Ölməz Vətən oğlu
Sosial həyat

Ölməz Vətən oğlu

İkinci Qarabağ müharibəsində Cəbrayıl Qasımov şəhidlik zirvəsinə ucalananda  24 yaşında idi.  Ölümü ilə tarix yazan Azərbaycanın qəhrəman oğlu özünü dərk edən gündən  Vətəninə, xalqına sevdalanmışdı.  Odur ki, Masallının Ərəb kəndində dünyaya göz açan, evin yeganə oğlu olan Cəbrayıl qorxmadan, şüurlu surətdə xalqının qeyrət və şərəf yolunda özünü şəhid verə bildi. Məhz buna görə  ömrü qısa olsa da,  zaman-zaman örnək olacaq əbədi həyat qazandı.

Bəli, Cəbrayıl Baloğlan oğlunu  yağı düşmənin ədalətsiz  təcavüzü, yəni  Qarabağ torpaqlarının  işğalı  çox narahat edirdi. 2014-cü ildə  ordu sıralarına həqiqi hərbi xidmətə çağırılanda müqəddəs əzəli, əbədi yurd yerimiz olan   Qarabağın  azadlığı naminə  birbaşa  səngərə, erməni dığaları ilə döyüşə can atır və düşmənlə son damla qanına qədər vuruşub qisas alacağını bildirir.    Vətən qayəsi, millət duyğusu  qanını coşduran Cəbrayıl qısa müddətli hərbi  təlimdən  sonra ön cəbhədə  canından artıq sevdiyi Azərbaycanın keşiyində durur. Onu göz-bəbəyi kimi qorumaqla oğulluq borcunu şərəflə yerinə yetirir.  Ən əsası  bütün hərəkətləri dərin zəkaya,  düşüncəyə  söykənir. Xidmət zamanı  yalnız özünə hörmət qazandırır,  Vətəninə ürəkdən bağlı, hər an onun yolundan canından keçməyə  hazır olan bir gənc kimi tanınır, sevilir.  Neçə-neçə  sınaqdan üzüağ  çıxmaqla cəsurluğu, çevikliyi əsgər yoldaşlarına nümunə  olur...

Həyatda başlıca istəyi  düşmən tapdağında qalan  müqəddəs torpaqları azad görmək   olan Cəbrayıl Qasımov Vətən müharibəsinə könüllü qoşulur,  döyüş yolu ən qaynar bölgələrdən başlanır. Füzuli, Cəbrayıl döyüşlərində hər dəfə əlinə  silah alanda dığaların üstünə qartal tək  şığıyır, odlu  ürəklə, sərrast atəşlə yağıya ağır itkilər verir. Beləcə  igid, cəsur döyüşçü oktyabrın 8-nə  qədər ağır müharibə meydanında düşmənə qan uddurur.  O, Füzulidə   gedən ölüm-dirim  savaşında qəhrəmancasına əbədiyyət  adlı dünyasına qovuşur.

Adında bütöv bir xalqın qəhrəmanlıq  simvolunu yaşatmaqla  milyonların ürəyində özünə əbədi yer edir Cəbrayıl Qasımov.  Ölməz Vətən oğlu dövlət tərəfindən isə  “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medallarına  layiq görülüb.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.