O dağlarda izim qaldı
Digər xəbərlər

O dağlarda izim qaldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev real tarixi həqiqətlərə, ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etmişdir ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin onlara verdiyi İrəvan və ətrafını əhatə edən Azərbaycan torpaqlarında bir dəfə özlərinə dövlət yaratmışlar. Azərbaycan öz ərazisində təcavüzkar Ermənistana ikinci erməni dövləti yaratmağa imkan verməyəcəkdir. Ölkə başçısının tövsiyə və tapşırıqları əsasında tədqiqatçılarımız bu istiqamətdə məqsədyönlü iş aparır, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının erməni vandallarına verilməsi ilə bağlı bir sıra yeni sənədlər və maraqlı faktlar aşkar olunmuşdur.

Həmin sənədlər sübut edir ki, erməni tərəfi Batum danışıqları və müqavilələrinə (11 may-4 iyun 1918-ci il) əsasən Qərbi Azərbaycan ərazilərinin onlara verilməsi müqabilində üzərinə bir sıra öhdəliklər götürmüşdü. Lakin ermənilər (haylar) məqsədlərinə nail olduqdan sonra üzərlərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozmuş, işğalçılıq siyasətini davam etdirmişlər. Beləliklə, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi barədə həm Batum müqaviləsinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirmişdir.

XIX əsrdə Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən Çar Rusiyası tərəfindən İrandan və Osmanlı Türkiyəsindən Cənubi Qafqaza köçürülüb gətirilmiş və əsasən, Azərbaycan torpaqlarında yerləşdirilmiş, ermənilərin isə dövlət yaratmaq üçün əraziləri yox idi. Beləliklə, Cənubi Qafqaz ərazisində erməni dövləti ancaq bu regionun yerli xalqları olan azərbaycanlıların və gürcülərin torpaqları hesabına yaradıla bilərdi.

Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisi bütöv Azərbaycanın tarixinə görə ən qədim, coğrafi-siyasi mövqeyinə görə ən strateji, təbiətinə görə zəngin bölgələrindən biridir.

Erməni ziyalıları türk-Azərbaycan mənşəli soyadlarında bir-iki hərfi dəyişməklə sözlərin quruluşunu mürəkkəbləşdirmiş, onları erməni qəlibinə salmışlar.

Erməni daşnakları XX əsrin ayrı-ayrı illərində Qərbi Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı analoqu olmayan qırğınlar törətmiş, kənd və qəsəbələrimizi xarabalığa çevirmiş, hər vasitə ilə öz məkrli niyyətlərini reallaşdırmağa çalşmışlar.

1905-1907, 1918-ci illərdə haylar Qərbi Azərbaycanda insanlara qarşı hansı vəhşilikləri törətməmişlər?

Ermənilərin Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycan ərazisindəki tarixi türk abidələrinə sahib çıxması da XIX yüzillikdə geniş vüsət almışdır. Bununla kifayətlənməyən haylar özününküləşdirə bilmədikləri türk abidələrini yerlə-yeksan edir, izini itirməyə çalışırdılar. Buna görə də bütün orta yüz illər tarixi mənbələrində "məscid və minarələr şəhəri" kimi qeydə alınan İrəvan şəhərində bu gün yalnız bir məscid qalmışdır ki, onu da ermənilər dünya ictimaiyyətinə fars məscidi kimi təqdim edirlər. Rusların 25 illik fasiləsiz hücumlarına mətanətlə sinə gərən məşhur İrəvan qalasının bu gün izi-tozu yoxdur. Bütün Avropa səyyahlarını heyrət içində qoyan möhtəşəm Sərdar sarayının, Güzgülü salonu artıq bir nağıldır.

1832-ci ildə İ.Şopen İrəvan şəhərində 12 məscid qeydə almışdı.

Mən Qərbi Azərbaycanın atlas geyimli dağlarında, romantik mənzərəli Amasiya rayonunun Balıqlı kəndində dünyaya göz açmışam. Yaşlı nəslin nümayəndələrindən Amasiyanın tarixi haqqında geniş söhbətlər eşitmişəm. Yaxşı bilirəm ki, ermənilər zaman-zaman amasiyalıların başına olmazın müsibətlərini gətirmişlər.

Amasiya rayonunda 1 şəhər tipli qəsəbə var idi. Rayon Arpa çayının sağ sahilində, Gümrü şəhərindən 18 kilometr şərq-qərbdə yerləşirdi. İqlimi soyuq, yağmuru 500-600 millimetr olardı. Əvvəllər əhalisi tam türklər olub, sonra hayların buraya köçürülməsi prosesi başlanıb. 1918-1920-ci illərdə Amasiyanın türk əhalisi erməni daşnaklarının hücumlarına məruz qalıb və xeyli itki olub, sağ qalanlar isə təhlükəsiz ərazilərə sığınmağa məcbur olub. Qərbi Azərbaycanda (Ermənistanda) Sovet hakimiyyəti qurulduqdan bir az sonra, 1922-ci ildə amasiyalıların bir hissəsi yenidən doğma yurdlarına qayıtmışlar.

Amasiyalılar 30-cu illərdə dağıntıları bərpa etmiş, rayon ərazisində kolxozlar qurulmuş, ibtidai və yeddiillik məktəblər açılmış, klublar, kitabxanalar, xəstəxanalar və tibb məntəqələri fəaliyyətə başlamışdır.

Çox keçmədən ermənilər fəallaşaraq, yenidən amasiyalılara qarşı xəyanət toru hazırladılar. Minlərlə qeyrətli, savadlı, mərd amasiyalı repressiya qurbanı oldu. Əhalinin bir hissəsi troyka (üçlük) tərəfindən güllələndi, bir hissəsi isə Sibirə, Qazaxıstana və başqa bölgələrə sürgün olundu. İkinci Dünya müharibəsi zamanı (1939-1945) rayonun türk (azərbaycanlı) əhalisindən 1767 nəfər cəbhəyə getmiş, onlardan 889 nəfəri həlak olmuşdur.

50-ci illərdən, xüsusilə də 1965-ci ildən sonra Ermənistan SSR-in başqa bölgələrində olduğu kimi, Amasiya rayonunda da türk kadrlarına qarşı ayrı-seçkilik siyasəti yeridilməyə başlandı. Rayonda işləyən milli kadrlar ermənilərlə (haylarla) əvəz edildi.

1988-ci ildə "əzabkeş" ermənilər yenidənqurmanın qanadları altına sığınaraq Azərbaycan xalqına qarşı mənfur daşnak siyasətinin ən qəddar variantını həyata keçirməli oldu. Həmin ilin fevralından noyabr ayına qədər Ermənistandakı azərbaycanlılar çox böyük amansızlıqla üzləşdi. Nəhayət, azərbaycanlılar sonuncu nəfərə qədər yaşadıqları ata-baba yurdlarını tərk etdilər. Deportasiya amasiyalılardan da yan keçmədi. Soydaşlarımız zülm, işgəncə ilə Ağbaba mahalından qovuldu. Ermənipərəst Qorbaçov bu xəyanət torunu hazırlayanlardan biri oldu.

Prezident İlham Əliyevin 2022-ci il 24 dekabrda özünün doğum günündə Qərbi Azərbaycan ziyalıları ilə görüşü oldu. Ölkə rəhbəri bir daha dünyanın diqqətinə çatdırdı ki, XX əsrdə Sovet imperiyasının əli ilə qədim Azərbaycan torpaqlarında yaradılmış Ermənistan dövlətində 100 minlərlə soydaşımızın haqqı tapdalanmış, həmyerlilərimizə qarşı ədalətsizliklər, zorakılıqlar edilmiş və əsrin sonunda ata-baba torpaqlarından tamamilə qovulmuşlar.

Artıq 35 ildir ki, Qərbi azərbaycanlılar, o cümlədən amasiyalılar yurd, Vətən həsrəti ilə yaşayır. 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra əsas hədəfimiz Qərbi Azərbaycana qayıdışdır. Hazırda bu məqsədlə Qərbi Azərbaycan İcmasında məqsədyönlü iş aparılır.

Amasiyada qəribsəmiş yurd yerlərində izimiz qalıb. Əminəm ki, günlərin bir günündə Arpa çayının nəğməli sahillərində yenidən çal-çağırlı günlərimiz başlayacaq, köç karvanları geri dönəcəkdir...

Cümşüd HÜSEYNOV,

təqaüdçü.