NOVRUZ GƏLİR, YAZ GƏLİR
Bölgələr

NOVRUZ GƏLİR, YAZ GƏLİR

Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin qarşısında əsl bayram ovqatı yaşandı. Meydan Novruz atributları ilə bəzədilmişdi. Stolların üzərində səmənilər, şirniyyatlar, Lənkəran mətbəxinin təamları düzülmüşdü. Rayonun mədəniyyət kollektivlərinin əl işlərindən, xalq sənəti nümunələrindən, Lənkəran şəhər uşaq rəssamlıq məktəbinin şagirdlərinin rəsmlərindən ibarət sərgi diqqəti cəlb edirdi.

Rayonun mədəniyyət işçilərinin təşkil etdiyi Novruz şənliyində ölkəmizin azadlığı, ərazi bütövlüyü, suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmış igidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva əvvəlki illərdən fərqli olaraq bahar bayramının yurdumuzun bütün guşələrində keçirildiyini, lənkəranlıların əsl bayram sevinci yaşadıqlarını bildirdi. Hər bir ailəyə səadət, xoşbəxtlik, firavanlıq arzuladı.

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov qədim tarixi köklərə malik Novruzun mədəni irsimizdə mühüm yer tutduğunu, xalqımızın əsrlər boyu Novruz ənənələrini layiqincə yaşatdığını diqqətə çatdırdı. Yaz ətirli bayramın şanlı qələbəmizin, parlaq zəfərimizin yaratdığı böyük sevinc, yüksək əhvali-ruhiyyə ilə qeyd olunduğunu vurğulayaraq tədbir iştirakçılarına səmimi, xoş arzularını söylədi.

İstedadlı müğənni Miriş Hüseynovun, tanınmış muğam ifaçısı İmanverdi Ağayevin, müğənnilərdən Mətanət Babayeva, Rəhim Hüseynov, Elgün Əlizadə və Cəfər Səlimovun ifasında şən, oynaq mahnılar səsləndi. Kosa və Keçəlin yumorları, "Nənələr", "Babalar" folklor, "Ay lolo", "Kinəlim" rəqs qruplarının bir-birindən maraqlı çıxışları alqışlarla qarşılandı.

Əlisəfa HƏSƏNOV,

"Respublika".