O qatarın arxasınca baxdıq...
İqtisadiyyat

O qatarın arxasınca baxdıq...

1992 -ci ilin fevral ayından başlayaraq Ağdam şəhəri və ətraf kəndlər işğalçı erməni ordusu tərəfindən mütəmadi olaraq  atəşə tutulur, evlər dağılır, insanlar həlak olur, əhali səksəkə içində yaşayırdı. Novruz bayramı qabağı erməni silahlı birləşmələri havadarları ilə birlikdə Ağdamı yenidən şiddətli atəşə tutdular. Gecəni binamızın zirzəmisində keçirdik. Rəcəb Gözəlov küçəsindəki beşmərtəbəli binamız ermənilərin yaşadığı və quldur dəstələrinin yığnağı olan Xramort kəndi tərəfdən açıq-aydın göründüyü üçün daha çox həmin istiqaməti raketlərlə vururdular.

Artıq Ağdamda yaşamaq çox çətin olmuşdu, hər an güllələrə, mərmilərə tuş gəlirdik. İlaxır çərşənbədə binamızın dalda yerində bayram tonqalı yandırdıq, ətrafında səssiz-səmirsiz dayanmışdıq, alovun şirmayı dilləri bizi əzəli xoşbəxt günlərə qaytarmışdı. Qəfildən binamızın düz qarşısına mərmi düşdü, şaqqıltıdan qulaq tutulurdu, dərhal işıqlar söndürüldü, yenidən zirzəmidə şam işığında səhərin açılmasını gözlədik. Artıq ailə-uşağın şəhərdə yaşaması mümkün deyildi, onları dəmiryol vağzalından Bakıya yola salırdıq. Bir vaxtlar səsli-küylü vağzal kədərə, qadınların, uşaqların lal baxışlarına bürünmüşdü, heç kəs bir-birindən ayrılmaq istəmirdi, fəqət düşmən mərmiləri şəhəri sözün əsl mənasında şumladığı üçün təhlükə başımızın üstünü kəsdirmişdi. Ölümdən qaçsaq da, xatirələrdən qaçmaq mümkün olmadı. Qatar yola düşdü, onun Ağdamdan təhlükəsiz ayrılması da sual altında idi, ermənilər qatarı uzaqmənzilli raketlə vura bilərdilər. Həmin anda keçirdiyim hissləri sözə çevirmək mümkün deyil, o qatarın arxasınca xeyli baxdım, elə bil qatar Ağdamın xoşbəxt günlərini, insanların sevincini, ümidini, arzularını yığıb aparırdı. Arxada isə dağılan şəhər, zirzəmilərdə yaşayan insanlar, əsgərlər, polislər, yanğınsöndürənlər, rabitəçilər, jurnalistlər qalmışdı və bir də üç Şəhidlər Xiyabanı. Bir neçə aydan sonra Ağdam işğala məruz qaldı.

Ağdam həm iri kənd təsərrüfatı, həm də böyük sənaye rayonu olub. Rayondakı zavodlarda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları və s. istehsal olunurdu. Traktor və avtomobil təmiri, asfalt, konserv, yağ - pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları emalı ilə bağlı müəssisələr fəaliyyət göstərirdi. Həmçinin 39 tikinti təşkilatı, 29 kənd təsərrüfatı müəssisəsi, 27 sənaye müəssisəsi, 13 kolxoz və 12 sovxoz, taxıl məhsulları kombinatı, şərab zavodları, xidmət müəssisələri olub. Təkcə şəhər ətrafındakı dəzgahqayırma zavodunda 950 nəfər çalışırdı və bu zavodun məhsulları keçmiş SSRİ-nin 125 şəhərinə göndərilirdi. Rayonda iki dəmir yolu, sərnişin və yük vağzalı, aeroport, avtomobillərə texniki xidmət stansiyaları, məişət-xidməti kombinatı, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi müəssisəsi mövcud idi. Bundan başqa, 1979-cu ildə Ağdam-Xankəndi dəmir yolu inşa olundu. Bu layihə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirildi. Keçmiş Dağlıq Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən ulu öndər bölgəyə dəmir yolu xəttinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı-Yevlax-Xankəndi dəmir yolunun istifadəyə verilməsi nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətləndi, Qarabağın dağlıq hissəsinin Bakı ilə əlaqələri daha da möhkəmləndi. Ağdamın Ermənistan tərəfindən işğalı nə qədər ağır faciələr və humanitar böhran yaratsa da, rayonun işğal altında olmayan 44 yaşayış məntəqəsində müxtəlif Dövlət proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb, kəndlərin görkəmi dəyişib, yollar çəkilib. Quzanlı qəsəbəsində Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Mərkəzi Rayon Xəstəxanası və digər sosialyönümlü obyektlər tikilib, Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunub, xalçaçılıq müəssisəsi yaradılıb. 6600-dən çox məcburi köçkün ailəsi üçün salınmış 18 yeni qəsəbədə 18 ümumtəhsil və 3 musiqi məktəbi, 12 tibb və 10 məktəbəqədər təhsil müəssisəsi inşa edilib, qaz, elektrik, içməli su xətləri çəkilib, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, digər mühüm layihələr həyata keçirilib.

Xatırladaq ki, rayonun 27 il ərzində işğal altında saxlanılmış ərazilərində, Ağdam şəhəri də daxil olmaqla bütün yaşayış məntəqələri, o cümlədən həyati vacib təsərrüfat sahələri, yaşayış evləri tamamilə dağıdılıb, ətraf mühitə, tarixi mədəniyyət və dini abidələrə ciddi ziyan vurulub. Hazırda Ağdam şəhəri yenidən qurulur, rayonun bütün infrastrukturu, tarixi-dini abidələr bərpa edilir, 100 min nəfər insanın yaşayacağı modern şəhər salınır. Ağdamda dəmir yolu və avtovağzal kompleksinin 2024-cü ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur. Ağdamın kəndlərində və bir neçə yaşayış məntəqəsində  artıq torpaq işlərinə başlanılıb və bu yaxınlarda Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində evlərin tikintisi aparılacaq. Digər kəndlər isə layihələndirmə prosesindədir.

Dövlət başçısı İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən Bərdə-Ağdam dəmiryol xətti çəkilir. Uzunluğu 47,1 kilometr (yan yolları ilə birlikdə 57 kilometr) olan bu dəmir yolu təkxətlidir. Yol boyunca Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyaları fəaliyyət göstərəcək. Dəmir yolunun üzərində 3 körpü inşa olunur. Dəmir yolu xəttinin layihələndirilməsi işləri 90 faiz yerinə yetirilib, Ağdam vağzalının təməli qoyulub və tikinti işləri aparılır. Qeyd edək ki, Ağdam şəhər dəmir yolu və avtovağzal kompleksi vahid nəqliyyat qovşağı kimi dizayn olunub. Bu da sərnişinlərin rahat hərəkətinə geniş imkan yaradacaq. Milli memarlıq üslubunda inşa olunacaq kompleksin binasında şüşə elementlər üstünlük təşkil edəcək. Avtovağzalda ilkin mərhələdə şəhərlərarası (rayonlararası) 10 müntəzəm avtobus marşrutlarının olması nəzərdə tutulur. Dəmir yolu vağzalında gündəlik 1000, avtovağzalda isə 1500 nəfərədək sərnişin qəbul ediləcək.

Bu gün ağdamlılar sevinclə bildirirlər ki, hər birimiz qürur hissi keçiririk, ordumuzla, Ali Baş Komandanla  fəxr edirik. Haqq savaşımız, haqq yolumuz uğurla davam edir. Bir əli silahda, bir əli torpaqda olan ağdamlılar Birinci və İkinci Qarabağ müharibəsində Ermənistana və bütün erməniliyə  qarşı qəhrəmanlıqla döyüşüblər, indi isə doğma şəhərin tikintilərində çalışırlar. Vaxtilə qadınları, uşaqları təhlükədən xilas edərək  aparan, polad relslərindən, doğma vağzalından ayrı düşən, arxasınca kədərlə baxdığımız o qatar düz 31 ildən sonra sevinclə, arzularla, yeni Ağdama qayıdacaq, işğal ərəfəsində 5-6 yaşında olan övladlarımızı aparan qatar indi nəvələrimizi doğma şəhərə qaytaracaq...

Salman ALIOĞLU,

"Respublika".