Ölkəmizin regionda geosiyasi əhəmiyyəti artır
Digər xəbərlər

Ölkəmizin regionda geosiyasi əhəmiyyəti artır

"Cənubi Qafqazda Azərbaycan bütün dönəmlərdə - Sovet İttifaqı dönəmində, çar Rusiyası dönəmində ondan əvvəl həmişə Şimali Qafqaz xalqlarına tarixi əlaqələr, dini əlaqələr, qohumluq əlaqələri kimi bir çox əlaqələr baxımından ən yaxın olmuşdur".

Bu sözləri Prezident İlham Əliyev Şuşada "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə gələcəyə" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib. Həmçinin ölkə başçımız regionda gedən proseslərdən ətraf ölkələrə təsir edən Rusiya-Ukrayna müharibəsindən bəhs edib. Şübhəsiz ki, Azərbaycan qonşu dövlətlər arasında yaranan qarşıdurmaları  dəstəkləmir. Ölkəmiz daima sülhün, əmin-amanlığın tərəfdarıdır. Çeçenistan Dağıstan kimi strateji əhəmiyyətə malik federativ respublikalarla Azərbaycanın böyük tarixə malik əlaqələri mövcuddur. Həmin respublikaların Azərbaycana etimad etməsi, onun regionda qazandığı etibardan irəli gəlir. Ölkəmiz tarix boyu Qafqaz xalqlarına dini, dostluq, mədəni sair əlaqələr baxımından  çox yaxın olub. Buna görə daima qarşılıqlı əlaqədə olaraq dost ölkələrin öz potensiallarını dünyaya göstərməklərində körpü rolunu oynayır. Prezident İlham Əliyev , həmçinin qeyd edib ki, Qafqazda olan dost ölkələr bizim, biz onların faciəvi soyqırımı tarixlərini qarşılıqlı olaraq tanıyırıq.

Azərbaycan Qafqazın mühüm aktorlarından biridir. Hazırda regionda gedən inkişaf prosesində ölkəmiz lider rolunda çıxış edir. Odlar yurdunun iştirakı ilə reallaşdırılan  transmilli layihələr dünya miqyasında Cənubi Qafqaza diqqətin yönəlməsi ilə yanaşı, onun geosiyasi əhəmiyyətini artırmaqda, iqtisadi inkişafını sürətləndirməkdədir. Buna nümunə olaraq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərini misal göstərmək olar. Geosiyasi enerji məkanında ölkəmizin həyata keçirməkdə olduğu uğurlu siyasət əvvəlki kimi yenə Azərbaycanın dünya səviyyəsində əhəmiyyətini artırmaqda həlledici söz sahiblərindən biri kimi mövqeyini gücləndirməkdədir.

Azərbaycan Qafqaz regionunda strateji bir əməkdaş kimi önəmli rola malikdir. Ümumiyyətlə, ölkəmizin Qafqaza təsiri müxtəlif sahələrdə hiss olunur. Azərbaycan regionda önəmli iqtisadi gücə malikdir. Özünəməxsus iqtisadi potensialı yüksək səviyyədə enerji resursları sayəsində, Azərbaycan Qafqaz regionunda enerji tədarükçüsü rolunu oynayır. Bununla yanaşı, Azərbaycanın Qafqaz regionunda həyata keçirdiyi infrastruktur layihələri iqtisadi təsiri artırır. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz güvənli, etibarlı istiqrarlı dövlətdir. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra öz gücünü bir daha sübut etdi. Cənubi Qafqazda yaranan yeni reallıqlar ölkəmizi həm siyasi-iqtisadi baxımdan ön plana çıxarır. Bu gün Rusiya-Ukrayna müharibəsinin hələ davam etməsi region ölkələrlə yanaşı, digər dövlətlərə Azərbaycan neftinin, qazının ixrac olması ölkəmizin gücünə-güc qatır. Prezident İlham Əliyevin həm ikitərəfli, həm çoxtərəfli əlaqələrin genişləndirilməsinə verdiyi töhfələr əvəzsizdir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan regionda major enerji təchizatçısıdır. Ölkəmizin Şərq-Qərb, Şimal-Cənub Asiya-Avropa arasında körpü rolunda çıxış etməsi onun gücündən xəbər verir. Təkcə iqtisadiyyat baxımından yox, həmçinin siyasi baxımdan da gedən proseslərlə bağlı ölkəmiz daima öz mövqeyini bildirib. İstər Cənubi, istərsə Şimali Qafqaz ağır günlərdən keçmiş mürəkkəb tarixə malik qədim diyardır. Azərbaycan hər zaman Qafqaz ölkələri ilə əməkdaşlıqda maraqlıdır.

Töhfə SƏMƏDOVA,

"Respublika".