danışıqlar heç bir fayda vermədi, qəbul edilən qətnamələr heçə sayıldı. Nəhayət, bütün bunlara və davamlı olaraq yurdumuzun sərhəd bölgələrində törədilən təxribatlara dözməyən Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də düşmənin növbəti təcavüzünə adekvat cavab verdi. 44 günlük Vətən müharibəsindən, möhtəşəm qələbədən isə bizi iki ilə yaxın bir müddət ayırır...

44 günlük müharibə şanlı tariximizdir, o, Azərbaycan övladının vətənpərvərliyini, cəsarətini, şücaətini bütün dünyaya göstərdi. Azərbaycan əsgəri, zabiti qəlbində Vətən sevgisi, milli ruhla onun uğrunda ölümə getdi, qazi oldu, yurdumuzun düşmən tapdağı altında inləyən ərazilərini qısa müddətdə azad etməklə dövlətimizə XXI əsrin qələbəsini qazandırdı. 200 illik tarixdə ilk dəfə xalqımız böyük Zəfərin təntənəsini yaşadı. Bu Zəfərin mayasında sevgi durur, Vətən sevgisi!

Azərbaycan münaqişəni sülh yolu ilə həll etməyə çalışsa da, mümkün olmadı, bu məsələ ilə məşğul olan vasitəçilər, düz 30 ilə yaxın davam edən danışıqlar müddətində işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq olunmadı. Ermənistan rəhbərliyi açıq-aydın bildirirdi ki, bu torpaqların bizə qaytarılması mümkün deyil. Belə olan halda faktiki olaraq danışıqlar prosesinə son qoyuldu. Dövlət başçımız çıxışlarının birində demişdir: "Bəzi ermənipərəst qüvvələr bizi günahlandırmağa çalışırdılar. Sanki biz aqressoruq, sanki işğalçıyıq. Ona görə də biz hər zaman deyirdik ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmasa, müharibə qaçılmazdır".

Bu tarixi missiyanı isə Azərbaycan şərəflə yerinə yetirdi, Silahlı Qüvvələrimiz öz gücünü göstərdi, düşməni torpaqlarımızdan qovdu, qələbəmizi təmin etdi, böyük Zəfərə imza atdı...

2020-ci il noyabrın 10-da düşmən kapitulyasiya aktı imzalamağa məcbur oldu. Üçtərəfli Bəyanatda tərəflərin üzərinə öhdəliklər qoyuldu. Təəssüflə qeyd edirik ki, məğlub tərəf olmasına baxmayaraq, Ermənistan hələ də özünü "ərköyün uşaq" kimi aparmaqdadır. Görünür, imzaladığı Bəyanatın bəndlərini ona tez-tez xatırlatmaq lazımdır və özü də onun "anlayacağı dildə".

Üçtərəfli Bəyanatın 4-cü bəndində deyilir: "Rusiya Federasiyasının sülməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir". Başqa sözlə, atəşkəsin imzalandığı gecə Rusiya sülhməramlıları Azərbaycan ərazisinə daxil olduqları zaman ona paralel olaraq erməni silahlıları Azərbaycan ərazisini tərk etməli idi. Ancaq bu, baş vermədi. Deməli, üçtərəfli razılaşmanın şərtini Ermənistan tərəfi pozmuş oldu.

Bir müddət əvvəl, Azərbaycan Prezidenti İlham Əliyev məlum sənədin 4-cü bəndinin icra edilməməsi ilə bağlı etirazını maraqlı tərəflərə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdı. Bundan sonra erməni tərəfi bu maddədən doğan tələbin icrasını təhrif edərək bildirmişdir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılacaq, Qarabağa hərbi xidmət üçün erməni çağırışçı göndərilməyəcək, ancaq "özünümüdafiə qüvvəsi qalacaq". Bu cür yanaşma təbii ki, Azərbaycanı qane edə bilməzdi və elə bu səbəbdən də dövlət başçısı Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan torpaqlarımızla bağlı İrəvan qarşısında iki əsas məsələ qaldırdı və bu məsələlərin konkret həllini istədi: Qarabağın erməni silahlı qruplarının tam ləğvi, Laçın-Xankəndi yolu üzrə marşrutun dəyişdirilməsi.

Ermənistan yenə də məkrli niyyətindən əl çəkmədi, hərbi təxribat törətdi, mövqelərimizə cinah hücumlarını gerçəkləşdirdi, ordumuzun bir əsgəri şəhid oldu. Silahlı Qüvvələrimizin sərt cavabı isə gecikmədi və antiterror əməliyyatına start verildi. "Qisas" adlandırılan antiterror əməliyyatı nəticəsində düşmənin Yuxarı Oratağ məntəqəsində yerləşən hərbi hissəsinə havadan zərbə endirən ordumuz hücumu genişləndirərək erməniləri yerində oturda bildi. Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra başqa yüksəkliklər nəzarətə götürüldü.

Onu da deyək ki, sülhməramlıların mandatına uyğun olaraq fəaliyyət göstərməməsi səbəbindən ermənilərin qanunsuz silahlı dəstələri yaranır, Ermənistan hərbçiləri Azərbaycan ərazisində qalmaqda davam edirlər. Belə məqamda biri qanunsuz hərbi birləşmə, o biri isə işğalçı olduğu üçün, Azərbaycan Ordusunun onların hər ikisinə qarşı hərbi əməliyyatlar keçirmək hüququ var. Bu baxımdan da, onlar Azərbaycan torpaqlarında qaldıqları müddətdə "Qisas" əməliyyatına oxşar tədbirlərin keçiriləcəyi istisna edilmir.

 Laçına nəzarətin təmin edilməsi də uzaqgörən, müdrik siyasətin nəticəsidir. 2020-ci il 10 noyabr Bəyanatında göstərilmişdir ki, Laçın şəhərindən yan keçəcək yeni yol çəkilməli, üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Bu bənd Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə aparılan danışıqlarda Ermənistan üçün kapitulyasiya aktı sayılan Bəyanata məhz Prezident İlham Əliyevin təkidi ilə salınmışdı və qısa zamanda yeni yolun çəkilməsi təmin edildi. 32 kilometr uzunluqda olan yolun marşrutu ilə bağlı İkinci Qarabağ müharibəsindən dərhal sonra Rusiya tərəfi ilə danışıqlara başlanıldı və marşrut razılaşdırıldı. Elə Azərbaycan Ordusu da Laçın şəhərinə məhz bunun nəticəsində daxil oldu. Eyni zamanda, Azərbaycan öz vətəndaşları olan Qarabağda yaşayan ermənilərin müraciətinə də müsbət yanaşıb və Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4,8 kilometr qrunt yolu da tikdi. Bütün bunlardan sonra isə Ermənistanın Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşan erməniləri oradan çıxarmaq, Azərbaycanın tələblərinə boyun əyməkdən başqa çıxış yolu qalmadı. Beləliklə, Prezident İlham Əliyevin nəyi necə və nə vaxt etmək fəlsəfəsinin həyatiliyi, düzgünlüyü növbəti dəfə təsdiqini tapdı.

Bu məqamda tarixə qısa nəzər yetirmək lazım gəlir. Təəssüflə də olsa deməliyik ki, Azərbaycan torpaqlarının işğalı məhz Şuşa və Laçından başlamışdı. Vətən müharibəsində Şuşanın azad edilməsi Ermənistanın kapitulyasiyasını, Laçının Azərbaycanın tam nəzarətinə keçməsi isə ərazilərimiz üzərində suverenliyimizin tam bərpasına gətirib çıxardı. Laçın və Şuşanın işğalı bizi nə qədər kədərləndirirdisə, Şuşanın azad edilməsi Azərbaycan Ordusunun yenilməzliyini, xalqımızın müzəffər xalq olduğunu, Laçının tam nəzarətimizə keçməsi Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarından heç bir halda vaz keçməyəcəyini bütün dünyaya nümayiş etdirdi.

 Vətən müharibəsində tarixi Zəfərimizin ikinci ildönümünə az qalır. Nə xoş ki, bu sevinci bizə yaşadan Müzəffər Ali Baş Komandan və şanlı ordumuz məhz bu ərəfədə Zəfər üstünə Zəfər gətirdi. Zəfər isə xalqımıza çox yaraşır...

Zümrüd QURBANQIZI,

"Respublika".