NÖVBƏTI DƏVƏT OLMAYACAQ
Digər xəbərlər

NÖVBƏTI DƏVƏT OLMAYACAQ

Azərbaycan tərəfinin sülh və sabitlik üçün göstərdiyi səylərə baxmayaraq, Ermənistan öz təxribatçı mövqeyindən əl çəkmir. Sərhəddə atəşkəsi pozmağa davam edən separatçıların provokasiyaları bitmir. Əməllərinin girdabında boğulan ermənilər gah arxasını Rusiyaya çevirərək Qərb ölkələrinin qapılarında gəzir, gah da Makrona ümid bəsləyir. Fransa isə Ermənistandan Cənubi Qafqazda siyasi üstünlük qazanmaq üçün istifadə etmək niyyətindədir. Bölgənin zəngin təbii sərvətləri, neft və qaz ehtiyatları rəsmi Parisin diqqətini çəkir. Ermənistan hakimiyyətinin siyasi ideologiyası ikiüzlülük, müttəfiqə xəyanət, qonşunun torpaqlarına iddia, təxribat və sair kimi əməllərdən ibarətdir.

İyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılışında Prezident İlham Əliyev deyib: "Biz təşəbbüs göstərdik, mən Qarabağ ermənilərinin nümayəndələri ilə təmasla məşğul olmaq üçün xüsusi nümayəndə təyin etdim və bu təmasların qurulması məqsədilə o, Qarabağa göndərildi. Birinci görüş məhz orada, Xocalı qəsəbəsində Rusiya sülhməramlı kontingentinin bazasında oldu. Bundan sonra biz Qarabağ ermənilərinin nümayəndələrini dialoqu davam etdirmək üçün Bakıya dəvət etdik. Lakin onlar imtina etdilər, həm də nümayişkaranə şəkildə. Müəyyən vaxtdan sonra biz onları yenidən dəvət etdik. Ola bilərdi ki, hansısa səhv olub, onların həqiqətən də bunu istəmədiklərinə əmin olmaq məsələsində yanlışlıq ola bilərdi. Yenə də imtina etdilər. Lakin mən onda dedim ki, üçüncü dəvət olmayacaq. İstəmirlərsə, demək, istəmirlər".

Azərbaycan dialoqa hazırdır və məsələnin həlli üçün təkliflər edir. Lakin Ermənistan bu mövzuda istəkli görünmür. Ölkəmizin barışıq cəhdlərinə baxmayaraq, ermənilər təxribatlarını davam etdirir və davamlı olaraq münaqişəni qızışdırırlar. Qızıl Aypara Cəmiyyətinin humanitar yardımına revanşist yanaşmaları, yolun Xankəndi istiqamətində aksiyalar keçirmələri bütün bunlar onların əsl mahiyyətini ortaya qoyur.

Bu yaxınlarda separatçı rejimin keçirdiyi qondarma seçki də növbəti təxribat cəhdindən başqa bir şey deyil. Lakin bir çox dövlət və beynəlxalq təşkilatlar bu məsələdə Azərbaycan tərəfindən çıxış edir. Qondarma "prezident seçkiləri"nin keçirilməsini beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulması, dünyada qəbuledilməz hal olan təcavüzkar separatizmin təzahürü kimi qiymətləndirirlər.

Bununla belə, Azərbaycan hər zaman olduğu kimi, reinteqrasiya prosesini sürətləndirmək üçün addımlar atır. Provokasiya niyyətlərini davam etdirən ermənilər isə humanist normaları kobud şəkildə pozmağa davam edir. Ölkə başçımız qətiyyətlə bildirir ki, Azərbaycan dövləti sülh istəyir. Ölkəmiz müharibə istəmir və Qarabağdakı ermənilərə təhlükəsizlik, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının qorunması ilə Azərbaycan cəmiyyətinin bir hissəsi kimi normal həyat yaşama təminatı verir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".