Gələcəyə işıq saçan müqəddəs ad
Elm və təhsil

Gələcəyə işıq saçan müqəddəs ad

Ziyalı olmasa, kor olar millət,

Caynaqlar altında hey çəkər zillət.

Sənətin hamısı gözəldir əlbət,

Bütün peşələrin gözüdür Müəllim!!!

"Ziyalı" sözünü işlədəndə ilk növbədə, gözümüzün önünə müəllim siması gəlir. Bu gün o ziyalı insanların öyrətdikləri, dedikləri ilə gələcəyə işıq saçan insanların peşə bayramıdır. Müəllim elə bir missiya yerinə yetirir ki, onun gördüyü işi heç kəs bacarmır. Bu insanlar əslində hər gün, hər saat bizimlədir. Çünki bu peşə olmadan cəmiyyət var ola bilməz, onsuz nəsillər arasında əlaqə kəsilər, heç bir inkişafdan, hətta insanlararası münasibətlərdən belə söhbət gedə bilməz. O, ilk növbədə bilikli, savadlı və peşəsini fanatikcəsinə sevən vətəndaşdır. Təsadüfi deyil ki, müdriklər "müəllimlik müqəddəsdir" - demişlər.

Ümummilli lider Heydər Əliyev öz müəllimləri haqqında daim ehtiramla danışırdı. Ulu öndər hər zaman vurğulayırdı ki, intellektual səviyyəli, yüksək savadlı müəllimlər olmadan cəmiyyət hərtərəfli inkişaf edə bilməz. "Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimlərdir. Əgər belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi?.." bu sözləri Ulu Öndər Azərbaycan müəllimlərinin XI qurultayında çıxış edərkən söyləyib.

1996-cı il oktyabrın 26-da Naxçıvan şəhərində görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin məqbərəsinin təntənəli açılış mərasimi keçirilirdi. Əlində əsa olan bir qoca böyük izdihamı yararaq məqbərənin qarşısına yaxınlaşırdı. Elə bu zaman Prezident Heydər Əliyev pillələri enib, onunla səmimi görüşdü, hal-əhval tutdu, stul gətirdərək onu əyləşdirdi. Bu, ulu öndərin vaxtilə ona dərs deyən müəlliminə dərin hörmətinin təzahürü idi. 3 il sonra 13 oktyabr 1999-cu il tarixdə Naxçıvanda "Kazım Qarabəkir paşa məscidi"nin açılış mərasimi keçirilirdi. Geniş nitq söyləyən Prezident Heydər Əliyev birdən dayanır, çöhrəsinə təbəssüm qonur, sanki ötən günləri xatırlayır. Üzünü mərasim iştirakçılarına tutaraq deyir: "Burada mənim gənc vaxtımda, 13-16 yaşlarımda, orta məktəbi bitirdiyim illərdə mənə dərs verən, ana dili, türk dili, Azərbaycan dili dərsi verən müəllimim oturubdur - Lətif Hüseynzadə. Dünən təntənəli mərasimdə öz müəllimlərimi yada salırdım. 60 il, bəlkə də 65 il bundan öncə mənə dərs deyən müəllimlərimdən birinci - əziz müəllimim Lətif Hüseynzadənin adını çəkdim. O, dünən mərasimdə yox idi. Amma onu yad etdiyimi televiziya ilə eşidib bu gün buraya gəlmişdir. Mən burada onunla görüşdüm. Çox məmnunam, çox sevinirəm ki, indiyə qədər yaşayır, öz fəaliyyətini davam etdirir və böyük işlər görür".

2007-ci il may ayının 9-da "Azərbaycan müəllimi" qəzetinə verdiyi müsahibəsində Lətif Hüseynzadə yubileyində ümummilli liderin onu təbrik etdiyini deyirdi: "Heydər Əliyevin özü Bakıdan mənim yüz illiyimi təbrik etdi. Mənə "İstiqlal" ordeni verdi. Bu, təkcə mənə deyil, bütün müəllimlərə, pedaqoji əməyə verilən yüksək qiymət idi". Şübhəsiz, bir müəllim üçün lider yetişdirmək böyük şərəfdir.

Heydər Əliyevin müəllimlik peşəsinə olan münasibətində həmişə bir müdriklik, qayğıkeşlik, bu sənətə böyük hörmət və ehtiram hiss olunur. Dahi şəxsiyyət Heydər Əliyev müəllimləri, uşaqları çox sevirdi. Böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsi onların yüksək bilik və bacarığa sahib olması üçün hər zaman təhsil işçilərinə öz dəyərli tövsiyələrini verir, bütövlükdə Azərbaycan təhsilinin, elminin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşırdı. Hər il "Bilik günü"ndə Ümummilli Liderin ümumtəhsil məktəblərinin birində olması müəllim-şagird kollektivlərinin və valideynlərin böyük sevincinə səbəb olurdu. Ulu Öndər Heydər Əliyev ilk dərs günü münasibətilə onları təbrik etməyə gəlirdi. Dahi rəhbəri yaxından görmək, onunla ünsiyyətdə olmaq, hər bir müəllimin, şagirdin, valideynin ən böyük arzusu idi.

Dövründən asılı olmayaraq, həmişə əsl müəllim milli sərvət kimi qəbul edilib. Qürur hissi ilə demək olar ki, bu gün də təhsil müəssisələrimizdə müəllim adını şərəflə daşıyan, öz peşəsinin vurğunu olan, həqiqətən şagirdlərin və tələbələrin qəlbində özünə əbədi abidə ucaldan, əsl vətəndaş və şəxsiyyət yetişdirən bacarıqlı, səriştəli müəllimlər az deyil, onlar indi də fədakarlıqla çalışırlar.

Röya RÜSTƏMLİ,

"Respublika".