Özbəkistandan gələn nümayəndə heyəti Hüquq və İnsan Haqları İnstitutunun qonağı olub
Sosial həyat

Özbəkistandan gələn nümayəndə heyəti Hüquq və İnsan Haqları İnstitutunun qonağı olub

Yanvarın 25-də İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Ali Qanunvericilik Palatası sədrinin birinci müavini və Milli İnsan Hüquqları Mərkəzinin rəhbəri Akmal Saidovun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşüb. Görüşdə Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Baxrom Aşrafxanov da iştirak edib.

M.Quluzadə İnstitutun fəaliyyəti barədə ətraflı məlumat verib. İdarə Heyətinin sədri İnstitutun insan hüquqları sahəsində apardığı maarifləndirici tədbirlər barədə danışarkən vurğulayıb ki, ötən il yerli icra hakimiyyətlərinin və DİN-in əməkdaşlarına, məhkəmə işçilərinə, həmçinin vəkillərə və hüquqşünaslara İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycana qarşı çıxardığı qərarlarla bağlı silsilə təlimlər təşkil olunub. O, İnstitutda “İnsan hüquqları virtual kitabxanası”nın fəaliyyət göstərdiyini, kitabxananın “oflayn” versiyasının qadın cəzaçəkmə müəssisəsində də yaradıldığını və istifadəçilərə xidmət göstərən kitabxananın hüquq vəsaitlərinə böyük tələbat olduğunu diqqətə çatdırıb.

Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini A.Saidov bildirib ki, Özbəkistan adından beynəlxalq təşkilatlara təqdim olunan insan hüquqlarına dair bütün hesabatlar Ali Qanunvericilik Palatası ilə məsləhətləşdirilir. Özbəkistanda da Hüquq və İnsan Haqları İnstitutu kimi fəaliyyət göstərən və cəmiyyətin maarifləndirilməsi üçün mühüm tədbirlər həyata keçirən analoji qurumun – Milli İnsan Hüquqları Mərkəzinin olduğunu qeyd edərək, gələcəkdə İnstitutla bağlanılacaq ikitərəfli əməkdaşlıq sazişinin çox faydalı olacağını vurğulayıb.

“Respublika”.