Ötən ilin təhsil uğurları
Elm və təhsil

Ötən ilin təhsil uğurları

Ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində son 20 ildə respublikamızda təhsil infrastrukturunun yenilənməsi sahəsində böyük uğurlar əldə olunub. “2011-2021-ci illərdə Azərbaycanda təhsilin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması ölkəmizin bu sahədə müasir inkişaf modelinin yaranmasına zəmin yaradıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ali təhsilin inkişafı prioritet vəzifəyə çevrilib. Belə ki, ali təhsil müəssisələrinin şəbəkəsi daha da inkişaf etdirilərək genişləndirilib, 2003-cü illə müqayisədə onların sayı 46-dan 51-ə, təhsilalanların sayı isə 120 mindən 212 minə çatdırılıb. Azərbaycanda ən müasir tələblərə cavab verən ADA Universiteti, Bakı Ali Neft Məktəbi, həmçinin dünyada tanınan M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti kimi qocaman ali məktəblərin Bakı filialları açılıb. Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmədən aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə Azərbaycan-Fransız Universiteti (UFAZ) fəaliyyətə başlayıb. Bundan əlavə, Prezident İlham Əliyevin təşəbbüsü ilə İtaliya-Azərbaycan Universiteti də yaradılıb.

Azərbaycan təhsil sistemi yeniliklərə və texnologiyalara diqqət yetirərək tələbələrin peşəkar perspektivlərini dəstəkləyir, yenilikləri, təcrübələri və inkişaf üçün mümkün olan ən yaxşı imkanları təmin edir.

2023-cü il 15 sentyabr tarixində təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub. Eyni zamanda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi təhsil, elm və mədəniyyət sahələrində əsas göstəriciləri dərc edib və ölkəmizin təhsil sahəsində mövcud problemlərin həlli üçün yeni kurikulumların hazırlanması və tətbiqi, dərsliklərin təkmilləşdirilməsi və müasir dövrə uyğunlaşdırılması, xüsusən ali təhsil müəssisələrində sovet dövründən qalma dərsliklərin yeniləri ilə əvəz olunması kimi tədbirlər görülüb. Təhsil sahəsində uğurlardan biri də Qarabağ Universitetinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olub. 2023-2024-cü tədris ilində “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad olunmuş ərazilərimizdə təhsil müəssisələrinin tikintisi və təmir işləri davam etdiriləcək. Növbəti mərhələdə Şuşada, Zabux kəndində, Ağdam, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı və Füzulidə müasir təhsil müəssisələrinin inşa olunaraq istifadəyə veriləcəyi gün də uzaqda deyil. Ötən ildə eyni zamanda Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın iştirakı ilə Şuşada 1 nömrəli 960 yerlik tam orta məktəbin də açılışı olub.

Son illər təhsilin məzmun və formaca yenilənməsi, təhsildə mütərəqqi metod və müasir texnologiyaların tətbiqi sahəsində xeyli nəzərəçarpacaq işlər görülüb. Dövlət başçımızın təhsil sistemində İKT-nin geniş tətbiqinin təmin olunması barədə müvafiq sərəncamları ümumtəhsil sistemində təhsilin keyfiyyətinin yüksəlişini təmin edib. Bu, xüsusən də məktəblərin kompüterlə təminatının yaxşılaşdırılması ilə bağlıdır. Son illərdə məktəblərimizdə şagird-kompüter nisbətində ciddi artım var. Əgər 2020-ci ildə 36 şagirdə 1 kompüter düşürdüsə, 2023-cü ildə 11 şagirdə 1 kompüter düşür. Yaxın 5 ildə isə bunun 6 şagird-1 kompüter nisbətində təmin olunması nəzərdə tutulur.

Məlumdur ki, müasir dünyada elm, texnologiya və innovasiyalar cəmiyyətin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrilib. Bu mənada, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyada trendə çevrilmiş STEAM yanaşmasının məktəblərimizdə tətbiqinə başlanması son illərin ən uğurlu yeniliklərindən biridir. Ölkəmizin üzləşdiyi pandemiya şəraitində belə, Heydər Əliyev Fondu tərəfindən “STEAM Azərbaycan” layihəsinin əhatə dairəsi genişləndirilib. 2023-cü il yanvarın 5-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “STEAM İnnovasiya Mərkəzi”nin açılışında iştirak ediblər. “STEAM Azərbaycan” layihəsinin davamı olan “STEAM İnnovasiya Mərkəzi” nin fəaliyyəti orta məktəblərdə eyniadlı mərkəzlərin tədris proqramına görə fərqlənir. Bu mərkəzin yaradılması ölkəmizdə elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin və verilən əhəmiyyətin əyani təzahürüdür.

Bu gün təhsil sahəsində qazanılan nailiyyətlər onu göstərir ki, milli tərəqqinin yeganə yolu təhsildən keçir.

Röya RÜSTƏMLİ,

“Respublika”.