Politoloq: Füzuliyə növbəti qayıdış Qarabağın müsbət inkişafından xəbər verir
Digər xəbərlər

Politoloq: Füzuliyə növbəti qayıdış Qarabağın müsbət inkişafından xəbər verir

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Avqustun 22-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 23 ailə - 89 nəfər köçürülüb. Köçürülən ailələr Füzuli şəhərində yeni tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 70 ailə, yəni 247 nəfərin daimi məskunlaşması təmin edilib.

Mövzu ilə bağlı “Respublika”ya açıqlama verən siyasi şərhçi Qabil Hüseynli soydaşlarımızın 30 ildən sonra öz dədə-baba torpaqlarına qayıtmasının tarixi əhəmiyyətə malik olduğunu bildirib: “Bu gün Füzuliyə növbəti köç karvanı baş tutub. Həqiqətən də bu, çox tarixi əhəmiyyətə malikdir. İndiyə qədər biz Zəngilanın Ağalı kəndinə, Tərtər rayonun Talış kəndinə, Laçına soydaşlarımızın qayıtmasını müşahidə etmişik. Artıq Qarabağın bir hissəsi olan Füzuli şəhəri də hissə-hissə doğma sakinlərinə qucaq açır və qeyd edim ki, bu, bizi çox sevindirir.”

Politoloqun sözlərinə görə, Füzuli şəhərinə əhalisinin qaytarılması bir daha onu təsdiq edir ki, Qarabağda abadlıq-quruculuq işləri sürətlə davam edir: “Qarabağ sürətlə öz yaralarını sarıyır, bölgədə öz əhəmiyyətini və rolunu artırır. Füzuli şəhəri Azərbaycanın ən qədim şəhərlərindən biridir. Buraya əhalinin qayıdışını da nəzərdə tutaraq demək istəyirəm ki, Füzuliyə növbəti qayıdışın baş tutması Qarabağın gələcəkdəki müsbət inkişafından xəbər verir. Heç bir şübhə etmək lazım deyildir ki, bu ölkə insanlarımızın nəfəsi, onların quruculuq əzmi, torpağa məhəbbəti ilə yenidən canlanacaq. Üstəlik, bir daha Azərbaycan geniş iqtisadi potensiala sahib olduğunu və ermənilərin yağmaladığı, dağıtdığı əraziləri sürətlə bərpa etdiyini ortaya qoymaqla, bölgədə iqtisadi gücünə güc qatacaq”-deyə, Qabil Hüseynli vurğulayıb.

Musa BAĞIRLI,

“Respublika”.