ABŞ-ın əsassız iddiaları və qərəzli hesabatı
Siyasət

ABŞ-ın əsassız iddiaları və qərəzli hesabatı

Dünyada elə ölkələr var ki, fövqəldövlət statusu daşımasına baxmayaraq, xarici siyasətində həm ciddi yanlışlıqlara yol verir, həm də beynəlxalq məsələlərə yanaşmalarında ikili standartlar nümayiş etdirirlər. Bu ölkələrdən biri də ABŞ-dır.

Son dövrlərdə Vaşinqtonun Azərbaycana qarşı münasibətini təhlil etsək görərik ki, ABŞ daha çox regiondakı vəziyyətə müdaxilə etmək niyyəti güdür. Ərazilərimizin 30 il müddətində işğal altında qalmasında ABŞ-ın Ermənistana yardımları da xüsusi rol oynayıb. Zaman-zaman qərəzli açıqlamaları ilə gündəmə gələn Vaşinqton bu dəfə də heç bir fakta əsaslanmayaraq Azərbaycanı din azadlığını ciddi şəkildə pozan ölkələr siyahısına salıb. Bununla bağlı bəyanat dövlət katibi Antoni Blinken tərəfindən səsləndirilib.

Siyahıya daxil edilən ölkələr arasında Əlcəzair, Mərkəzi Afrika Respublikası, Komor adaları və Vyetnam da yer alıb. Blinken qeyd edib ki, hökumətlər dini azlıqların icmalarına və ziyarətgahlarına hücumlara, fikirlərin dinc şəkildə ifadəsinə görə həbslərə, transmilli repressiyalara və dini icmalara qarşı zorakılıq çağırışlarına son qoymalıdırlar. Görünür, Ermənistan 30 il işğal altında saxladığı torpaqlarımızda müqəddəs ibadət yerlərimizi təhqir edərkən Blinken "fil qulağında yatmışdı". Yada salaq ki,  işğal dövründə İslam dininə aid olan bütün nümunələrimiz məhv edilib, məscidlərimiz vandalizmə məruz qalıb. Xalqımızın milli kimliyinin, mənəvi-əxlaqi dəyərlərinin və adət-ənənələrinin simvolu olan müqəddəs məkanlarda donuz saxlanması bunun əyani sübutudur. Vandal düşməndən fərqli olaraq Qarabağdakı erməni abidələri Azərbaycan tərəfindən qorunur. Lakin Ermənistan ərazisində xalqımıza məxsus 300-dən çox məscid, 500 qəbiristanlıq dağıdılıb. İrəvan, həmçinin 30 il işğal altında saxladığı ərazilərdə 700-dən çox Qafqaz Albaniyası memarlığına aid tarix və mədəniyyət abidələrinin divar yazılarını ya dəyişdirib, ya da uçurub. Ermənistanın paytaxtında yerləşən və Azərbaycana məxsus olan Göy Məscid isə beynəlxalq ictimaiyyətə fars məscidi kimi təqdim olunur. Bütün bunların fonunda ABŞ-ın mövqeyi, eləcə də Blinkenin qərəzli açıqlamaları Vaşinqtonun selektiv yanaşmasının bariz nümunəsidir.

Əlavə olaraq, Bakının mərkəzində belə hazırda erməni kilsəsi var. Qeyd etdiklərimizdən ABŞ rəsmilərinin verdiyi açıqlamaların heç bir fakta əsaslanmadığı məlum olur. Respublikamızda bütün dini konfessiyaların fəaliyyətinə geniş imkan və şərait yaradıldığı, həmçinin buna hər il dövlət büdcəsindən yardımlar ayrıldığı da hər kəsə məlumdur. Yeri gəlmişkən, ölkəmizdə dini etiqada dövlətin münasibəti "Dini etiqad azadlığı" haqqında qanunla tənzimlənir. Multikultural və tolerant dövlət kimi Azərbaycanda heç kim dini əqidəsinə görə təzyiqlə üzləşmir.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində işğaldan azad olunan ərazilərdə təsbit olunan tarixi-dini abidələrin ümumi sayı 403-dür. Həmin abidələrdən 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahdır. Qarabağ iqtisadi rayonu və onun ətrafında fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Görünür, rəsmi Vaşinqton "ayıq başla hazırlamadığı" hesabatında bu faktları qeyd etməyi "unudub". 

Sonda isə deyə bilərik ki, ABŞ qərəzli hesabatında yer alan ölkələrin siyahısına özünü də daxil etməlidir. Çünki bu gün ölkədaxili vəziyyət heç də ürəkaçan deyil. Vaşinqtonun bu sahədə ciddi problemlərlə üzləşdiyi mühüm faktlarla sübuta yetirilib. Təkcə 2021-ci ildə ABŞ-da yəhudi və müsəlmanlara qarşı dini dözümsüzlük zəminində törədilmiş 1005 cinayət faktı qeydə alınıb. 2022-ci ildə isə 6720 müsəlman dini ksenofobiyaya məruz qalıb. Hazırda ölkədə islamofobiya meyilləri getdikcə artır.

Nəzrin ELDARQIZI,

"Respublika".