Nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələr uğurla inkişaf etdirilir
Siyasət

Nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələr uğurla inkişaf etdirilir

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq aləmə inteqrasiya yolu seçərək qlobal siyasi proseslərə əsaslı təsir imkanları olan aparıcı təşkilatlarla əməkdaşlığa başladı. Ölkəmizin Birləşmiş Millətlər Təşkilatı ilə münasibətləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Ümummilli liderimiz Heydər Əliyevin 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə ölkəmizlə qurum arasında səmərəli tərəfdaşlığın əsası qoyuldu. Müstəqilliyinin bərpasından təxminən üç ay sonra, 1992-ci il martın 2-də Azərbaycan bu nüfuzlu təşkilata üzv qəbul olundu. BMT-nin Nyu-Yorkdakı qərargahının qarşısında dövlət bayrağımız qaldırıldı, mayın 6-dan isə təşkilat yanında ölkəmizin daimi nümayəndəliyi fəaliyyətə başladı.

Nizamnaməsinə və üzvlərinin sayına görə dünyanın ən böyük təşkilatı olan BMT-nin əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq, möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Bu  nüfuzlu təşkilatın məqsədlərinə beynəlxalq miqyasda sülhün,  təhlükəsizliyin qorunması, ölkələr arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi, iqtisadi, sosial, mədəni, humanitar xarakterli beynəlxalq problemlərin həlli istiqamətində əməkdaşlığın həyata keçirilməsi, insan hüquqları və əsas azadlıqlara hörmətin təşviq edilməsi daxildir. Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasət kursunun əsas prinsipləri də qurumun məqsədləri ilə üst-üstə düşür. Buna görə də, ölkəmizin BMT-də təmsilçiliyi 31 ildir uğurla davam edir.

Azərbaycan mötəbər tribunalardan dövlət müstəqilliyinin siyasi-hüquqi təminatını gücləndirmək, eləcə də beynəlxalq səviyyədə maraq və mənafelərini müdafiə etmək üçün istifadə edir. İlk gündən etibarən rəsmi Bakı BMT-nin ali kürsüsündən dünya ictimaiyyətinin diqqətini Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasətinə çəkməyə çalışıb. Bunun nəticəsində 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan - Azərbaycan münaqişəsinə dair 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. Bu sənədlərdə Azərbaycanın ərazi bütövlüyü təsdiq olunaraq hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması tələb olunub. BMT Baş Assambleyası Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsindən, qaçqın və məcburi köçkünlərin sayının 1 milyonu keçməsindən narahatlığını bildirərək 1993-cü ildə - 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" qətnamə də qəbul edib. Ümumilikdə, 1992-1996-cı illərdə BMT Təhlükəsizlik Şurasının sədri və BMT Baş katibi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təsdiqləyən bir sıra bəyanatlar yayıb. 1996-cı ildə BMT Baş Assambleyası qəbul etdiyi "BMT və ATƏT arasında əməkdaşlıq haqqında" qətnaməsində Azərbaycanın ərazi bütövlüyünü yenidən təsdiqləyib. Lakin həmin tələblər uzun illər ərzində kağız üzərində qaldığından Azərbaycan öz haqqını özü bərpa etməyə məcbur oldu. Azərbaycan 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı qələbə qazanaraq işğalçı Ermənistanı kapitulyasiyaya qol çəkdirdi və tarixi ədalətin bərpasına nail oldu. Beləliklə, BMT-nin üç onillik ərzində yerinə yetirilməyən qətnamələrinin icrasını təkbaşına təmin etdi.

Uzun müddət dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən, habelə beynəlxalq təhlükəsizlik sisteminin formalaşmasını təmin edən BMT-nin hazırkı durumu - cərəyan edən qlobal proseslərə təsir imkanlarının məhdudluğu, qətnamələrini icra edə bilməməsi təşkilata üzv dövlətlərin böyük əksəriyyətində ciddi narahatlıq doğurur. Bu, əsasən qərarların həyata keçirilməsi mexanizmlərinin müasir tələblərə cavab verməməsi ilə bağlıdır. Belə ki, qurumun qərarlar qəbul etməsi Təhlükəsizlik Şurasının 15 daimi üzvünün konsensusa gəlməsindən asılıdır ki, bu da təşkilatın dinamik fəaliyyətinə mane olur.

Rəsmi Bakı BMT-nin XXI əsrdə təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün təşkilat daxilində islahatlar aparılması ideyasını dəstəkləsə də, Azərbaycan hazırda gündəliyində duran əsas məsələlərlə  bağlı BMT ilə əməkdaşlığa böyük önəm verir. İndiyədək respublikamız  işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin görülməsi, məcburi köçkünlərin geri qaytarılması və digər məsələlərlə bağlı BMT-nin müvafiq təsisatları ilə müəyyən təmaslar qurub. O cümlədən Birləşmiş Millətlər Təşkilatı işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində ölkəmizə öz dəstəyini göstərir. Bu səbəbdən də, Azərbaycan BMT-nin bir çox qurum və orqanları ilə fəal əməkdaşlıq edir. Bu sırada BMT-nin İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarlığı, Uşaq Fondu, Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və digər qurumları göstərmək olar. Son illərdə Azərbaycan BMT çərçivəsində terrorizmə qarşı aparılan mübarizəyə də fəal dəstək verir. Respublikamız BMT Təhlükəsizlik Şurasının Terrorizmə qarşı Mübarizə Komitəsi ilə yaxından əməkdaşlıq edərək həmin quruma Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim edir.

 Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində də BMT çərçivəsində pandemiyaya qarşı mübarizədə qlobal təşəbbüskar kimi çıxış edir. Dünyanın 120 ölkəsini özündə birləşdirən mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Bu prosesdə Prezident İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi də mühüm rol oynayır. Ölkəmiz pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən biri olub. Koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərilib. Dünya Səhiyyə Təşkilatına ayrılan 10 milyon dolların 5 milyonunu pandemiyadan ən çox zərərçəkən Qoşulmama Hərəkatı üzvləri arasında paylanıb. Eyni zamanda, "peyvənd millətçiliyi"nə qarşı uğurla mübarizə aparılıb. Bütün bu işlər onu göstərir ki, Azərbaycanın təşkilata sədrliyi dövründə görülən işlər effektli olub və ölkəmizin nüfuzunu daha da artırıb. Bunun nəticəsidir ki, hazırda Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunan zirvə görüşü Bakıda baş tutur.

Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycan 30 illik əməkdaşlıq dövründə BMT-nin məsuliyyətli üzvü kimi etimad qazanıb. Ölkəmiz ali qurumun Nizamnaməsində əksini tapmış məqsəd və prinsiplərə hər zaman töhfə verir. Azərbaycan beynəlxalq sülhyaratma missiyasında hər zaman fəallığı ilə seçilir. Ulu öndər Heydər Əliyevin BMT ilə qurduğu münasibətlər bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.

Jalə QASIMZADƏ,

"Respublika".