PARLAQ QƏLƏBƏ QAZANAN PREZİDENT VƏ YA DÖVLƏTÇİLİYİN ƏN YÜKSƏK SƏVİYYƏSİ
Digər xəbərlər

PARLAQ QƏLƏBƏ QAZANAN PREZİDENT VƏ YA DÖVLƏTÇİLİYİN ƏN YÜKSƏK SƏVİYYƏSİ

Yaşadığımız dövr tariximizə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin memarı olduğu milli dövlətçiliyimizin inkişafı və möhkəmlənməsi dövrü kimi yazılacaq. Respublikamızın hər bir vətəndaşı bu gün demokratik dəyərlər əsasında inkişaf edən və dünyada böyük nüfuza malik olan müstəqil ölkədə yaşamağından qürur duyur. Bu gün müstəqil Azərbaycan demokratiya və hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyir.

2024-cü il Azərbaycan xalqı üçün yaddaqalan il olacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin daxili və xarici siyasətinin perspektivlərinin əsas istiqamətlərini aydın və düzgün şəkildə müəyyənləşdirərək artıq beşinci dəfədir ki, prezident seçkilərində parlaq qələbə qazandı.

7 fevral tarixində keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri İlham Əliyevə ümummilli etimadı bir daha əyani şəkildə nümayiş etdirdi. Ölkəmizin bütün şəhər, rayon, qəsəbə və kəndlərində, habelə xaricdə yaşayan vətəndaşları ruh yüksəkliyi ilə xalqımıza böyük Zəfəri yaşadan siyasi liderimizə səs verdi.

Bu tarixi seçkilərin ilk dəfə olaraq erməni işğalından azad olunmuş torpaqlarımızda da keçirilməsi, Qarabağda 26 seçki dairəsinin yaradılması, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin Xankəndidə səs verməsi çox qürurvericidir.

16 saylı Yasamal ikinci Dairə Seçki Komissiyasının üzvü kimi mən, Yasamal rayon sakinlərinin möhtərəm Prezidentimiz İlham Əliyevə göstərdiyi etimadın, böyük sevginin canlı şahidi oldum. Seçki dairəsinə daxil olan 39 seçki məntəqəsində 41 min 404  seçicinin böyük əksəriyyəti, yəni 38 min 547 nəfəri (93%) İlham Əliyevə səs verdi. Dairə və məntəqə seçki komissiyalarında 242 nəfər (sədrlər, katiblər və üzvlər) böyük həvəslə çalışırdı.

XX əsrin görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin siyasi kursunu onun layiqli varisi - İlham Əliyev bu gün uğurla davam etdirir.

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyev siyasətinin ardıcıllığını təmin edərək onun bərqərar etdiyi dövlət müstəqilliyini gücləndirməklə, balanslaşdırılmış siyasəti sayəsində Azərbaycan həm daxili, həm də xarici siyasətdə böyük zirvələrə yüksəlmişdir.

Prezidentimizin bütün həyat yolu atası, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdən, Azərbaycan tarixində görkəmli qadın - anası, akademik Zərifə Əliyevadan genetik olaraq ona miras qalmış zəhmətkeşliyin, zehni prinsipin və nəhəng iradənin xrestomatiyasını təcəssüm etdirir.

Bu baxımdan eramızdan əvvəl V əsrdə yaşamış qədim Çin mütəfəkkiri Konfutsinin: "Əgər özünü təkmilləşdirirsənsə, dövləti idarə etmək məyər çətinmi olacaq?" - ifadəsi olduqca səciyyəvidir. İlham Əliyev dövlətin necə müdrik, səmərəli və fədakar şəkildə idarə olunduğunu bütün dünya birliyinə öz nümunəsində nümayiş etdirir.

Ölkə Prezidenti İlham Əliyev şəxsi keyfiyyətləri, yüksək səviyyəli peşəkar hazırlığı və dövlət quruculuğu təcrübəsinə, bənzərsiz xarizmaya malik dövlət xadimidir. O, fövqəladə şəxsiyyətdir. Onun nitq və çıxışlarında milli maraqların dərin anlayışı, Azərbaycan mentalitetinin mədəni və mənəvi əsasları əksini tapır.

İlham Əliyevin bütün həyatı səhifələrində Vətəninə, xalqına xidmət nümunəsinin, qədim Azərbaycan dövlətçiliyini hərtərəfli möhkəmləndirən əməllərinin qızıl hərflərlə yazılan qəhrəmanlıq dastanına bənzəyir.

Prezident İlham Əliyevin mühüm işlərinin panoramı təkcə Azərbaycanda deyil, bütün dünyada insanların uğurlu dövlət xadimi, dövlət başçısı haqqında təsəvvürlərini üstələyir.

Ermənistan tərəfindən işğal olunmuş tarixi torpaqlarımızın 44 günlük Vətən müharibəsində  azad edilməsi zamanı xalqın öz lideri ətrafında bir yumruq kimi birləşməsi, Prezident İlham Əliyevin müdrik, çoxşaxəli daxili və xarici siyasəti nəticəsində milli birliyimizin möhkəmləndirilməsinin bariz nümunəsi idi.

Azərbaycan xalqının qürur mənbəyi olan Prezident İlham Əliyevin yorulmaz, tükənməz zəhmətinin bəhrəsi, onun çoxillik düşüncə və planlarının məhsulu olan, işğalçı qüvvələr üzərində tam və qeyd-şərtsiz Qələbəni, Böyük Zəfərimizi təmin edən, ölkəmizin ərazi bütövlüyünü bərpa edən Azərbaycan Respublikasının Silahlı Qüvvələridir.

İlham Əliyevin ordunun ehtiyaclarını daim diqqət mərkəzində saxlaması, ordumuzun maddi-texniki bazasının təkmilləşdirilməsi və möhkəmləndirilməsi istiqamətində titanik əməyi yüzlərlə, minlərlə Azərbaycan əsgər və zabitinin qəhrəmanlığının tükənməz mənbəyi oldu. Hər bir azərbaycanlı üçün müqəddəs olan Vətən müharibəsi zamanı diplomatik, hərbi-texniki qarşıdurmaların, siyasi təzyiqlərin baş verməsinə baxmayaraq, Ali Baş Komandan İlham Əliyev məqsədyönlü, məntiqli siyasət aparmış və bunun  nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin texniki, taktiki və mənəvi-psixoloji hazırlığının ən yüksək səviyyəsinə nail olmuşdur. 

Azərbaycanın dövlət başçısının beynəlxalq miqyaslı bir siyasi xadim kimi güclənən nüfuzu, istər regional miqyasda, istərsə də bütün dünya ictimai-siyasi məkanında müsbət rezonans doğurur.

Ölkəmizin dirçəlişində və tərəqqisində, onun bəşər sivilizasiyası piramidasının zirvələrinə intensiv yüksəlişində respublikanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın da rolu əvəzsizdir.

Dərin intellektual, fəlsəfi təfəkkürə malik olan Mehriban xanım, Azərbaycan Prezidenti İlham Əliyevin həm xarici, həm də daxili siyasətində fəal və səmərəli şəkildə iştirak edərək Vətənə fədakarlıqla xidmət edir.

Bu gün insanlar siyasi sabitliyin mahiyyətini, onun dövlətin və millətin inkişafında oynadığı rolu dərk edirlər. Bu sabitliyin qarantı və onun təminatçısı Azərbaycan Prezidenti İlham Əliyevdir. Prezidentimizin balanslaşdırılmış və dərindən düşünülmüş, müdrik siyasəti sayəsində ölkəmiz dövrümüzün qlobal problemləri labirintində çığır açır, özünəməxsus yer tutur.

Dünya sürətlə dəyişir, dəyişikliklərin sürəti arta da bilər, lakin Prezidentimizin müdrik siyasəti sayəsində biz buna hazırıq. Prezidentimizin üstün cəhəti onun hadisələrə reaksiyasının sürətində, düşüncə genişliyindədir.

Təbiidir ki, Azərbaycan Prezident İlham Əliyevin sayəsində möhtəşəm tərəqqinin çox mühüm təməlini qoyub və bu gün dünyanın çiçəklənən ölkələri sırasında öz layiqli yerini tutub.

Lətifə MƏMMƏDOVA,

tarix üzrə fəlsəfə doktoru,

Yasamal Rayon Mərkəzləşdirilmiş

Kitabxana Sisteminin direktoru,

Fəxri mədəniyyət işçisi.