Politoloq: İspaniya beynəlxalq hüquqa hörmət etməyi bacarmalıdır
Siyasət

Politoloq: İspaniya beynəlxalq hüquqa hörmət etməyi bacarmalıdır

Xəbər verdiyimiz kimi, İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi “X” sosial media platformasında Azərbaycan ərazilərində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma separatçı rejimi dəstəkləyən təxribat xarakterli paylaşım etmişdi. Bununla bağlı İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Patrisia Serrano Sançez Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb və ona İspaniya rəsmisinin Ermənistanın Azərbaycanın suveren ərazisində qurduğu qanunsuz separatçı rejimi təbliğ edən "X" paylaşımının qəbuledilməz olduğu və öz ərazisində separatizmlə mübarizə aparan İspaniya kimi ölkə tərəfindən belə bir addımın atılmasının anlaşılmaz olduğu vurğulanıb. Bu qeyri-konstruktiv yanaşmanın Azərbaycan-İspaniya münasibətlərinin ruhuna uyğun gəlmədiyi və Azərbaycan tərəfindən qətiyyətlə pislənildiyi diqqətə çatdırılıb.

Məsələ ilə bağlı “Respublika”ya açıqlama verən siyasi şərhçi Tural İsmayılov bildirib ki, İspaniyanın Azərbaycanın  ərazi bütövlüyünü şüphə altına alan açıqlama verməsi birmənalı şəkildə qəbuledilməzdir:

“İlk növbədə İspaniya beynəlxalq hüquqa hörmət etməyi bacarmalıdır. Bundan başqa Azərbaycan Avropanın enerji təhlükəsizliyində də çox vacib rola malikdir. Nəzərə almaq lazımdır ki, uzun illər İspaniya bask qrup tərəfindən etnik separatçılıq hallarına məruz qalıbdır. Bu baxımdan özü etnik separatçılıq ilə üzləşən bir ölkənin nazirinin Azərbaycan ərazisindəki qondarma rejimi dəstəkləməyə çalışması,  bununla bağlı qərəzli mövqe ortaya qoyması başadüşülən və qəbuledilən deyil. Bu həm dəyərlərin, həm də prinsiplərin kobud şəkildə tapdalanmasıdır. Hesab edirəm ki, bu məsələdə kifayət qədər ağıllı və diqqətli davranmaq lazımdır. Çünki Azərbaycan ərazisində hansısa bir separatçılıq meyillərini dəstəkləmək, onunla bağlı çağırışlar etmək ölkələrin özünə qarşı ən böyük hörmətsizliyi deməkdir.”,-deyə politoloq qeyd edib.

Musa Bağırlı,

“Respublika”.