Təlim-tərbiyədə stereotiplər, mülahizələr
Sosial həyat

Təlim-tərbiyədə stereotiplər, mülahizələr

Cəmiyyətdə hər zaman müəllimə, onun peşəsinə böyük rəğbət, hörmət olub. Hətta bəzən bu peşə sahiblərini qeyri-adi insanlar bilmişik. Sovet dövrünün uşaqları, hazırda orta yaş kateqoriyasına aid olan nəsil məktəb illərində elə zənn edirdi ki, müəllimlər yemək yemir, su içmir. Sanki onları müqəddəs varlıq kimi qəbul edirdilər. Kiminsə evinə müəllim qonaq gələrdisə, o ailədə olan məktəbli uşaqlar gözə dəyməzdilər, onlardan çəkinərdilər. Zaman dəyişdiyi kimi, şərtlər, tələblər də dəyişdi. İndinin şagirdlərinə sadaladığımız nəsnələr gülməli, absurd görünə bilər. Ancaq bu, o demək deyil ki, onlar müəllimləri sevmir. Əksinə, müasir təhsil sisteminə görə müəllim-şagird münasibətləri daha müasirdir. Lakin bütün bunlarla yanaşı, aktual problemlər də mövcuddur. Onlardan biri də məktəblərdə kişi müəllimlərin az olmasıdır.

Ötən illərə, əsasən də sovet dövrünə nəzər yetirsək, görərik ki, məktəblərdə qadın müəllimlər xüsusilə ibtidai siniflərdə, bir qisim də əsasən humanitar fənləri tədris edirdi. Kişi müəllimlər isə çox idi. Lakin 1990-cı illərin əvvəllərindən başlayaraq, pedaqoq peşəsinin əhəmiyyəti azaldı. Bunun əsas səbəblərindən biri əməkhaqqının aşağı olması, digər bir səbəb isə nədənsə cəmiyyətdə müəllim peşəsinin "qadın peşəsi" kimi hesab edilməsi idi. Nəticə etibarilə tələbə oğlanların böyük əksəriyyəti hər iki səbəb üzündən müəllimlik peşəsini deyil, digər sahələri seçirlər. Məsələnin kökündə dayanan səbəb və məqsədlər böyük sual doğurur. Axı nədən, niyə kişilər pedaqoji sahədən, müəllimlikdən kənar dururlar?

Uşaqların xarakteri məktəblərdə formalaşır. Aydın məsələdir ki, onların tərbiyəsində müəllimlərin təsiri valideynlərdən daha çox olur. Çünki uşaq günün böyük bir hissəsini məktəbdə keçirir, müəllimlərlə təmasda olur. Təhsil ocağı özü də bir cəmiyyətdir. Ona görə də pedaqoji sahədə kişi müəllimlərin sayının artırılması vacibdir. Məktəblərdə onların sayının az olması təlim-tərbiyə məsələsində uşaqların psixologiyasına da ciddi təsir göstərir. Danılmaz faktdır ki, uşaqların və gənclərin şəxsiyyət kimi formalaşmasında kişi müəllimlərin rolu böyükdür. Müasir dövrdə bir çox məktəblərdə yaranan özbaşınalıqların, müəllim-şagird münasibətlərində kütləvi hal alan xoşagəlməz hadisələrin başvermə səbəblərindən biri və ən əsası elə kişi müəllimlərin azlığı, kişi zəhminin yoxluğudur. Biz burada əsla qadın müəllimlərin əməyini kiçiltmirik. Lakin reallıq ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində məktəbdə kişi müəllimlərin nəzarəti və rolu oğlan uşaqlarının üzərində mütləq olmalıdır. Çünki oğlan şagirdlərin məktəbdə davranışlarında son dövrlər müşahidə olunan nöqsanların artması da məktəblərdə kişi müəllimlərin sayının azlığı ilə əlaqələndirilir.

O da sirr deyil ki, bu gün şagirdlər arasında kifayət qədər psixoloji problemlər, bəzi çatışmazlıqlar mövcuddur və ipə-sapa yatmayan məktəblilər də az deyil. Bu hallar adətən siniflərdə oğlan uşaqlarının çox olduğu zaman daha qabarıq hiss olunur. Adətən məktəbyaşlı qızlar vəziyyətə bir az tez uyğunlaşır, sözə qulaq asır, qayda-qanuna tabe olurlar. Oğlanlar isə yetkinlik yaşına çatdıqları zaman özgüvən, azad ruh, sayılıb seçilmək meyilləri nəticəsində fərqlənirlər. Bu da məktəbdə müəllim-şagird arasında bir çox problemlərə, anlaşılmazlığa gətirib çıxarır. Əlbəttə ki, keçid dövründə olan oğlanlar qadın müəllimlərlə anlaşa bilmir və bəzən aradakı münasibətlər uşaqlarda aqressiyaya səbəb olur. Sözsüz ki, məktəblərdə kişi müəllimlərin mövcudluğu oğlan şagirdlərlə məktəb arasında münasibətlərə müsbət təsir göstərə bilər. Doğrudur, istisnalar var, övladı ailədə ana tərbiyə edir. Ancaq oğlan uşaqları hər zaman güc-qüvvəni kişidən-atadan alırlar. Oğlanlar ataları ilə etdikləri söhbət və müzakirələri anaları ilə edə bilməzlər. Bu, mümkünsüzdür. Eyni zamanda da məktəbdə. Onların hər hansı çətinlikləri dəf etmələrində, cəmiyyətə inteqrasiya olub, uyğunlaşmalarında kişi müəllimlərin rolu daha böyükdür, nəinki qadınların. Hər bir kişi müəllimin fəaliyyəti onun həmcinsi olan şagirdlərdə həm də nümunə formalaşdırır. Əlbəttə, hər bir şagird bilməlidir ki, kişinin və yaxud da qadının cəmiyyətdə rolu nədən ibarətdir. Bunu bilən uşaq cəmiyyətdə hər zaman doğru addım atmağa, bir çox təhlükələrdən özünü qorumağa çalışacaq. Nəzərə almaq lazımdır ki, təhsil müəssisələrində qızlarla oğlanlar birgə oxuyurlar.

Bütün fənləri qadın müəllimlərin tədris etməsi oğlan uşaqlarının psixologiyasına ciddi təsir edir. Hazırda sosial-iqtisadi vəziyyətin tələblərinə uyğun olaraq valideynlər günün böyük hissəsini işdə olur. Bu üzdən də ailədə atalar övladlarına vaxt ayıra bilmirlər. Oğlanların həyata baxışı və yeniyetməlik, keçid dövründə kişi müəllimdən məsləhətlər alması onlar üçün əvəzedilməz bir tərbiyə üsuludur. Axı hər bir gənc oğlan həm də Vətənin keşiyində duran əsgərdir.

Təhsillə bağlı digər ölkələrin apardıqları islahat və yeniliklərə nəzər salarkən olduqca maraqlı faktlarla rastlaşdıq. Məsələn, Yaponiyada ibtidai sinif şagirdlərinə qadın müəllimlərin dərs keçməsi qadağandır. 5 və 9-cu siniflərdə isə yalnız bədii-estetik və tərbiyə, yəni rəsm, musiqi, texnologiya və digər bu kimi xüsusi qabiliyyət tələb edən fənlərin bir hissəsini qadın müəllimlərin tədris etməsinə icazə verilir. Biz bununla fədakar qadın müəllimlərin zəhmətinə kölgə salmaq istəmirik. Lakin reallıq ondan ibarətdir ki, bu gün cəmiyyətdə pozulmuş balansı düşünülmüş şəkildə bərpa etmək lazımdır. Əks təqdirdə, nəticə gələcəkdə heç də ürəkaçan olmaya bilər. Statistikaya görə, şəhər məktəblərində 90 faizdən çox, ümumi ölkə üzrə isə 83 faiz qadın müəllim çalışır. Onların ictimai həyatda çox olması arzuolunan olsa da, təlim-tərbiyə prosesində kişilərin sayının azlığı mənfi nəticələrə səbəb ola bilər. Ölkədə ümumilikdə 22 min 461 kişi, 121 min 284 qadın müəllim var. 33 min 312 müəllim paytaxt Bakıda fəaliyyət göstərir ki, onlardan 2590 nəfəri kişi, 30 min 722 nəfəri qadın müəllimlərdir. Rəqəmlər öz sözünü deyir, yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.

Bəzi məqamlarda problemin əsas səbəblərindən biri əməkhaqqının aşağı olması qeyd edilsə də, son illər müəllimlərin maaşlarında kifayət qədər artımlar olub. Yəni bu, əsas səbəb kimi artıq öz aktuallığını itirib.

Ramidə YAQUBQIZI,

"Respublika".