Zəngəzur dəhlizi ölkəmizə yeni dividendlər qazandıracaq
Siyasət

Zəngəzur dəhlizi ölkəmizə yeni dividendlər qazandıracaq

Xüsusi əhəmiyyət kəsb edən layihələr dünyanın əksər ölkələri arasında iqtisadi və ticari əlaqələrin yaranmasında mühüm rol oynayır.

Bəzən ərazi iddiası səbəbindən bir-biri ilə amansız müharibə aparan dövlətlər də qarşılıqlı maraqlar çərçivəsində yenidən birləşir və birgə əməkdaşlıq edirlər. Bu cür qlobal əhəmiyyətli layihələrdən biri də Zəngəzur dəhlizidir. Məlum olduğu kimi, Ermənistanın 30 il boyunca işğal altında saxladığı və viran qoyduğu ərazilərimizdə genişmiqyaslı layihələr reallaşdırılır. Ölkəmizin qarşısında dayanan prioritet məsələlər arasında işğaldan azad edilmiş əraziləri gülüstana çevirməklə yanaşı, Zəngəzur dəhlizinin açılması da yer alır.

Çünki Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını (Ordubad rayonunu) birləşdirəcək bu yol Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olmağa şərait yaradacaq. 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin nəqliyyat-kommunikasiya, həmçinin logistika imkanlarının genişləndirilməsi istiqamətində təqdirəlayiq addımlar atılıb. Zəfərimizin rəmzinə çevrilən Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda da Zəngəzur dəhlizinin açılması məsələsi qeyd olunub. Çünki Zəngəzur dəhlizinin açılması Naxçıvan Muxtar Respublikasının blokada şəraitinə son qoymaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışı da təmin edəcək.

Zəngilanla Naxçıvanı cəmi 40 kilometrlik Zəngəzur dəhlizi ayırır. Bu nəqliyyat yolunun bərpa olunması, özlüyündə yeni iqtisadi perspektivlər də yaradacaq. Eyni zamanda dəhliz Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirəcək. Zəngəzur dəhlizi lokal, regional və interkontinental müstəvidə də çox böyük əhəmiyyətə malikdir. Belə ki, dəhlizin lokal əhəmiyyətinə nəzər yetirsək, onun yeni nəqliyyat yolunun keçdiyi ölkələrdə inkişafı stimullaşdıran faktor kimi çıxış etdiyini söyləmək mümkündür. Zəngəzur dəhlizinin açılması ilə respublikanın cənub-qərb rayonları, Ermənistanın Sünik bölgəsi və Türkiyənin şərq vilayətlərinin biri-birinə bağlanması da reallaşa bilər. Bütün bunlar dəhlizin bölgənin iqtisadi yüksəlişinə mühüm töhfə verəcəyini bir daha təsdiqləyir. Dəhlizin regional siyasi konfiqurasiya çərçivəsində böyük önəm kəsb edən Naxçıvan Muxtar Respublikası ilə alternativ keçid yaradacağını da söyləməliyik. Bundan əlavə, Zəngəzur dəhlizinin Rusiya və Türkiyə arasında Gürcüstandan yan keçən yeni istiqaməti onun regional əhəmiyyətini daha da ön plana çəkir. Dəhlizin interkontinental əhəmiyyətinə gəldikdə isə Çinin son illərdə artan iqtisadi nəqliyyat şəbəkəsinə alternativlik gətirməsini qeyd etməliyik. Bununla Çindən gələn məhsullar birbaşa Türkiyənin şərq vilayətlərinə, oradan da Aralıq dənizi və ya İstanbul boğazları vasitəsilə Avropaya daşına bilər.

Zəngəzur dəhlizinin gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya edilməsi ilə Avropa və Asiya qitələri arasında önəmli ticarət marşrutu kimi formalaşmaq potensialı da mövcuddur. Zəngəzur dəhlizinin açılması siyasi, iqtisadi, təhlükəsizlik baxımından da xüsusi əhəmiyyətə malikdir. Dəhliz Cənubi Qafqaz regionunda əməkdaşlıq mühitinin təmin olunması üçün münbit şərait yaradacaq, türk dünyasının birləşməsinə təkan verəcək. Həmçinin Cənubi Qafqaz, türk dünyası və Avropa qitəsi arasında ticarət əlaqələri də güclənəcək. Bu isə siyasi kataklizmlərin azalmasına müsbət təsir göstərəcək. Beləliklə, iqtisadi maraqlar, əməkdaşlıq ön plana çıxacaq.

İkinci Qarabağ savaşı və ötən ilin sentyabrında baş tutan 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm addım oldu. Bu günədək layihənin reallaşmasına mane olan əsas məqam Ermənistanın destruktiv mövqeyi idi. Amma son dövrlərdə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması fonunda qarşı tərəfin ritorikasında müsbət dəyişikliklər müşahidə olunur. Şübhəsiz, Ermənistan tərəfi dəhlizin açılması ilə asanlıqla razılaşmayacaq. Fəqət region ölkələrinin də bu layihəyə marağını nəzərə alsaq, Zəngəzur dəhlizinin açılacağını söyləyə bilərik.

Nəzrin ELDARQIZI,

"Respublika".