Onlar daim bizimlədir
Region

Onlar daim bizimlədir

1961-ci ildə Lerik rayonunun Perzəküçə kəndində anadan olan Kitabəli Tərlan oğlu Həmidovda Vətənə, onun torpağına, daşına ilahi bir sevgi vardı.

Odur ki, erməni dığalarının Azərbaycanın cənnətməkan guşəsi olan Qarabağa təcavüzünə heç cür dözə bilmədi. 1992-ci ildə könüllü olaraq milli ordu sıralarına yazılır. Kitabəli çox döyüşlərdə yağı düşmənə qan uddurur, mərdliyi, igidliyi əsgər yoldaşlarına da nümunə olur. 1992-ci ilin avqust ayının 23-də Kəlbəcər uğrunda gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Beləcə ürəklərə köçməklə əbədilik qazanır. Ölümündən sonra Anbu kənd orta məktəbinə Kitabəli Həmidovun adı verilir.

Doğulduğu doğma Perzəküçə kəndində şəhid Kitabəli  Həmidovun anım mərasimi keçirildi. Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının əməkdaşı E.Rəcəbov, Şəhid Ailələri və Qarabağ Əlilləri Cəmiyyəti Lerik rayon təşkilatının sədri V.Məlikov, Lerik Rayon İcra Hakimiyyəti Vətən müharibəsi və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri R.Şiriyev, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi N.İsaqov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin nümayəndəsi K.Əliyev şəhidin ailə üzvləri, kənd sakinləri onun uyduğu müqəddəs məzarına baş çəkdilər, önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad etdilər. Eyni zamanda Perzəküçə və Anbu kəndindən olan şəhidlərin də məzarları ziyarət olundu.

 Zəfər ORUCOĞLU.