Azərbaycan absurd təkliflərin müzakirəsinə yol verməyəcək
Siyasət

Azərbaycan absurd təkliflərin müzakirəsinə yol verməyəcək

Ermənistanın Azərbaycana təqdim etdiyi təkliflərdə iki məqam var ki, bunlar xüsusilə diqqət çəkir. Birincisi, silahlara qarşılıqlı şəkildə nəzarət mexanizminin qurulması, ikincisi, sülh sazişinin imzalanması gecikəcəyi təqdirdə, bir-birinə hücum etməmək haqda paktın əldə olunmasıdır.

Düşünürəm ki, Paşinyanın "silahlara qarşılıqlı şəkildə nəzarət mexanizminin qurulması" təklifi Ermənistan tərəfindən atılan növbəti bir siyasi gedişdir. İkinci məqam haqqında onu deyə bilərəm ki, Ermənistan beynəlxalq platformalarda cidd-cəhdlə belə bir yalan fikirlər irəli sürür ki, guya Zəngəzur dəhlizi sülh yolu ilə açılmasa Azərbaycan birmənalı şəkildə onu hərbi yolla əldə edəcək. Ona görə də "bir-birinə hücum etməmək haqda paktın imzalanması" Zəngəzur dəhlizi ilə bağlı yanaşmadır. Bu da özlüyündə absurd bir məsələdir. Məhz buna görə də qarşı tərəfdən belə bir "ideya" ortaya atılıb.

Problem təkcə bununla da bitmir. Onlar "güzgü prinsipilə qoşunların sərhəddən geri çəkilməsi"nin üzərində də israrla dayanırlar. Lakin erməni rəsmiləri unudurlar ki, əgər sərhəd yoxdursa bu, qeyri-mümkündür. Qoşunlar geri çəkilsə mütləq şəkildə həmin zonaya kimlərsə nəzarət etməlidir. Ermənistan çalışacaq ki, müşahidəçi qismində qərbdən gətirdikləri kəşfiyyatçılar həmin əraziyə nəzarət etsinlər. Yəni bunların hamısı sülh müqaviləsini uzatmaq və status-kvonu saxlamaq üçün atılan addımlardır. Əgər həqiqətən də Ermənistan sülhün bərqərar olunmasını istəsəydi bu cür absurd təklifləri ortaya atmazdı. Əsas məqam ondan ibarətdir ki, Azərbaycan bunların hamısını yüksək şəkildə təhlil edir. Nikol Paşinyanın sülh müqaviləsi haqqında səsləndirdiyi fikirlər, onun müstəqil fikri deyil, havadarlarının diktəsi ilə aparılan siyasətdir. Və Azərbaycan da buna adekvat olaraq cavab verir. Hər hansı bir absurd təkliflərin müzakirəsinə yol verilməyəcəkdir. 

Arzu NAĞIYEV,

Milli Məclisin deputatı.