Yüksək mənəviyyat nümunəsi, kamillik məktəbi
Sosial həyat

Yüksək mənəviyyat nümunəsi, kamillik məktəbi

 ftalmologiya elminin inkişafında müstəsna xidmətləri olmuş akademik Zərifə Əliyevanın şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, alimi və həkimi üçün yüksək mənəviyyat nümunəsi, kamillik məktəbidir.

Zərifə xanım 1923-cü ildə Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində, görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Atasının ömür yolu Zərifə xanım üçün əsl həyat məktəbi olub. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə Əliyeva 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Məhz həmin illərdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Amma ağır xəstəliklə mübarizədə bu kifayət deyildi.

Respublikada regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin effektli müalicə üsullarını və profilaktika tədbirlərini işləyib hazırlamaq tələb olunurdu. Bu məqsədinə çatmaq üçün Zərifə xanım Moskva şəhərinə yollanır və Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir. O, ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıdır, 1949-cu ildən başlayaraq Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını davam etdirir. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım elmi fəaliyyətinin ilk mərhələsini traxoma infeksion xəstəliyinin müalicəsinə həsr edir. Beləliklə, Zərifə xanımın ilk elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir. Uğurlu tədqiqatların nəticələri ilə elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib.

Zərifə Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə ona tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. Görkəmli alimin 200-dək elmi işi, 14 monoqrafiyası, 12 səmərələşdirici təklifi bu gün də aktuallığını qoruyub saxlayır. Oftalmoloq-alim peşəkarlığı, istedadı ilə yanaşı, sadəliyi, qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini və məhəbbətini qazanıb. Zərifə xanım Əliyeva, eyni zamanda həm də görkəmli ictimai xadim olmaqla SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, həmçinin Ümumittifaq "Bilik" Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü kimi vəzifələri daşıyırdı və "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdü. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Qeyd olunmalıdır ki, professor Zərifə xanım həmin mükafata layiq görülən ilk qadın idi.

Zərifə xanım Əliyeva Azərbaycanda oftalmologiya sahəsində ilk qadın akademik kimi tibb işçilərinin hazırlanmasında, elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib. Tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatları, qazandığı nailiyyətləri, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi. Gözəl bir ailədə doğulan Zərifə Əliyeva çox qayğıkeş ana olub və ölkəmizə layiqli övladlar yetişdirib. Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan Zərifə xanımın xarakterində məsuliyyət, zəhmətkeşlik və xeyirxahlıq kimi üç böyük xüsusiyyət cəmləşmişdir. Ümummilli lider Heydər Əliyev öz xatirələrinin birində belə demişdir: "Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib".

Görkəmli oftalmoloq-alim, eyni zamanda həmvətənlərinin qayğısına qalan humanist insan idi. Akademik Zərifə xanım Əliyevanın həyat ideyaları və şəxsiyyəti bu gün müasir Azərbaycan gəncliyi üçün bir örnəkdir.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.