Ölkəmiz ədalətli sülhün tərəfdarıdır
Siyasət

Ölkəmiz ədalətli sülhün tərəfdarıdır

"Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda keçirilən "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bildirib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan bir milyon azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti yürüdüb, onları Qarabağdan və digər yerlərdən qovub, xalqımıza əzab-əziyyət verib.

Ümumiyyətlə, Prezident İlham Əliyevin tarixi faktlara, sənədlərə istinadən beynəlxalq tribunalardan səsləndirdiyi Azərbaycan həqiqətləri ilə ermənilərin əsrlər boyu dünyaya yaydıqları tarixi yalanları iflasa uğramaqdadır. Bu həqiqətlər sırasında son iki əsrdə Cənubi Qafqazda yeridilən erməniləşdirmə siyasəti nəticəsində bölgəyə və xalqlara gətirilən çoxlu bəlalar, münaqişə, müharibə, deportasiya və soyqırımları xüsusi yer tutur. Qarabağ münaqişəsinin həlli məsələsi daim dövlət siyasətinin mərkəzində olub. Azərbaycan illər ərzində bir dəfə də olsun bu prinsipial mövqeyindən geri çəkilməyib.

Prezident İlham Əliyev beynəlxalq tribunalardan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri ilə yanaşı, mövcud hüquqi sənədlərə istinad edərək Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyini bəyan edib. Bu istiqamətdə Ermənistanın işğalçı siyasətinə son qoyulması, münaqişənin sülh yolu ilə həllinə dair bütün mümkün güzəştlər nəzərdən keçirilib. Lakin ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərinin qətiyyətsizliyi, cəzasızlıq mühitində işğalçının arxayınlaşması, Nikol Paşinyanın ziddiyyətli bəyanatları, Ermənistan ordusunun sərhəddə və ozamankı təmas xəttində ardıcıl təxribatları münaqişə ilə bağlı 30 il ərzində məqsədli şəkildə qorunub saxlanan status-kvonu dəyişmək zərurəti yaratdı. Azərbaycan Prezidentinin beynəlxalq tribunalarda etdiyi çıxışlar 2020-ci ildə 44 günlük Vətən müharibəsində real tarixi Zəfərlə nəticələndi. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan ordusunun əzmi, gücü, hərbi üstünlük və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olundu.

Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsi ilə regionda yeni reallıqlar yarandı. Ölkəmiz proseslərə humanist yanaşaraq Ermənistan tərəfinə sülh təklif etdi. Beləliklə, postmünaqişə dönəmində Azərbaycanın həyata keçirdiyi məqsədyönlü və davamlı işlər nəticə etibarilə onun düzgün yolda olduğunun göstəricisidir.

Azərbaycan regiona uzunmüddətli sülhü gətirmək və ermənilərin 30 il ərzində talan edib dağıtdıqları, viran qoyduqları əraziləri yenidən cənnətə çevirmək istəyir. Müharibə bitib, lakin erməni təxribatları bitmir. Ermənistan istəsə də, istəməsə də rəsmi Bakının təklif etdiyi şərtlər əsasında sülh müqaviləsini imzalayacaq. Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsinin imzalanmasına hazır olmalıdırlar. Bir mühüm məqamı da xüsusi qeyd edək ki, Azərbaycan dövləti Ermənistana sülh müqaviləsini təklif etdiyi gündən bu bəyanatı səsləndirdi ki, sülh təklifi uzun müddət masa üzərində olmayacaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşünün yekunları ilə bağlı mətbuat konfransında bildirib ki, tərəflərin mövqelərinin yaxınlaşması üçün hər şey edilməlidir. O, Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərinin hüquqi sənəd üçün zəmin yaradacağını qeyd edib.

Azərbaycanın tarixi Zəfərimizdən sonra beynəlxalq münasibətlər sistemində artan rolu göz qabağındadır. Etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirən ölkəmizin uğurlarında ədaləti və beynəlxalq hüququ müdafiə etməsi, bütün münaqişəli məsələlərin məhz bu prinsiplər əsasında həll olunmasına çağırışlar dayanır. Dövlətimizin siyasəti çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulmasına və yeni prioritetlər üzrə inkişaf etdirilməsinə xidmət edir. Bu reallıq da inkaredilməzdir ki, Azərbaycan dünyada sabitlik, əmin-amanlıq, təhlükəsizlik məkanı kimi tanınır və nüfuz qazanır. Ölkəmizin iqtisadi, siyasi, diplomatik mərkəzə çevrilməsində də bu kimi amillər əhəmiyyətli rol oynayır. Qarabağ münaqişəsi tarixə qovuşub. Danışıqlar masasında hər hansı statusdan söhbət getmir və Qarabağ ermənilərinə heç bir status verilməyəcək. Onlar da digər Azərbaycan vətəndaşları kimi qanunlarımız çərçivəsində yaşamalıdırlar. Söhbət Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyindən getdiyi məqamda dövlətimiz bu məqamı açıqlayır ki, erməni əsilli Azərbaycan vətəndaşlarının hüquqları və təhlükəsizliyi Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Münasibətlərdə yeni səhifənin açılması Ermənistanın sülh danışıqlarına başlaması istiqamətində atacağı addıma bağlıdır. Prinsip etibarilə Ermənistanın yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur.

"Mən Latviya Prezidentini Cənubi Qafqazda vəziyyətlə, xüsusən də Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı məlumatlandırdım. Ümid edirik ki, Ermənistan sülh sazişi təklifi ilə bağlı şərhlərimizə müsbət cavab verəcək". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatında bildirib. Dövlət başçısı qeyd edib ki, biz bir az öncə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan təklifimizi verdik. Sonra Ermənistandan şərhləri aldıq və bununla bağlı öz şərhlərimizi göndərdik.

Mustafa KAMAL,

"Respublika".