YARDIMLAR DAVAM EDİR
Sosial həyat

YARDIMLAR DAVAM EDİR

BƏRDƏ

Fevral ayının 6-da səhər saatlarında Türkiyədə baş vermiş zəlzələnin qara xəbəri dünyaya yayıldı. Bu xəbərdən ən çox sarsılan Azərbaycan xalqı oldu. Dövlətimizin başçısı İlham Əliyev birinci olaraq qardaşlıq borcunu yerinə yetirərək Türkiyənin başçısı Rəcəb Tayyib Ərdoğana və bütün türk xalqına başsağlığı verdi.

Sözsüz ki, zərərçəkən insanlara lazımi köməkliklər göstərilməsi missiyasını da ilk öncə Azərbaycan etməli idi və etdi. Dövlət səviyyəsində kifayət qədər ərzaq, tibbi ləvazimatlar və başqa zəruri avadanlıqlar göndərilməsinə də elə həmin andan başlandı. Bununla yanaşı, vətəndaşlarımız öz qəlbinin səsinə qulaq asaraq qardaş millətə yardım etmək üçün respublikanın hər yerində aktivlik nümayiş etdirirlər. Bərdəlilər də könüllü olaraq bu xeyirxah aksiyaya qoşulmuşdur.

Yardım dolu maşın karvanları Bərdədən Bakı şəhərinə yola salınır.

Vəli VƏLİYEV,

"Respublika".

MASALLI

Fevralın 6-da sübh tezdən qardaş Türkiyədə baş vermiş güclü zəlzələ böyük dağıntılara və çoxlu insan tələfatına səbəb olub. Bu, xalqımızı dərindən kədərləndirib, hər birimizin qəlbində hüzn, qəm-qüssə yer alıb.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə zəlzələ bölgəsinə yardım göstərilməsi hər birimizin qardaşlıq, vətəndaşlıq borcudur. Masallı rayonunun sakinləri də bu xeyirxah aksiyaya elliklə qoşulublar. Həmişə olduğu kimi, yenə birlik, həmrəylik nümayiş etdirirlər.

Yardımları toplamaq məqsədilə Masallı şəhərində və Ərkivan qəsəbəsində məntəqələr yaradılıb. Ağsaqqallar, ziyalılar, sahibkarlar, gənclər və bütün zümrədən olan yerli sakinlər zəlzələdən əziyyət çəkən qardaş-bacılarına yardım edirlər. Müxtəlif növ ərzaq, qida məhsulları, uşaqlar və böyüklər üçün isti geyimlər, yataq dəstləri, elektrik generatorları və sobalar məntəqələrə gətirilir. Eyni zamanda müxtəlif məbləğlərdə pul vəsaitləri ianə edilir.

Yardım yüklənmiş 7 maşın Bakı şəhərinə, oradan da Türkiyə Respublikasına göndərilməsi üçün yola salınıb. Rayonda yardım kampaniyası davam edir.

Əlisəfa HƏSƏNOV,

"Respublika".