Penitensiar Xidmətdə əməliyyat müşavirəsi
Digər xəbərlər

Penitensiar Xidmətdə əməliyyat müşavirəsi

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Baş İdarəsində Ədliyyə Nazirliyinin məsul əməkdaşları və Xidmətin tabe qurumlarının rəhbər heyətinin iştirakı ilə 2023-cü ilin birinci yarımili ərzindəki fəaliyyətin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi, ədliyyə polkovniki Mirsaleh Seyidov müşavirəni açaraq, ilk növbədə, möhtərəm Prezident İlham Əliyev tərəfindən Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsinə təyinatını təkcə ona deyil, Penitensiar xidmətin kollektivinə göstərilən böyük inam və etimad olduğunu vurğulayaraq sağlam meyarlar üzərində dövlətçiliyə və dövlətə sədaqətlə xidmət edərək bundan sonra da yüksək əzmlə çalışaraq müsbət nailiyyətlər əldə olunacağını qeyd etdi. Nazir müavini bildirdi ki, ümummilli liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla addımlayan müstəqil Azərbaycan bu gün ən güclü dövrünü yaşayır, möhtərəm Prezidentin rəhbərliyi ilə yeni strateji nailiyyətlərə müvəffəq olur, milli dövlətçilik tariximizin növbəti şərəfli və qürurlu səhifələri yazılır. İşğaldan azad edilmiş, üçrəngli bayrağımızın qürurla və əzəmətlə dalğalandığı ərazilərə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər bir səfəri təntənəli zəfər yürüşünün davam etdiyini göstərir, qalib Azərbaycanın Böyük Qayıdışı, dayanıqlı və layiqli məskunlaşmanı yüksək səviyyədə təmin etmək iqtidarında olduğunu dünyaya nümayiş etdirir. Bu gün hər birimiz dövlət başçısına layiqli yardımçı olmaq üçün daha məsuliyyətlə çalışaraq üzərimizə düşən vəzifələri şərəflə yerinə yetirməliyik.

Nazir müavini hesabat dövrü ərzində Penitensiar sahədə görülmüş işlər, yol verilmiş nöqsanlar və qarşıda duran hədəflər barədə məlumat verərək bildirib ki, Azərbaycan xalqının ümummilli lider, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi Xidmətin bütün qurumlarında yüksək minnətdarlıq hissi ilə geniş qeyd olunmuş, yubiley münasibətilə ölkə başçısının 801 məhkuma şamil olunan Əfv Sərəncamı vaxtında və qüsursuz icra edilmişdir. Penitensiar müssisələrdə əməliyyat şəraiti sabit saxlanılmış, həbs edilmiş şəxslərin və məhkumların hüquqlarının daha etibarlı qorunmasına yönəlmiş tədbirlər davam etdirilmişdir. Penitensiar Xidmətin fəaliyyətində müsbət nailiyyətləri qeyd etməklə yanaşı, yolverilmiş nöqsanların qısa zamanda aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bildirən nazir müavini hər bir əməkdaşın fəaliyyətində qanunçuluq, dövlətə - dövlətçiliyə sədaqətli xidmət prinsipini rəhbər tutmağa borclu olduğunu diqqətə çatdırıb və qeyd edib ki, korrupsiyaya şərait yaradan hallarla bağlı sərt mübarizə aparılacaq, ən ciddi tədbirlər görüləcəkdir. Penitensiar Xidmətin fəaliyyətində innovativ texnalogiyaların tətbiq ediləcəyini, bütün fəaliyyət istiqamətlərinin daha səmərəli təşkil olunacağını diqqətə çatdırıb.

Xidmətin 2023-cü ilin birinci yarımili ərzindəki fəaliyyətin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edən Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov qeyd edib ki, ötən dövr ərzində Penitensiar Xidmət bütün fəaliyyət istiqamətləri üzrə məqsədyönlü tədbirlər həyata keçirmiş, penitensiar müəssisələrdə fövqəladə hallara, o cümlədən kütləvi iğtişaşlara yol verilməmiş, cinayətlərin profilaktikası, narkotiklərin və qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsi ilə mübarizədə müsbət nəticələr əldə edilmişdir. Müşavirənin davamında penitensiar müəssisə rəhbərlərinin çıxışları dinlənilib, nazir müavini tərəfindən ədliyyə nazirinin əmrləri ilə növbəti yüksək rütbə almış əməkdaşlar təntənəli şəkildə təbrik edilib, rəhbər vəzifələrə yeni təyinatlarla bağlı əmrlər şəxsi heyətin diqqətinə çatdırılıb.

Mustafa KAMAL,

"Respublika".