Ölkəmizin Avropanın enerji bazarında əhəmiyyəti olduqca böyükdür
İqtisadiyyat

Ölkəmizin Avropanın enerji bazarında əhəmiyyəti olduqca böyükdür

Azərbaycan Avropanın enerji təhlükəsizliyində özünəməxsus rola malikdir. Ölkəmizdən bu qitəyə neft və təbii qaz daşınır. Biz Avropanın qaz təchizatının təqribən 5-6 faizini qarşılayırıq. Bu da ildə 21-22 milyard kubmetr qaz ixracı deməkdir. Amma onu da qeyd edim ki, Avropanın qaza olan ehtiyacı 400-500 milyard kubmetr təşkil edir. Razılaşmaya əsasən, Azərbaycandan Avropaya daşınan qazın həcminin 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

İxrac etdiyimiz neft də aylıq təqribən 600000 barreldir. Bu, o qədər böyük həcm deyil. Amma Azərbaycan enerji təhlükəsizliyində kiçik həcmli bazarda etibarlı partnyor hesab olunur. Ölkəmiz haqsızlıqlara uğramasına baxmayaraq, enerji məsələlərinə kommersiya və ticari tərəfdən yanaşır, öhdəliklərinə ciddi riayət edir. Buna görə də, Qərb Azərbaycanla əməkdaşlıq etməkdə hər zaman maraqlı olub. Ölkəmizə son səfəri çərçivəsində Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson Avropanın Azərbaycandan təbii qaz almağa davam edəcəyini bildirib.

Nəzərə alaq ki, son illərə qədər Avropanın enerji təhlükəsizliyi əsasən Rusiyadan asılı idi və bu sahədə şimal qonşumuzla ciddi əməkdaşlıq edirdi. Lakin 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi bu tərəfdaşlığa böyük zərbə vurub və alternativ bazar kimi Azərbaycan ön plana çıxıb. Bu məsələyə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu toplantısında da toxunulub. Albaniyanın Baş naziri Edi Rama çıxışında bildirib ki, Avropaya Rusiyadan nəql edilən qazın həcmi 40 faizdən 8 faizə enəcək və tezliklə sıfra bərabər olacaq. Bu mənada Azərbaycan qazı və Xəzər hövzəsi bizim gələcəyimiz üçün mühüm rol oynayır. Ona görə də enerji təhlükəsizliyinin diversifikasiyası baxımından Azərbaycan Avropa üçün əhəmiyyətlidir.

Bundan başqa, respublikamız “qoca qitə” üçün həm də Avrasiyanın ən böyük infrastruktur layihələrinin təşəbbüskarı olması baxımından da əhəmiyyətlidir. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan boru kəmərlərini buna misal kimi göstərmək olar. Eyni zamanda bu boru xətləri Mərkəzi Asiyanın resurslarının qərbə çıxışına alternativ marşrut formalaşdırır. Rusiyanın Qərblə soyuq savaşı hələ uzun müddət davam edəcək, bu baxımdan Mərkəzi Asiyanın enerji ehtiyatlarının Azərbaycan üzərindən Avropaya daşınması vacib faktordur.

Digər bir məsələ Azərbaycanın Avropa qitəsinə təkcə neft və qaz yox, həm də elektrik enerjisi ixrac etməklə bağlı memorandumun imzalanmasıdır. Bununla bağlı artıq işlərə başlanılıb. Dövlət başçısı Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq “yaşıl enerji” elektrik kabelinin inşası ilə bağlı layihənin texniki əsaslandırılmasının demək olar ki, hazır olduğunu XI Qlobal Bakı Forumunda diqqətə çatdırıb.

Xalid KƏRİMLİ,

iqtisadi ekspert.