158 nömrəli məktəbdə
Elm və təhsil

158 nömrəli məktəbdə "Green Note" layihəsinin icrasına başlanıb

Energetika Nazirliyinin dəstəyi ilə Bakı şəhəri 158 nömrəli məktəbdə "Green Note" enerji və resurs səmərəliliyi layihəsinin icrasına başlanıb. “Green Note” təşəbbüsünün ideya müəllifi və layihə rəhbəri məktəbin 10-cu sinif şagirdi Kamilə Cəfərlidir. Layihə məktəb daxilində toplama qutularının yerləşdirilməsi, təlim proseslərində istifadə olunmuş dəftərlərin və digər kağız məmulatlarının bu qutularda yığılaraq sonradan təkrar emal üçün göndərilməsi, bununla da şagirdlərin təbiətin mühafizəsi prosesində fəal iştirakını nəzərdə tutur.

Bu məqsədlə məktəb kollektivi ilə təşkil edilmiş görüşdə məktəbin direktoru Mehriban Ələkbərova layihənin şagirdlərin resurslara qənaət, tullantıların atmosferə atılmasının azaldılması, təbiətin mühafizəsi və cəmiyyətimizdə ekoloji mədəniyyətin yayılmasında fəal iştirakına təkan verəcəyini vurğulayıb.

Sonra layihə müəllifi Kamilə Cəfərli “Green Note” layihəsi barədə məlumat verib, layihənin dayanıqlı yaşıl gələcəyin qurulmasına töhfələrindən bəhs edib. Qeyd olunub ki, kağızdan istifadə gündəlik təhsil həyatının ayrılmaz hissəsidir: “Təxmini hesablamalara görə təkcə bir məktəbdə hər il 10 tondan çox kağızdan istifadə edilir. Onların 80 faizi, yəni 8 tonu zibilliyə atılır. Bu isə 136 ağacdan ibarət böyük bir yaşıllıq ərazisi deməkdir.

Layihə müəllifi qeyd edib ki, problemin həlli üçün ən effektiv yol istifadə edilmiş kağızlara yeni həyat verməkdir. Kağızların İDEA İctimai Birliyinin dəstəyi ilə məktəbdə qoyulmuş xüsusi qutulara atılması və vaxtaşırı Bakıdakı xüsusi məntəqələrə təhvil verilməsi ilə xeyli kağız təkrar istifadəyə yararlı ediləcək.

Energetika nazirinin müşaviri Zəminə Əliyeva isə layihənin əhəmiyyətini “Yaşıl dünya naminə həmrəylik ili” və ölkəmizin COP29-a sədrliyi çərçivəsində dəyərləndirib. Şagirdlərin bununla “təmiz ətraf mühitə” nail olmağın nümunəsini yaratdıqlarını qeyd edib.

“Respublika”.