Özbaşına səfərlər təhlükəlidir
Sosial həyat

Özbaşına səfərlər təhlükəlidir

“Çirklənmiş ərazilər” sözü dillərdə əzbər olmaqla məsuliyyət yaradır. İşğala məruz qalan ərazilərdə vandallar minalar basdırmış, öz dədə-baba yurduna qayıdanlara təhlükə mənbəyi qoymuşlar. Təəssüf ki, bu təhlükəyə etinasız yanaşıb ərazilərə özbaşına gedən insanların səfəri faciə ilə sona yetir.

Bilməliyik ki, minalar və partlamamış silahlar real təhlükədir və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərdə yaşayan insanlar üçün bu təhlükə qaçılmazdır. Belə halların qarşısını almaq məqsədilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə 2 oktyabr 2023-cü il tarixdən Cəbrayıl qəsəbələrində mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə başlanılıb.

Təlimlərdə AzQAC-ın və BQXK-nın yüksək ixtisaslı təlimçiləri əhaliyə mina təhlükəsindən qorunmağın, risklərdən uzaq olmağın vacibliyini izah edir, konkret situasiyalarda təhlükəsiz davranışın üsul və qaydalarını öyrədirlər. Eyni zamanda təlimlərdə minalar, partlamamış sursatlar, xəbərdarlıq nişanları, partlayıcıların və minaların olduğu ərazilərdə davranış və zərərçəkmiş şəxslərə yardım haqqında məlumat verilir.

Tofiq Hüseyn,

“Respublika”.