Öz çirkabında batanların “boykot oyunu”
Siyasət

Öz çirkabında batanların “boykot oyunu”

COP29-un keçirilməsinə altı ay qalmasına baxmayaraq, dünyanın mötəbər təşkilat və qurumları, BMT rəsmiləri, nüfuzlu siyasi xadimlər, ekologiya üzrə aparıcı mütəxəssislər mötəbər sammitə Bakının ən yüksək səviyyədə ev sahibliyi edəcəyindən danışır, bundan məmnun qaldıqlarını ifadə edir, hazırlıq işlərinin canlı şahidi olurlar. Ölkəmizdə keçirilən tədbirlərdə davamlı olaraq iştirak edən rəsmilər də bildirirlər ki, Azərbaycanın sədrliyi COP tarixinə qızıl hərflərlə yazılacaq.

Çünki artıq görüləcək işlər, müzakirə ediləcək mövzular hazırdır və indidən həmin problemlərin həlli üçün ciddi addımlar atılır. Bütün bunlar göz qabağındadır və əvəzsizdir. Lakin burada da ortalığı qarışdırmaq, görülən işlərə əngəl olmaq istəyənlər var. Müsyo Jordanın yerliləri Azərbaycan-Ermənistan məsələsində istədiklərini əldə edə bilmədikləri üçün, indi də COP29-a əngəl törətməyə çalışırlar. Belə ki, ötən gün Paris Şəhər Şurası Azərbaycanın COP29-a ev sahibliyini boykot etmək barədə qərar qəbul edib. Parisin vergi ödəyiciləri hesabına mövcud olan yerli özünüidarəetmə qurumu nədənsə Azərbaycana qarşı çıxmaq xülyasına düşüb. Əcabə, bu şəhər şurası niyə salahiyyəti çatmadığı iş haqqında "qərar" adıyla kağız parçalarını korlayır?! Bu gün Paris küçələrinin acınacaqlı vəziyyəti göz qabağındadır. Hər yer zibillə, paytaxt binalarını bürümüş kəsəyənlərlə doludur. İnsanlar, xüsusilə də turistlər vəhşi siçovullara görə küçələrdə rahat gəzə bilmirlər. Odur ki, şura birinci öz şəhərinə nəzər yetirsin, ondan sonra əgər Azərbaycan tərəfi dəvət edərsə, o zaman gəlib Odlar yurdunda hər hansısa fikir söyləyərlər. Görünən odur ki, bu gedişlə elə sona qədər yüzlərlə kilometr uzaqdan oturub Bakı əleyhinə qərar verməklə məşğul olacaqlar.

Ermənistan da daxil olmaqla, bütün ölkələr yekdilliklə Azərbaycanın COP29-a ev sahibliyini qəbul edib. Məhz dünyanın nüfuzlu təşkilatlarının və dövlətlərinin bu tədbirin Azərbaycanda keçirilməsində həmfikir olmaları Yelisey sarayını ciddi narahat edir. Bundan başqa, rəsmi Bakının COP29 çərçivəsində gördüyü işlər, planetin ekoloji təmizliyinin qorunması, "yaşıl enerji"yə keçidlə bağlı beynəlxalq təşəbbüslər irəli sürməsi olduqca əhəmiyyətlidir. Çünki hazırda dünyada gedən proseslər fonunda qütbləşmə və dövlətlərarası müharibələr beynəlxalq birliyə əngəldir, bu baxımdan COP29 kimi tədbirlərin münasibətlərin istiləşməsində böyük rolu olacaq. Görünür, rəsmi Paris bunun tərəfdarı deyil. Çünki beynəlxalq arenada da məlumdur ki, bu ölkə öz daxili problemlərində digər dövlətləri günahlandırır və öz müstəmləkəçi siyasətini davam etdirərək insan hüquqlarını kobud şəkildə pozur. "Paris razılaşması"nın qəbul edildiyi bir şəhərdə atılan bu addım beynəlxalq razılaşmalara və beynəlxalq hüquqa hörmətsizliyin bariz nümunəsidir.

Fransanın Azərbaycanın iqlim dəyişmələri sahəsində apardığı işlərə dəstək əvəzinə bu fəaliyyəti sual altına qoyması isə ayrı bir tragikomediyadır. Özü "ekoloji bataqlıqda" olan dövlətin bu cür etiraz etməsi olduqca absurddur. Çünki təkcə müstəqil tədqiqat mərkəzlərinin hesablamalarına görə, Fransa Aralıq dənizini plastik vasitələrlə çirkləndirən ölkələrin siyahısında başda dayanır. Dünya Vəhşi Təbiət Fondunun (WWF) hesabatında isə göstərilir ki, dünya okeanının ən çirkli hissəsi Aralıq dənizinin payına düşür və bura hər il, təxminən 600 min ton plastik tullantı axıdılır. Bu, Sakit okeana atılan tullantıların həcmindən dörd dəfə çoxdur. Regionun illik plastik tullantılarının ən böyük payı, 24 milyon tonun 75 faizinin məhz 22 sahilyanı ölkə arasında Fransaya məxsus olması qətiyyən təəccüblü deyil. Bundan savayı, təkrar emal olunmadan ətraf mühitə atılan plastik kütlənin payı Fransada digər dövlətlərlə müqayisədə xeyli yüksəkdir.

Makron administrasiyası bu problemləri həll etmək yerinə, Qafqaza yerləşmək xəyalı ilə yaşayır, digər dövlətlərin daxili işlərinə qarışmağa adətkar olub. Bütün bunlar azmış kimi, Azərbaycanın ev sahibliyini boykot etməyə çalışması isə Don Kixotun yel dəyirmanı ilə vuruşmasına bənzəyir. Odlar yurdu bu kimi aşağı səviyyəli təxribatlara məhəl qoymadan öz haqq işinə davam edir.

Töhfə SƏMƏDOVA,

"Respublika".