İstinad nöqtəsi xəyallarıdır...
Siyasət

İstinad nöqtəsi xəyallarıdır...

Azərbaycanın siyasəti beynəlxalq hüquqa əsaslanır. Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində ədalət prinsiplərinə sadiqliyini bir daha vurğulayıb. Ölkəmiz uzun müddət işğal altında olan ərazilərini hüquqa və beynəlxalq qanunlara əsaslanaraq azad edib. Beynəlxalq hüquqla təsdiq edilmiş bu ərazilərin geri qaytarılması Azərbaycanın öz müqəddəratını təyinetmə və ərazi bütövlüyü uğrunda apardığı qanuni mübarizənin nəticəsidir. Buna baxmayaraq, bəzi qüvvələrin yalan təbliğatına məruz qalmışıq.

Haqlı mübarizəmizi təhrif etməyə yönəlmiş provokasiyaların, dezinformasiya səylərinin qarşısında ölkəmiz qətiyyətlə dayanıb. Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı təəssüf hissi ilə qeyd edib ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib: "Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insiuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir".

Əgər Azərbaycan işğalçı dövlət olsa idi, on illər boyu məsələnin sülh yolu ilə həllinə çalışmazdı. 44 günlük müharibədən sonra da ölkəmiz sülh danışıqları təşəbbüsü ilə çıxış edib. Lakin Ermənistan təxribatlarını və qeyri-adekvat mövqeyini davam etdirib. Keçən ilin dekabrında da Cozef Borrel qərəzli açıqlamaları ilə yadda qalıb. "Hətta ermənilərin özləri etiraf edirlər ki, bu cür təcrübəli Avropa diplomatı yalan danışır. Deyirlər ki, Qarabağı 100 min insan tərk edib, 150 min deyil. Yəni cənab Borrel bu tərzdə davam etsə, bir aydan sonra 200 min adam deyəcək. Ola bilər ki, cənab Borrel yuxular görür. Bu, tamamilə qəbuledilməzdir. Bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamlardır, bizim etmədiyimizlə bağlı ittihamdır", - deyə ölkə başçısı İlham Əliyev qeyd edib.

Görünür, cənab Borrelin yuxuları hələ də davam edir. Silah alan, təxribat törədən Ermənistandır, "hücum planı quran" Azərbaycan? Diplomat gördüyü yuxuların və Makronun təsiri ilə sərsəm açıqlamalar dilə gətirir. Cozef Borrel daim ölkəmiz haqqında qərəzli açıqlamalar verir. Məşhur avstriyalı psixoloq Ziqmund Freydə görə, kabuslar basdırılmış hisslərin, qorxuların ortaya çıxmasıdır. Yəqin ki, Azərbaycanın regional güc kimi ortaya çıxması cənab Borreli o qədər narahat edir ki, bunun təsiri ilə qarabasmalara məruz qalır. İkinci Qarabağ müharibəsindən sonra ölkəmiz yenə də Ermənistana qarşı humanist mövqeyini qoruyub. Bununla belə, İrəvan qeyri-konstruktiv mövqeyini hələ də davam etdirib. Üç il müddətində silahlı birləşmələrini Qarabağdan çıxarmayıb, bölgəyə əlavə silah-sursat daşıyıb, yeni minalar basdırıb. 2023-cü ilin sentyabrında antiterror tədbirləri ilə Azərbaycan suverenliyini təmin edib və regionda erməni separatizminin kökünü kəsib. Erməni separatçılarının Qarabağdan qovulması ölkəmizin torpaqlarını qoruma əzmini sübuta yetirib. Azərbaycan bu qətiyyətli addımı ilə öz milli birliyinə və təhlükəsizliyinə yarana biləcək hər hansı bir təhdidə dözməyəcəyinə dair açıq mesaj verib. Bundan sonra regionda qüvvələr balansının dəyişməsindən, Azərbaycanın bir güc kimi meydana çıxmasından narahat olanlar özlərini açıq şəkildə büruzə verməyə başlayıb.

Azərbaycan birmənalı olaraq öz torpaqlarından geosiyasi oyunlarda istifadə edilməsinin əleyhinə olduğunu dəfələrlə bildirib. Bu prinsipial mövqeyimizlə dövlətlərin etimadını və dəstəyini qazanmışıq. Respublikamız suverenliyə sadiqliyini nümayiş etdirməklə regional güclərlə diplomatik əlaqələri möhkəmləndirib. Bu etimad Azərbaycanın strateji tərəfdaş kimi etibarlılığını sübut edir və Cənubi Qafqazda sabitliyə töhfə verir. Lakin ölkəmizin birmənalı mövqeyinə baxmayaraq, Qərb dairələri Ermənistan hakimiyyətinin zəifliyindən istifadə edərək regiona müdaxilə cəhdlərini davam etdirirlər. Rəsmi İrəvanın qeyri-sabit siyasəti kənardan manipulyasiya üçün uyğun şərait yaradır. Bu aktorlar hayların zəif cəhətlərindən istifadə etməklə ölkəmizi lüzumsuz qarşıdurmalara sürükləməyə, sülh və sabitliyə yönəlmiş səylərə zərbə vurmağa çalışırlar.

Bütün qarşıdurma yaratma cəhdlərinə baxmayaraq, Azərbaycan beynəlxalq hüquqa əsaslanan uğurlu diplomatik kursu davam etdirməkdə qərarlıdır. Azərbaycan dialoq və əməkdaşlığa üstünlük verməklə regional sabitliyi qorumağa çalışır və qonşuları ilə konstruktiv münasibətləri inkişaf etdirir. Həmçinin ölkəmiz kənar müdaxilələrlə təhlükəsizliyimizə xələl gətirmək istəyənlərə qarşı da qətiyyətli mövqeyini qoruyur.

Nurcan SÜLEYMANOVA,

"Respublika".