Poçt şöbəsində baş vermiş mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Poçt şöbəsində baş vermiş mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki "Azərpoçt" MMC-nin 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsində nağd pul vəsaitləri ilə bağlı çatışmazlığın yaranmasına dair daxil olmuş müraciət əsasında Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılıb.

Binəqədi Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla həmin poçt şöbəsinin sabiq müdiri Gülnarə Xəlilovanın işlədiyi 2021-ci il 12 iyul tarixdən 2021-ci il 12 sentyabr tarixinədək olan müddətdə şöbənin xəzinəsindəki 16 min 500 manat və 4500 ABŞ dolları məbləğində nağd pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

AZƏRTAC