Ölkəmizə qarşı ədalətsiz yanaşma
Siyasət

Ölkəmizə qarşı ədalətsiz yanaşma

1948-ci ildir. İkinci Dünya müharibəsi başa çatıb. Avropa ölkələri müharibədən sonra dağıdılan Avropa qitəsinin bərpasına, sülhün daimi olmasına çalışırlar. Haaqada keçirilən beynəlxalq konfransda gələcəyin Avropasının strukturlaşdırılması müzakirə olunur. Müzakirələrin fonunda Uinston Çörçillin 4 aprel 1943-cü ildə, İkinci Dünya müharibəsi hələ davam edərkən radio çıxışında "Avropa Şurası" ideyası ilə Avropaya müraciəti səsləndirilir. Çörçill bu fikri üç il sonra, bu dəfə 1946-cı ildə Sürix Universitetində etdiyi çıxışda təkrarladı və "Birləşmiş Avropa Dövlətləri"nin yaradılması üçün "Avropa Şurası"na ehtiyacın olduğunu vurğuladı. Haaqa konfransında bu ideyalar ətrafında müzakirələr gedir. Bir qrup ölkə bu yeni quruluşun hökumət nümayəndələrinin bir araya gəldiyi beynəlxalq təşkilat olmasını müdafiə edir. Digər qrup isə vurğulayır ki, qurum parlamentariləri bir araya gətirən siyasi forum olmalıdır. Nəticədə hər iki ideya birləşir və rəsmi olaraq 5 may 1949-cu ildə Şura yaradılır.

Avropa Şurasının Əsasnaməsi Londonda on dövlət tərəfindən imzalanır: Belçika Krallığı, Danimarka Krallığı, İrlandiya Respublikası, İtaliya Respublikası, Lüksemburq Böyük Hersoqluğu, Niderland Krallığı, Norveç Krallığı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Fransa Respublikası və İsveç Krallığı. Avropa Şurasının qərargahı isə iki ölkə arasında barışıq simvolu olaraq Fransanın Almaniya ilə sərhədində olan Strasburq şəhərində yerləşir.

Bu gün Avropa Şurasının fəaliyyətinə nəzər yetirəndə anlaşılır ki, Çörçillin utopik ideyasına Fransanı qərargah seçməsi təşkilatın ilk və ən böyük səhvi olub. İnsan hüquqları, demokratiya və qanunun aliliyini qorumaq məqsədilə yaradılan qurumun tarixi hərbi cinayətlərlə, qanlı əməllərlə dolu olan Fransada kök salması öz ideyalarına ziddir. Dünyanın müxtəlif regionlarında 50-dən artıq dövlətin ərazisini işğal edərək sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın törətdiyi insanlıq və bəşəriyyət əleyhinə, eləcə də müharibə cinayətləri bu ölkənin utancı olmaqla yanaşı, bəşər tarixinin də qara səhifələridir. Avropa qitəsində sülhün daimi olması üçün yaradılan təşkilatın əsas qərargahının yerləşdiyi Fransanın beynəlxalq müstəvidə fəaliyyəti ölkələrarası gərginliyi artırmaq və sülhə mane olmaqdır. Şura ilk illərində Çörçillin ideyalarına sadiq qalsa da, illər ötdükcə, sözün əsl mənasında, ksenofob, islamofob və türkofob təzahürlərin tüğyan etdiyi, lobbiçilərin açıq təsirlərinin mövcud olduğu intriqa yuvasına çevrildi. Üzv olan ölkələrə qarşı çirkin oyunlar qurmaq ənənəvi hal aldı.

Təəssüf ki, qurum Azərbaycanı da hədəfə aldı. Üzv olduğumuz 23 il müddətində AŞPA Azərbaycanın gözləntilərini doğrultmadı. Aydın oldu ki, Fransa, Almaniya kimi böyük dövlətlərin maraqları bir çox hallarda beynəlxalq ədalət, qanunların aliliyi və demokratiya prinsipləri ilə uzlaşmaya da bilir və bu halda AŞPA tərəfindən bəyan edilmiş dəyərlər bilərəkdən arxa plana keçirilir. Bununla yanaşı, Azərbaycan torpaqlarının işğalında səhra komandiri kimi bilavasitə iştirak etmiş, etnik təmizləməyə və minlərlə insanın qətlinə görə məsuliyyət daşımalı olan keçmiş Ermənistan prezidenti Robert Köçəryan AŞPA-nın plenar sessiyasında ayaq üstə alqışlarla qarşılandı. Avropa qanunlarına görə qatı cinayətkar hesab edilməli olan Robert Köçəryan plenar iclasda Azərbaycan torpaqlarının işğalında şəxsən iştirak etməsi ilə qürur duyduğunu dilə gətirdi. Bütün bunlar onu göstərir ki, AŞPA heç də təqdim olunduğu kimi bütün Avropa cəmiyyətinin ümumi maraqlarını qoruyan, Avropa xalqlarına münasibətdə ədalətin təmin olunmasına çalışan bir siyasi qurum ola bilməyib. AŞPA tarixdə mövcud olmuş bütün imperialist ideyaların doğurduğu təzyiq və təhdid aləti olmaqdan uzağa getməyib.

Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən ulu öndər Heydər Əliyevin təməlini qoyduğu milli dövlətçilik prinsiplərinə uyğun xarici siyasət yürüdür. Məhz bu səbəbdən yanvarın 24-də Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldi. Azərbaycanlı deputatlar verdikləri qərarı qurumda irəli sürülən qətnamənin ölkəmizə qarşı qarayaxma kampaniyası olması ilə əlaqələndiriblər. AŞPA ilə münasibətlərdə heç bir qərar Azərbaycan dövləti, xalqı üçün kədərli bir hadisə olmayacaq. Əksinə, bu qərar bir daha cəmiyyətimizin milli dövlətçilik maraqlarımız ətrafında daha sıx birləşməsinə təkan verəcək.

Aiza ŞABANOVA,

"Respublika".