Növbədənkənar seçkilər dövlətimizin siyasi gücünü daha da artıracaq
Siyasət

Növbədənkənar seçkilər dövlətimizin siyasi gücünü daha da artıracaq

7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qərarı ilə İlham Əliyevin namizədliyi yenidən irəli sürülüb. Çünki son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası böyük inkişaf yolu keçərək dünya dövlətləri sırasında layiqli yer tuta bilib. 2003-cü ildə İlham Əliyev Prezident seçiləndə mən hər bir vətəndaşın prezidenti olacağam demişdi. Bu illərdə yürüdülən uğurlu siyasət və əldə olunan nəticələr ölkə başçımızın hər bir vətəndaşının prezidenti olduğunu təsdiq etdi.

Belə ki, son 20 ildə Azərbaycanın iqtisadiyyatı 4 dəfədən çox artdı. Dövlətin valyuta ehtiyatları 1,7 milyard dollardan 68 milyard dollara çatdı. Xarici dövlət borcumuz strateji valyuta ehtiyatlarından 7 dəfə, ÜDM-dən isə 10 dəfə aşağı düşdü. Bu illər ərzində iqtisadiyyata 310 milyard dollar sərmayə yatırıldı. Bu sərmayələrin 210 milyard dolları qeyri-neft sektoruna yönəldildi. Dövlət büdcə gəlirləri 20 dəfədən çox, sosialyönümlü xərclər 28 dəfə artırıldı. 2004-cü ildən həyata keçirilən regionların sosial iqtisadi inkişafına dair dörd Dövlət Proqramının uğurlu icrası sayəsində yeni mərhələ başlandı. 18 min kilometr avtomobil yolları, 3600-dən çox təhsil ocaqları, 760-dan çox səhiyyə müəssisələri yenidən tikildi və ya əsaslı təmir olundu. 50-yə yaxın Olimpiya İdman kompleksi istifadəyə verildi. İşsizlik 50 faizdən 5,5 faizə endirildi.

Azərbaycan regional və qlobal əhəmiyyətli beynəlxalq layihələrə imza atdı. Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizləri istifadəyə verildi. Bakı Beynəlxalq Ticarət Limanı yenidən tikildi. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsilə Azərbaycan Avropaya birləşdi. O cümlədən, Bakı-Tbilisi-Ceyhan əsas neft ixracı kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və nəhayət, Cənub Qaz Dəhlizi istifadəyə verildi. 2050-ci ilə qədər davam etdiriləcək "Yeni Əsrin Müqaviləsi" imzalandı. Azərbaycan açıq fəzaya öz süni peyklərini çıxarmaqla kosmik klubun üzvünə çevrildi. Vətənpərvər gənc nəsil yetişdirildi. Ölkədə milli həmrəylik ən yüksək səviyyəyə qalxdı. Ordunun müasirləşdirilməsi və gücləndirilməsinə nail olundu. İqtisadi və hərbi gücümüz sayəsində 30 il erməni işğalı altında olan torpaqlar azad edildi.

Bu gün Azərbaycanın bütün ərazilərində suverenlik tam bərpa olunub. Ölkəmiz dünyada beynəlxalq hüquqa hörmətlə yanaşan etibarlı tərəfdaş kimi özünü təsdiq edib. Ona görə də dünya birliyi beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsini dəstəkləyir. Dövlətimizin Avropa və İslam Həmrəyliyi Oyunlarına, Beynəlxalq Astronavtika Konqresinə və Qoşulmama Hərəkatı kimi böyük tədbirlərə uğurla evsahibliyi etməsi də bunun əyani sübutudur. Dünyada BMT-dən sonra ikinci təsisat olan Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi dövründə institusional islahatlar həyata keçirilərək Parlament və Gənclər Şəbəkələri yaradıldı. Dövlətimizin beynəlxalq siyasətə verdiyi töhfələrin göstəricisidir ki, Dubayda keçirilən konfransda COP 29-un evsahibliyinin Azərbaycana verilməsini dünya birliyi dəstəklədi.

Torpaqlarımız işğaldan azad olunduqdan sonra 3 ildə ermənilərin viran qoyduqları ərazilərə yenidən həyat qaytarılır. Avtomobil və dəmir yolları yenidən qurulur, beynəlxalq hava limanları istifadəyə verilir. 2022-2026-cı illəri əhatə edən Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla icra olunur. Şəhərlər və kəndlər yenidən ərsəyə gəlir və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. 2026-cı ilə qədər 140 min keçmiş məcburi köçkünün öz ata yurdlarına qayıtması planlaşdırılır.

Bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün inkişaf dövrünü yaşayır. Qarşıdan gələn növbədənkənar seçkilərə də Azərbaycanın güclü gələcəyinin namizədini irəli sürdük. Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti daha böyük uğurlara imza atacaq, vətəndaşların təhlükəsizliyi və rifahı da yüksələcək. 7 fevralda keçiriləcək növbədənkənar seçkilər dövlətimizin beynəlxalq siyasətdə gücünü daha da artıracaq.

Azər BADAMOV,

Milli Məclisin deputatı.