Parisin hay sevdası
Siyasət

Parisin hay sevdası

Fransanın mədəniyyət naziri Rima Əbdül Mələkin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 25-27-də Ermənistana rəsmi səfərə gəlib. Ziyarətin məqsədi isə "dostluq münasibətlərinin möhkəmliyini təsdiqləmək və Fransa ilə Ermənistanı birləşdirən tarixi və mədəni əlaqələri daha da gücləndirmək" olub.

Lakin bəlli məsələdir ki, burada söhbət hər hansı dostluq, qardaşlıq münasibətindən getmir. Hələ fransalı nazirin nə deyəcəyi, mətbuata hansı bəyanatlar verəcəyi əvvəldən bəlli olub. Belə ki, Rima Əbdül Mələk təyyarədə anti-Azərbaycan mövqeyi ilə tanınan, erməni lobbisinin sözçüsü kimi fəaliyyət göstərən fransız parlamentari, Fransa Milli Assambleyasındakı Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorans ilə birgə gəlib.  Erməni lobbilərinin bu günə qədər fransalı parlamentarilərə rüşvət verərək öz mövqelərinə uyğun çıxış etdirmələri aydın məsələdir. Göründüyü kimi, burada sadə məntiq var: lobbi fransalı naziri özü ilə birgə gətirir, qarşılığında da nazir məhz onların verdiyi məlumatları və tezisləri əsas götürərək iddialar irəli sürür.

Bundan başqa, Rima Əbdül Mələk Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Görüş zamanı Paşinyan Ermənistan-Fransa münasibətlərinin yüksək səviyyədə olduğunu və intensiv xarakter daşıdığını vurğulayıb, həmçinin ikitərəfli əməkdaşlığı, müxtəlif layihələrin icrasını və bir sıra məsələləri müzakirə edib. Görünür, fransalı nazir mədəniyyətdən daha çox ikili münasibətlərə, regiona önəm verir. Çünki az da olsun statistikaya nəzər salsaydı görərdi ki, istər mədəni, istərsə də təhsil sahəsində Ermənistan acınacaqlı vəziyyətdədir. Hər il Qərb qonşumuzda müəllimlərin sayı daha da azalır. Bunun səbəbi isə ildən-ilə şagirdlərin sayının azalmasıdır. Fransalı nazir bu statistikaya önəm versəydi, Ermənistana neçə illər bundan qabaq ziyarət edər, "vəziyyəti necə düzəltmək olar?" sualına cavab axtarardı.

Bundan başqa, Rima Əbdül Mələk Ermənistanın bir sıra əsas mədəniyyət yerlərinə və müəssisələrinə, həmçinin qondarma "erməni soyqırımı" abidəsinə baş çəkib. Mədəniyyət naziri erməni həmkarı ilə də görüşüb. Lakin burada qeyd olunmalı əsas məqam odur ki,  Qarabağda 10 mindən çox yer adı, daşınmaz tarixi və mədəniyyət abidəsinin adları və yüzlərlə toponim dəyişdirilərək erməni adları ilə əvəz edilib. Həmçinin tarixi və mədəniyyət abidəsi, o cümlədən memarlıq, arxeoloji, bağ-park, monumental və xatirə abidəsi, muzey, muzey eksponatı, dövlət rəsm qalereyası, rəsm əsərləri, kitablar, arxivləşdirilmiş sənədlər, mindən çox vətəndaşın şəxsi kolleksiyasına aid, tarixi əhəmiyyətli ov və məişət əşyaları dağıdılıb, məhv edilib və ya mənimsənilib. Bunların heç biri fransalı nazir tərəfindən dilə gətirilməyib, əksinə, qondarma soyqırımı abidəsini ziyarət edib, Qarabağ bölgəsindəki tarixi və mədəni abidələrin təhlükə altına düşməsi ilə bağlı iddialar qaldırıb və onları qorumaq üçün müxtəlif mexanizmlərin yaradılmasına çağırış edib. Bu, tamamilə qəbuledilməzdir. Həqiqəti əks etdirməyən bu iddialar Fransanın qərəzli mövqeyinin nəticəsidir. Bundan başqa, Fransa nə keçmiş Ermənistan-Azərbaycan münaqişəsində vasitəçi kimi, nə də UNESCO çərçivəsində nüfuzlu ölkə kimi heç vaxt Ermənistan tərəfindən Azərbaycan ərazilərində mövcud tarixi, mədəni və dini abidələrin tamamilə dağıdılmasından narahatlığını ifadə etməyib. Azərbaycanın 30 il müddətində etdiyi müraciətlərə baxmayaraq, rəsmi Paris bu çağırışlara məhəl qoymayıb.

Fransanın başqa xalqlara məxsus tarixi və mədəniyyət sərvətlərini müsadirə etmiş ölkə olaraq belə iddialar qaldırmağa heç bir mənəvi haqqı yoxdur. Azərbaycan bu günə qədər Fransa da daxil olmaqla bir çox ölkələrin, dinlərin abidələrini qoruyub, saxlayıb, yenidən bərpa edib. Hazırda Azərbaycan Respublikasında 10-dan çox erməni kilsəsi və digər dinlərə mənsub müqəddəs məbədlər mövcuddur. Bununla yanaşı, son illərdə Rus Pravoslav Baş Kafedral Kilsəsi, "Xilaskar" Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsi dövlətimiz tərəfindən təmir edilib. Həmçinin, Bakıda Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun "Tolerantlığın  ünvanı - Azərbaycan" layihəsi çərçivəsində reallaşdırılıb, erməni kilsəsi təmir edilib. Bundan başqa, hazırda Qarabağ bölgəsində bir sıra dini məbədlər, ocaqların təmiri artıq başa çatıb. Burada gedən işlər sırasına təkcə İslam dininə aid məbədlər, məscidlər deyil, həmçinin kilsələr, sinaqoqlar da daxildir. Bu baxımdan, Laçında yerləşən Ağoğlan monastırı xüsusi yer tutur. Bütün bu faktlar BMT-nin regiona gələn iki missiyası tərəfindən də təsdiqlənib.

Ermənistanın tarixi yerlərimizi tövlə halına gətirməsinə baxmayaraq, Azərbaycan onları yenidən təmir edir. Lakin bu faktların heç biri Fransa tərəfindən qəbul edilmir.

Maraqlısı da odur ki, Rima Əbdül Mələk ilk iş təcrübəsini Aclıq və İnkişafla Mübarizə Katolik Komitəsində xidmət edərək əldə edib. Lakin görünür, fransalı nazir keçmiş xeyirxah günlərini unudub. Çünki Rima Əbdül Malak ölkəsinin bu günə qədər Afrika, Cənub-Şərqi Asiya, habelə Sakit Okean regionu və Latın Amerikasında müstəmləkəyə çevirdiyi, təbii sərvətlərini taladığı, tarixini və mədəniyyətini silməyə çalışdığı ölkələrlə bağlı narahatlıq keçirməyib. Nə də ki, UNESCO, AŞPA tərəfindən araşdırılması üçün təşviq edilməyib. Qarabağa göstərilən marağın 100-də biri Korsikaya göstərilməyib. Hər hansı faktaraşdırıcı missiyadan söhbət belə getməyib. Fransanın ikili  mövqeyi, onun özünə sərf etdiyi kimi addım atması Makron hakimiyyətinin riyakarlığından xəbər verir. Lakin unudulmamalıdır ki, Cənubi Qafqaz regionundakı vəziyyət sadəcə Azərbaycan və Ermənistanı maraqlandırır. Hər iki ölkə öz aralarında məsələni həll etməlidir. Fransa tərəfi Azərbaycanın daxili işlərinə qarışmamalı və bu cür təxribat xarakterli bəyanatlara son qoymalıdır.

Töhfə SƏMƏDOVA,

"Respublika".